YAZININ GEÇİKMƏ SƏBƏBİ
Bu yazını qəsdən bir-iki gün yubatdım. Ona görə yox ki, hər şeyin deyilməsini və ya yazılmasını gözlədim. O üzdən deyil ki,axırda bunların hamısını toplayıb sizə öz «fikir»lərim kimi təqdim edim...
Yox, səbəb bu deyildi. Əslində, məsələyə necə münasibət göstərməklə bağlı elə bir problem yox idi. Əvvəldən aydın idi ki, hərbi çevriliş cəhdi bütün hallarda pislənilməli və qınanılmalı, qarşısı da qanunla alınmalıdır...
Ona görə ki, indi bütün normal, siyasi cəhətdən oturuşmuş ölkələrdə siyasi problemlərin çözülməsinin bircə yolu var -konstitusion və demokratik seçkilər yolu...
Təəssüf ki, ordunun qiyamçı hissəsi elə bil bir məsələni tam unutmuşdu: Hər şeydən üstün olan millətin azad, demokratik seçkilərdə və referendumlarda izhar etdiyi iradədir.
Son nəticədə bununla hamı, o cümlədən hər hansı dövlətin, eləcə də demokratik siyasi sistemin əsas atributlarından sayılan ordu da hesablaşmağa borcludur.
Üstəlik, narahatlıq yaradan başqa bir məsələ də vardı - proses genişlənə və vətəndaş savaşına çevrilə bilərdi. Buna yetərli zəmin də vardı: Hakimiyyətin yetərli elektoral dayaqları, ordunun qiyamçıların tərəfinə keçməyən hissəsi, hələ əldən çıxmayan hakimiyyət rıçaqları...
Bütün bunlarsa o demək idi ki, qarşıdurmanın daha geniş xarakter alması mümkün idi. Danılmaz konflikt nöqtələri və ziddiyyətli məqamlar vardı...
İndi rahatlıqla demək olar ki, bunların hamısı sovuşdu və geridə qaldı. Hərçənd, indiki itkilər - yüzlərlə insanın ölümü və yaralanması da böyük faciədir. Ona görə mən də bir fikirlə razılaşıram ki, ölkə böyük fəlakətin astanasından döndü...
Yada salaq ki, bu hadisə Türkiyədə sayca beşinci hərbi çevriliş cəhdi idi. Nəzərə alsaq ki, cəmi 25 ildir müstəqil olan Azərbaycanda, ən azı, 3 belə cəhd olub, -məsələyə münasibətimizin cizgilərini irəlicədən sezmək, prinsipcə, elə də çətin olmaz...
Bosfor boğazında körpülər bir qrup hərbçi tərəfindən bağlandı
ORDU İLƏ HÖKUMƏT ARASINDA SOYUQ SAVAŞ GEDİRDİ
Amma bəzi ciddi nüanslar da yox deyil. Etiraf etmək lazımdır ki, iyulun 15 -də Türkiyədə ordu ilə hakimiyyət arasında baş verən olay gözlənilən idi. Bu vaxtadək ordu ilə R.T.Erdoğan hakimiyyəti arasında əsl soyuq savaşgedirdi.
Prezident R.T.Erdoğan-ın uzun müddətdən bəri orduya qarşı apardığı zəiflətmə və «təmizləmə» əməliyyatlarına, ordu içindəki dünyəvi hərbi elitanın mövqelərinin zəiflədilməsinə və onların düşünülmüş şəkildə sıxışdırılmasına, ölkənin, faktik olaraq, islamlaşdırılmasına, Konstitusiya və siyasi sistemlə bağlı yürüdülən siyasətə, M.K.Atatürk-ə və onun ideallarına qarşı göstərilən sayqısızlığa, onları aşırı dərəcədə «təftiş etmək» cəhdlərinə ordunun bir cavabı olmalı idi...
Buna da bax - Çevriliş cəhdinin anatomiyası
Əvvəldə dedim ki, ordu millətin seçki və referendumda izhar etdiyi iradə ilə hesablaşmalıdır.
Bəli, bu mənada Erdoğan hakimiyyəti qanuni və legitim bir hakimiyyətdir, buna sözüm yox... Amma bu hakimiyyət ölkənin konstitusion quruluşunun əsaslarını dəyişmək (Erdoğan hakimiyyəti bu niyyətini qətiyyən gizlətmir!) yolunu tutubsa, bəs onda necə? Ordu yenə də bütün bunları seyr etməlidirmi?.. Etiraf edirəm ki, çox çalışdım, amma sualı verməkdən özümü saxlaya bilmədim...
Üstəlik, bəzi məqamlar bizə hələ də dumanlı, hətta bir az qaranlıq görünür. Doğrudanmı, olay Türkiyə hökuməti üçün qəfil bir hadisə idi? Doğrudanmı, hökumətin bundan xəbəri yox idi? Belə idisə, təhlükəsizlik strukturları, MİT və yaxud da ki, hərbi kəşfiyyat hara baxırdı?
İndi deyirlər ki, demokratiya zəfər çaldı. Amma öncə qeyd etmək lazımdır ki, hərbi çevriliş cəhdlərindən sonra heç vaxt dərhal demokratiya olmur – çevriliş baş tutanda da, tutmayanda - qarşısı alınanda da...
Deyim ki, hər iki halda kütləvi həbs və təqiblər dalğası başlanır, məhdudiyyət və yasaqlar tətbiq olunur – hətta ötücü xarakter daşısa belə...
Hazırda Erdoğan hakimiyyəti 6 mindən çox adamı həbs edib və bu sayın hələ xeyli artacağı güman edilir. Mən hələ işdən qovulanları, vəzifəsindən kənarlaşdırılanları demir, «qara siyahı»lara düşənləri nəzərə almıram...
Üstəlik, mənə yüzlərlə hakimin işdən qovulması və hətta həbsi bir qədər müəmmalı görünür. Hərbçilərin həbsini, tutaq ki, anladıq. Bəs hakimlərin bura nə dəxli vardı?
Bəlkə də bunu etməyə hakimiyyətin ciddi arqumentləri mövcuddur. Di gəl, mən başqa şey düşündüm: hakimiyyət əlinə düşmüş fürsətdən dərhal yararlanmağa və məhkəmə sistemi ilə özünün çoxdankı problemini çözməyə, məhkəmə hakimiyyətini də öz əlinə almağa çalışmır ki?..
İndi icraedici və qanunverici hakimiyyət Erdoğan-ın, necə deyərlər, əlindədir. Tək məhkəmə hakimiyyəti qalırdı. Üstəlik, Erdoğan bir neçə dəfə hakimiyyətin bu qolundan bərk narazı qalmışdı. Görünür, əvəz çıxmaq məqamı yetişib...
Erdoğan cənazə namazında çıxış edib
Burada bir detalı da qeyd etməyi vacib sayıram. Türkiyədəki atatürkçü hərbi elita həmişə Qərbə bağlılığı, əsl demokratiyaya və bazar iqtisadiyyatına sayqısı ilə seçilib! Unutmayaq ki, söhbət adi ölkənin ordusundan deyil, NATO üzvünün ordusundan gedir!..
Düzdür, Erdoğan-ın ardıcıl «təmizləmə» əməliyyatlarından sonra ordu haqqında belə yüksək fikirlər izhar etmək getdikcə çətinləşir və bəlkə də son olay atatürkçü ordunun son nəfəsi idi...
Buna da bax - Türkiyədə çevriliş niyə alınmadı: 5 səbəb
Əvvəldə qeyd etdim ki, Türkiyədə hərbi çevrilişlər çox olub. İndiki sayca beşinci idi. Amma hərbi çevrilişlər çox olsa da, heç vaxt Türkiyədə uzunmüddətli hərbi diktaturalar, Latın Amerikasında olduğu kimi, hərbi xuntalar bərqərar olmayıb – qayda-qanun yaradılandan sonra tez bir zamanda hakimiyyət mülki qüvvələrə verilib...
KÖNLÜNDƏN XƏLİFƏLİK KEÇƏN PREZİDENT...
Doğrusu, Erdoğan-ı bir siyasətçi kimi heç vaxt sevməmişəm – burada yəqin subyektiv münasibəti gizlətməyin yeri deyil... Düşünürəm ki, bu adam məmnuniyyətlə özünü XƏLİFƏ elan edərdi. Onun Osmanlı dövrünə sevgisi (bəzən adama elə gəlir ki, hətta bu da saxtadır!) hələ çox acılar yaşadacaq Türkiyəyə...
Bu adam ölkəni, az qala, hamı ilə qarşı-qarşıya qoyub. Düzdür, bunda daha çox keçmiş baş nazir A.Davutoğlu-nu qınayırlar, amma Erdoğan-ın suçu heç də onunkundan az deyil...
İndi rus təyyarəsinin vurulmasını da «gülənçi» hərbçinin üstünə atmaq istəyirlər. Əgər belə idisə, niyə o vaxt nə baş nazirin, nə də prezidentin özü vəziyyəti korrektə etməyə cəhd göstərmədi?.. Edə bilərdilər, axı! Rusiya baş vermiş hadisəyə görə yalnız üzrxahlıq edilməsini istəyirdi!...
Amma yenə, fikrimcə, konkret Erdoğan-a gəlincə, Türkiyə cəmiyyəti ona münasibətini demokratik seçkilərdə izhar edə bilər – şükür, seçkiləri hələ heç kim ləğv etməyib.
Ən maraqlısı da odur ki, bu siyasətçiyə səs verirlər! Bir az öncə dedim ki, seçkiləri hələ heç kim ləğv etməyib. Eyni ardıcıllıq və məntiqlə demək olardı ki, Türkiyədə seçkilərin saxtalaşdırılması ilə bağlı da hələ bu vaxta qədər hər hansı bir məlumat eşitməmişik...
Deməli, hakimiyyətin yetərincə elektoral dəstəyi var. Heç təsadüfi deyildir ki, bəzi ölkələrin son olaylara münasibətində, aza olsa, məyusluq sezildi, amma hamı cəmiyyətin qiyamçılara deyil, Erdoğan-a dəstək verdiyini etiraf etməli oldu...
Qərəz, adam özünü inandırmaq istəyir ki, hər şey yaxşı olacaq və Türkiyə bundan sonra da dünyəvi və demokratik dövlət olaraq qalacaq. Amma qalacaqmı?
BİR OLAYDAN ÇIXAN NƏTİCƏ...
Bəlkə də mübahisəli görünəcək, amma mənə elə gəlir ki, bu situasiyada hələ ki, bir qalib var – o da Erdoğan-dır.
Bilirsiniz, əslində, bir müsəlman ölkəsində (nə qədər dünyəvi olsa da!) islamın qabarması təəccüblü görünməməlidir. Amma hər şeyin bir norması var. Mənə bu vaxtadək çox təsir etmiş bir detalı bölüşəcəyəm.
Türkiyə universitetlərinin birində dindar tələbələrlə qeyriləri arasında ciddi toqquşma olmuşdu. Səbəbi də bu idi ki, dindar tələbələr basketbol meydançasına gələrək burada namaz qılacaqlarını bildirmişdilər. Nəticədə də toqquşma baş vermişdi. Rektor çox düzgün mövqe tutaraq demişdi ki, namaz qılmağa yaxınlıqda məscid var və basketbol meydançası namaz qılmaq üçün deyil...
Qərəz, aydın idi ki, dindar tələbələr digər tələbələri, sadəcə, təxribata çəkmək istəmişdilər!..
Təsəvvür edin, Erdoğan hətta bu hadisəyə də reaksiya verdi və dindar tələbələrin tərəfini tutdu...
Ona görə də bir sualı verməkdən özümü heç cür saxlaya bilmirəm: «Səni hələ nələr gözləyir, Türkiyə?».
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.