-
ABŞ-da Müdafiə Nazirliyi və hüquq-mühafizə orqanlarının istifadəsi üçün robotların istehsalı genişlənir.
Robot istehsalçısı Sean Bielat-ın Dallas Polisinin ötən həftə qətliam törədən silahlı şəxsi zərərsizləşdirmək üçün bombalı robotdan istifadə etməsinə münasibəti müsbətdir.
"Endeavor Robotics" şirkətinin baş icraçı direktoru olan Bielat deyir ki, "Robot məhz bu cür fövqəladə vəziyyətlərdə insanlara gərək olur. Dallasda da insan tələfatına, konkret olaraq polis əməkdaşlarının ölümünə yol verməmək üçün istifadə edilib..
"RE2 robotics" şirkətinin baş direktoru və Milli Müdafiə Sənayesi Assosiasiyasının rəhbəri Joergen Pedersen isə hesab edir ki, robotun öldürücü gücündən ən sonuncu çıxış yolu kimi istifadə olunmalıdır.
Dallas meri Mike Rawlings əməliyyata xeyir-dua verib. “Polis rəisinin iki çıxış yolu var idi və o bunu seçdi. Mən onu tamamilə dəstəklədim, çünki bu ən təhlükəsiz yol idi," deyə mer bildirib.
Dallasda silahlı şəxs 5 polisi öldürüb, daha 7 polis əməkdaşını isə yaralayıb. O bununla ABŞ-da qaradərililərə qarşı polis zorakılığına etiraz etdiyini bəyan edib.
Ancaq təbii ki, məsələnin etik tərəflərinə görə narahat olanlar da var.
Hərbi sahədə araşdırmalar genişləndikcə, robotların qiymətləri aşağı enir. Pentaqonun yürütdüyü siyasət, xüsusilə də onun 1033 proqramı sayəsində döyüş robotları ölkədaxili hüquq-mühafizə agentliklərində geniş istifadə olunmağa başlayacaq. Bu isə o deməkdir ki, Amerika küçələrində silahlı polis robotları görə biləcəyik. Ucuz və faydalı polis robotları hər yerdə olacaq.
Dallas polisinin istifadə etdiyi robot partlayıcı maddəni silahlı adama maksimum yaxınlaşdıraraq onu məhv edib. Bielat hesab edir ki, bu növ robotların gündəlik istifadəsi gözlənilmir. Çünki bu robotun bir ədədinin qiyməti 100 000 dollardan yuxarıdır. Ancaq o deyir ki, istehsal xərcləri azaldıqca, 3D çapının verdiyi imkanlar artdıqca hərbi robotlar ucuzlaşacaq və daha bacarıqlı olacaq.
“İndi əlimizdəki mobil telefonların kameralarındakı imkanlar PackBot robotu ilk dəfə yaradılanda onun kamerasınakı imkanlardan daha çoxdur," Bielat deyir.
Artıq Sean Bielatın şirkəti ordunu 4100 robotluq piyada birləşməsi ilə təchiz etmək üzərində işləyir. Bielat dəniz piyadalarının, hətta ola bilsin başqa hərbi birləşmələrin də bu proqrama qoşulacağını gözləyir.
Müştərilər öz vəzifələrinə uyğun olaraq robotların fərqli versiyalarını istəyə bilərlər. Bura məhvedici tapşırıqları yerinə yetirmək bacarığı da daxildir.
“Necə ki, indi hər bir polis maşınında noutbuk və kameralar var, eləcə də hər bir polis maşınında kiçik robot olacaq. Bəlkə onun üzərində elektroşok qurğusu ...da olacaq. Bəlkə gecə saxlanılmış bir motosikletçiyə yaxınlaşmaq istəməyən polisin yerinə robot ona yaxınlaşa bilər," Bielat izah edir.
“Robot vaxta qənaət etməyə və bir çox şeyləri məsafədən eləməyə imkan verir. Operator öz kürsüsündə oturaraq səsötürmə cihazı vasitəsilə saxlanılmış şəxsə "silahı yerə at" deyə, robot da elektroşok cihazından istifadə edə bilər" deyə o əlavə edir.
Bielat deyir ki, robotu silahlandırıb-silahlandırmamaq barədə qərarı da son nəticədə müştəri verir. Onun sözlərinə görə, müştəri işin gedişində robotdan istifadə etdikcə anlayacaq ki, ona hansı əlavə bacarıqların verilməsi işi asanlaşdıra və daha təhlükəsiz edə bilər.
Amerikada hər 61 saatda bir polis nəfəri ölür. Ancaq həm də hər gün üç nəfər polis tərəfindən öldürülür. Özünü daimi təhlükə altında hiss edən polisin də öz növbəsində fərdlərə xəsarət yetirmək ehtimalı artır.
Amerikada belə bir fikir var ki, polisin silahdan istifadə etməsi ehtimalını artıran amillərdən biri də əllərdə külli miqdarda qanuni silahın olmasıdır. Polis hətta xırda cinayətləri törədənləri də təqib edəndə ona qarşı silah işlədilməsi ehtimalının olmasını bilir.
Robotlar Amerikada cinayətkarlıq səviyyəsinin əsaslarına təsir göstərməyəcək, diskriminasiyanı, sosial-iqtisadi bərabərsizliyi aradan qaldırmayacaq. Amerika küçələrindən silahı yığışdırmayacaq, insanlara, o cümlədən polisə silahdan daha təmkinlə istifadə etməyi öyrətməyəcək. Ancaq robotlar vətəndaşlarla polis arasındakı qarşıdurmada mövcud olan adrenalini azalda, bu isə hər kəsin təhlükəsizliyini artıra bilər.
Buna da bax: Meymunabənzər robot hazırlanıb