DİKTATORLAR GƏLİB-GEDƏR, HƏYAT BİTMƏZ
Diktatorlar, adətən, «mən salim olum, dünya-cahan batsa da batsın» məntiqiylə düşünsələr də, belə olmur, həyat davam edir... Amma diktatorlar və diktatura da yaşamcıldır. Heç bir diktator nə birinci, nə də sonuncudur...
Onlar öləndə bu ölümə səmimi ağlayanlar da, gizli, ya da açıq sevinənlər də «indən belə necə olacaq» sualına cavab axtarırlar. Özbəkistan prezidenti İslam Kərimovun da sağlıq durumu ağırlaşınca, təkcə onun ölkəsinin deyil,dünyanın başlıca media qurumları kərimovsonrası Özbəkistanda kimin varis olacağını dartışmağa başladı.
Dartışmalar Kərimovun dəfnindən sonra da səngimir. İndi ölkəyə Özbəkistan Senatının sədri N.Yuldaşov rəhbərlik edir. Yerli konstitusiyaya görə, prezident öz vəzifəsini icra etmək iqtidarında olmayanda, onu parlamentin yuxarı palatasının – Senatın başçısı əvəzləyir. Yeni prezident seçkiləri qaçılmazdırsa, belə rəhbərlik 3 aydan çox sürə bilməz. Əsas Qanuna görə, həmin müddətdə prezident seçkiləri keçirilməli və seçilən yeni rəhbər vəzifəsinə başlamalıdır.
Deyildiyi kimi, indi hamını bir məsələ düşündürür: Görəsən, Kərimovun varisi kim olacaq? Düzdür, bəzi təhlilçilər məsələyə bir az da geniş aspektdən baxaraq, sualı bir qədər dəyişir və soruşurlar: Hakimiyyət Kərimovun 27 il ərzində formalaşdırdığı sistem hüdudlarında qalacaq, yoxsa sistemi aşaraq, hansısa fors-major çalarlara bürünəcək?
Əksəriyyət bu fikirdədir ki, fors-major durumlar baş verməyəcək, çünki özünün hakimiyyət dönəmində Kərimov sistemdənkənar müxalifəti, demək olar, tam neytrallaşdırıb. Bu müxalifətin təmsilçiləri ya ölkədən qovulub, ya da güclü repressiyalara məruz qalıb...
Amma ən suallı qalan məsələ radikal-dini qruplaşmaların fəallaşa bilib-bilməməsidir. Özbəkistan bir müsəlman Asiya ölkəsi və ən adi demokratik vərdişləri olmayan siyasi areal kimi bu mənada çox həssas siyasi məkandır. Xüsusən, nəzərə almaq lazımdır ki, ölkə radikal-dini ocaqlara həssas nöqtədə yerləşir. Elə Əfqanıstanın qonşu olduğunu xatırlatmaq yetər...
Amma yenə də əksər təhlilçilər bu fikirdədir ki, vəziyyət nəzarətdədir və Özbəkistanı hansısa «rəngli» və ya «rəngsiz» inqilablar gözləmir...
Özbəklər İslam Kərimovla belə vidalaşdılar
VARİSİ HARADA AXTARMAQ LAZIMDIR?
Yeni hakimiyyətə iddiası olanları mövcud siyasi sistemin içində aramaq daha məntiqlidir.
Təbii ki, ağla gələn ilk variant prezidentin övladlarıdır. Sirr deyil ki, İ.Kərimov Özbəkistanda şah kimi davranırdı və şahların da varisləri, ilk növbədə, onların övladları olur. Bu baxımdan dərhal Gülnarə və Lola Kərimovalara diqqət yönəldi. Buvaxtadək birincinin - Gülnarənin adının varis kontekstində daha çox hallandığını da unutmaq olmaz. Ancaq onun ictimai-siyasi reputasiyasının korlanması, atası ilə yaşadığı problemlər indi belə deməyə əsas verir ki, böyük ehtimalla, Gülnarənin böyük siyasət olimpinə yolu bağlanıb. 2014-cü ildən bəri prezidentin böyük qızı, əslində, ev dustağıdır və ona korrupsiya ilə bağlı ciddi ittihamlar irəli sürülüb.
Digər qıza – Lolaya gəlincə, onun ictimai-siyasi imici daha az aşınıb. Lola diplomatik fəaliyyətlə və xeyriyyəçiliklə məşğuldur, ölkəsini UNESCO-da təmsil edir. Amma hələlik, heç kim hətta Lolanı da ciddi şəkildə varis kimi qəbul etmir. Ən azı, indi... Bəs onda kim varis olacaq? Kim Kərimovdan sonra Özbəkistanın siyasi olimpinə qalxa bilər?
Buna da bax-İslam Kərimov hakimiyyətdə boşluq qoyub getdi
İKİ ƏSAS NAMİZƏDİN ADI ÇƏKİLİR
Mediada yalnız iki adamın adı ayrıca hallanır. Bunlardan biri baş nazir Ş.Mirziyoyev, digəri onun birinci müavini R.Əzimovdur. Birincisi Səmərqənd, digəri Daşkənd klanını təmsil edir. Klanlarınsa Özbəkistan siyasi sistemində ayrı rolu var. Ölkədə güclü və leqal siyasi partiyalar şəbəkəsi olmadığından, klanlar əsas siyasi institut kimi təzahür edirlər.
Daşkənd klanının daha güclü olduğunu söyləmək mümkündür. Ən azı, paytaxtı təmsil etdiyi və çox güman, mərkəzdə əsas iqtisadi və siyasi qurumları nəzarətdə saxladığı üçün. Amma G.Kərimova ilə bağlı yaşanan problemlərdən sonra müşahidəçilər Daşkənd klanında parçalanmanı vurğulayırlar. Bu isə hakimiyyət piroqunun bölünməsi ərəfəsində gözardı ediləcək məsələ deyil.
Beləcə, varisliyə iki namizəddən hər birinin üstün və zəif özəlliklərini göstərmək olar. Təbii ki, imkan daxilində. Amma aydın məsələdir ki, hətta Özbəkistan kimi dövlətdə hakimiyyətə gəlməyə bir neçə amil vacib sayılmalıdır.
Birincisi, hakim ailənin dəstəyi lazımdır. İkincisi, klanların himayəsinə böyük ehtiyac var. Üçüncüsü, hər yerdə olduğu kimi, güc strukturlarının da münasibəti önəmlidir. Nəhayət, dördüncüsü, xarici ölkələrin, özəlliklə Rusiyanın baxışı heç də önəmsiz deyil...
Təəssüf ki, hər bir namizədi bu parametrlər üzrə təsnif etmək iqtidarında deyiləm. Birincisi, ona görə ki, Özbəkistan qapalı ölkədir və buradan kənara informasiya çətinliklə sızır. İkincisi, Özbəkistanda sərt avtoritar hakimiyyət hökm sürür. Ona görə də İ.Kərimovun gümrah çağlarında istər Ş.Mirziyoyevin, istərsə R.Əzimovun adı hakimiyyətə iddialı şəxs kimi hallana bilməzdi, - diktator onları dərhal neytrallaşdırardı. O üzdən, buvaxtadək onlardan hansının İ.Kərimova daha yaxın olmasından və ya qoca diktatorun onlardan hansına daha çox rəğbət bəsləməsindən danışmaq olar. Bu aspektdən yanaşanda, R.Əzimovun prezidentə daha çox yaxınlığı haqqında deyilənləri yadda saxlamalıyıq. O, hakimiyyət üçün çox önəmli maliyyə sektoruna başçılıq etdiyindən, demək olar, hər gün İ.Kərimovla görüşürmüş. Amma müşahidəçilər digər iddiaçının – Ş.Mirziyoyevin də şansınınaz olmadığını deyirlər, axı prezident İ.Kərimov qocaldıqca daha çox səlahiyyət və işi ona ötürürmüş. Bu isə heç də önəmsiz detal deyil. Demokratik seçkilərin formal xarakter daşıdığı Özbəkistanda öncə başqa üsullarla hakimiyyətə gəlir və daha sonra onu «seçki»ylə rəsmiləşdirirlər...
Klanlardan daha əvvəldə bir-iki kəlmə yazdım. Güc strukturları haqqında konkret bir söz deməyə çətinlik çəkirəm. Təbii ki, düşünmək olar ki, bu müddət ərzində baş nazir öz təsirini həmin strukturlara da yaymağa çalışıb. Amma düzünü kim bilir? Yadınızdamı qonşu Türkmənistanda necə oldu? Hakimiyyətə ovaxtkı prezident S.Niyazovun şəxsi stomatoloqu Q.Berdiməhəmmədov gəldi! İndi də diktaturalarda hər şeyin çox asan və birmənalı olduğunu düşünənlər yenə yanıla bilərlər. Belə sistemlərdə hakimiyyət uğrunda savaş daha qarmaqarışıq və amansız olur. O səbəbdən, hələ ki, qəti söz deməkdən çəkinir və proseslərin inkişafını gözləməyi doğru sayıram.
Buna da bax-İslam Kərimovun ölümündən sonra nələr ola bilər? - Şərhlər
DİKTATORUN GEOSİYASİ «ZİQZAQ»LARI
Elə ölkələr məsələsi də qəlizdir. Bütün mərkəzi Asiya despotları kimi, İ.Kərimovun da xarici siyasəti çox qəliz və ziddiyyətli idi. O da böyük və qüdrətli dövlətlər arasındakı ziddiyyətlərlə «oynamağı» sevirdi. Təkcə bir faktı deyim: 1994-cü ildə Özbəkistan Kollektiv Təhlükəsizlik Təşkilatının üzvü oldu. 1999-cu ildə oranı tərk etdi. 2006-cı ildə isə yenidən bu təşkilata qayıtdı. Təbii ki, belə geosiyasi «ziqzaq»lar diktator İ.Kərimovun böyük dövlətlərlə yaşadığı müəyyən problemlərin də nəticəsi idi. Məsələn, müstəqilliyin ilk illərində Kərimov da Türkiyəyə çox meyllənirdi. Hətta onun mərhum prezident T.Özala «ata» dediyi vaxtlar vardı. Amma Kərimov tez anladı ki, Türkiyə onun umduğu «böyük qardaş» rolunu oynamaq niyyətində deyil. Həm də müşahidəçi və təhlilçilər İ.Kərimovun Türkiyəyə münasibətinin soyumasında şəxsi ailə motivlərinin də rolunu vurğulayırlar.
Elə ABŞ-la siyasət də birmənalı və təkyönlü olmayıb. Ötən əsrin 90-cı illərində Vaşinqtonda olarkən, Özbəkistanın bu ölkədəki möhtəşəm səfirliyi diqqətimi çəkdi. Müqayisə üçün deyim ki, həmin vaxt Azərbaycan səfirliyinin hələ öz binası yox idi...
Kərimovun bir ara ABŞ-la yaxınlaşmaq istəyi də hamıya bəllidir, amma tez bir zamanda Əndican hadisələri oldu və qoca diktator anladı ki, Rusiyanın «ətəyini» buraxmaq hələ tezdir və o, hələ uzun müddət böyük dövlətlər arasındakı ziddiyyətlərdən yararlanmalıdır.
Bir məsələ aydındır: İ.Kərimov ölkələrlə münasibətində elə bir sistem qurub ki, onu əvəzləyəcək şəxs hələ xeyli bu sistemdən faydalana biləcək. Kərimovun qurduğu sistem bir cəhətdən də üstündür - daha anlaşıqlıdır və üstəlik, proqnozlaşdırıla bilinəndir. Ən əsası isə İ.Kərimovun sistemi qəddarlığı ilə yanaşı, dünyəvidir, sekulyardır. Bu isə Asiyada, özəlliklə müsəlman Orta Şərqində müstəsna əhəmiyyətə malikdir...
Bir sözlə, Kərimov potensial varislərinə idarə oluna bilinən Özbəkistan qoyub gedib. «Onlardan kim bu ölkənin hakimiyyət sükanının arxasına keçəcək» sualının cavabı isə, nə qədər təəccüblü olsa da, bu gün özbək xalqından daha çox varisliyə namizədlərin özündən asılıdır. Axı bura başqa bir ölkə deyil, bir diktatorun 27 il yönəltdiyi sərt avtoritar diyardır....
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir