Keçid linkləri

Təcili xəbərlər

S.Lavrov-un Bakıya gəlişinin niyəsi


Sergei Lavrov
Sergei Lavrov

AXIR Kİ GƏLİR...

Bu gün Rusiyanın xarici işlər naziri S.Lavrov-un Azərbaycana səfəri başlanmalıdır. Səfər, əslində, ötən həftə reallaşmalı idi. Ermənistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi ölkələrinin xarici işlər nazirlərinin toplantısına qatılan Lavrov-un oradan Bakıya gələcəyi, hətta buradan da Ankaraya yollanacağı deyilmişdi. Amma son anda plan dəyişdi və həmin gün Lavrov Bakıya gəlmədi. Daha sonra bu səfərin iyulun 11-12-də gerçəkləşəcəyini bildirdilər... Di gəl, 2 vacib məqamdan söz açmadılar:

1. Lavrov Ermənistanda hansı nəticələrə gəldi?

2. «Putin planı» ilə bağlı kimlərlə müzakirə apardı və bu müzakirələr necə bitdi?

Bu səbəbdən Lavrov-un Yerevandan Bakıya gəlməməsini Rusiyanın Ermənistandan istədiyi cavabı almamasına bağlayanlar oldu. Amma budur, ehtimal və gümanlara əsas qalmır - Lavrov Bakıya gəlir. Deməli, o da, onun ölkəsi də Rusiyanın təklif etdiyi planı tərəflərə «bəyəndirməkdə» israrlıdır...

YALANI Kİ BİR DƏFƏ DANIŞDIN...

Rusiya və ya «Putin planı» barədə bilinənlərin, demək olar, hamısı yazılıb. Üstəlik, Rusiya və hətta Ermənistan qaynaqlarından daha çox məlumat almaq mümkün olub, nəinki Azərbaycan! Ona görə ki, Ermənistanda Qarabağ probleminin ictimai müzakirəsi daha aramsız aparılır, – təəssüf hissiylə olsa, bunu qeyd etmək zorundayam. Ermənistanın müxalifət adamlarının və təhlilçilərinin Rusiya və öz hakimiyyətləri haqqında söylədiklərindən yetərincə bilgi toplamaq olur...

Azərbaycanda isə bu günədək daha çox rayonların guya qaytarılacağına dair şifahi razılaşmanı qabartmağa və bir də - dəfələrlə vurğuladığım kimi, Peterburq görüşü ətrafında qalibiyyət havası yaratmağa cəhd göstərirlər. Səbəb məlumdur. Görüş ərəfəsində ölkədə səslənən kəskin bəyanatları və hətta savaş çağırışlarını hansı formadasa səngitmək lazımdır, ya yox?! O üzdən təəccübə nə gərək...

Hətta ölkə rəsmiləri bir gün desələr ki, «Xəbəriniz yoxdur? Axı Qarabağ çoxdan qaytarılıb!» - bunu da «təbii» qarşılamaq lazımdır, çünki çətini bir dəfə yalan danışmaqdır, sonra dil öyrəşir...

RUSİYA FƏAL ŞƏKİLDƏ DƏSTƏK AXTARIR...

Bəs onda bugünlük nə var və Lavrov Bakıya niyə gəlir? Bir daha deyirəm: «Putin planı» haqqında bildiklərimi ötən dəfələrdə yazmışam və indi elə bir əlavəm yoxdur. Əsas odur ki, Rusiya tərəfi öz planlarına fəal şəkildə dəstək axtarmaqla məşğuldur.

Türkiyəni yada salmaq bir tərəfə, ötən həftənin sonlarında V.Putin-in B.Obama ilə telefon danışığı oldu. Rusiya prezidenti amerikalı həmkarını prosesin gedişiylə tanış etməyə çalışdı. ABŞ da artıq bir neçə dəfə, həm də müxtəlif səviyyələrdə Rusiyanın səylərinə dəstək verdiyini bəyan edib...

HEÇ OLMASA, BUNDAN SONRA...

Qərəz, top Rusiyadır və Rusiya bu prosesə təkcə ölkələri deyil, hətta hər iki tərəfin ziyalılarını da qatmaq niyyətindədir. Yada salaq ki, bu yaxınlarda Bakıda səfərdə olmuş ATƏT sədri də Qarabağın azərbaycanlı və erməni icmalarının görüşünün təşkil edilməsinin zəruriliyindən söz açmışdı... Bunun özü də çox maraqlı məqamdır. İstər-istəməz, belə bir sual doğur: Tərəflər postkonflikt dövrünə nə dərəcədə hazırdır?

Sözsüz ki, sualın cavabı Qarabağ probleminin necə çözüləcəyindən, Dağlıq Qarabağa hansı status veriləcəyindən, Dağlıq Qarabağla Bakı arasındakı üfüqi və şaquli əlaqələrin xarakterindən asılı olacaq. Hələlik, bunlarla bağlı hər hansı yəqinlik yoxdur...

Düzdür, müxtəlif vaxtlarda ziyalıların görüş və qarşılıqlı səfərləri olub. Buna politologiyada «2-ci plan diplomatiyası» da deyilir. Belə tədbirlərin tam əhəmiyyətsiz olduğunu söyləmək doğru sayılmaz, əlbəttə. Təbii ki, belə görüşlər, az da olsa, insanların qarşılıqlı təsəvvürlərini dəyişir, mövcud ziyanlı stereotipləri aradan qaldırır...

Amma «2-ci plan diplomatiyası» münaqişənin nizamlanmasına həlledici təsir göstərmək gücündə deyil və bu qənaətlə elə bir kəşf etmədiyimin də fərqindəyəm...

Bu illər ərzində Azərbaycanın bəzi ziyalı və ictimai fəalları arasında böyük bir yanlışlıq kök salıb. Bu da ondan ibarətdir ki, bəziləri düşünür ki, azərbaycanlılar bütün olmuş və hətta olmamış hadisələrə görə təqsiri öz boyunlarına götürsələr, hər şey həllini tapar və sülh dərhal bərqərar olar, Ermənistan da silahı yerə qoyar...

Deyim ki, müxtəlif səviyyələrdə və müxtəlif vaxtlarda hətta belə cəhdlər də olmuşdu– bəziləri beynəlxalq tədbirlərdə Ermənistan təmsilçilərindən üzr istəmiş, digərləri hətta «etiraf»larla dolu «roman»lar yazmışdılar!..

Halbuki indiki durumda yaxınlaşmanın, müxtəlif icma və cəmiyyətlər arasında anlaşma yaratmağın daha düzgün yolu budur ki, gərək təqsirkar və ya günahkar axtarmayasan. Bəli, hər iki tərəfdən tətik çəkənlər də olub, insanları yurd-yuvasından qovanlar da! Ola bilsin, kimsə bunu daha tez edib, o birisi, sadəcə, buna cavab verib... İndi bunların heç bir mənası yoxdur. Əsas odur ki, insanlar ölənlərə, itkin və köçkün düşənlərə görəindən belə məsuliyyət hiss etsinlər.

Həm də qarşılıqlı məsuliyyət! Bir daha deyirəm ki, indi tətiyi kimin birinci çəkməsinin, kimin birinci yumruq qaldırmasının önəmi yoxdur. Əsas odur ki, tətik çəkilib və güllə atılıb! Çalışmaq lazımdır ki, bu, heç olmasa, sonuncu güllə sayılsın...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir

XS
SM
MD
LG