Keçid linkləri

Təcili xəbərlər

Erdoğan-la Gülen arasındakı fərq


R.T.Erdoğan və F.Gülen
R.T.Erdoğan və F.Gülen

TÜRKİYƏNİN İRANA ÇEVRİLMƏK TƏHLÜKƏSİ VARMI?

Türkiyə hələ də baş tutmayan hərbi çevrilişin təəssüratından ayrıla bilmir. Ən müxtəlif media qurumları yalnız ondan yazır, onu göstərir və o haqda danışır. Məncə, bunun bir səbəbi də AKP hakimiyyətinin həmin olaydan öz siyasi məqsədləri üçün istifadəsi, bundan maksimum yararlanmağa can atmasıdır.

Amma hər necədirsə də, yenə Türkiyədə olub-bitənlərə maksimim anlayışla yanaşmağa çalışıram. O səbəbdən əvvəlcə fövqəladə vəziyyət məsələsinə toxunmaq istərdim. Hərbi çevriliş cəhdi yatırılandan sonra fövqəladə vəziyyətin – (Türkiyədə buna «ohal» deyirlər. «Olağanüstü hal»ın qısaltma variantıdır) tətbiqi gözlənilən idi. Elə bu üzdən, bəzi qurumların OHAL-ı aşırı dərəcədə şişirtməsini bir az qurama sayıram. Axı böyük terror olaylarından sonra bir neçə Avropa ölkəsində də fövqəladə vəziyyət elan olunmuşdu (məsələn, Fransada hələ də davam edir).

Təbii ki, beynəlxalq qurumların da təlaşını anlayıram. Kövrək demokratiya halında olan ölkələrdə demokratiyadan sapmalar (hətta ötücü olsa da!), eləcə də müxtəlif ekstremal rejimlərin tətbiqi hər vaxt narahatlıqla və bir az ehtiyatla qarşılanır. Çünki belə ölkələrdə vəziyyətdən sui-istifadə epizodları və «vint»ləri lazım olandan daha çox bərkitmək cəhdləri olur...

Üstəlik, bir məsələyə də münasibətimi açıqlayım. Lap əvvəldən – Türkiyədə bu olaylar baş verəndən bəri bir neçə dəfə yazmışam ki, hərbi çevrilişə qatılsa da, qatılmasa da F.Gülen-in siyasi fəaliyyətinə son verilməlidir.

Şəxsən mən heç vaxt siyasəti dinə qatanları, dini-siyasi sektalar, «loja»lar qurub siyasətə «arxa qapı»dan girmək istəyənləri xoşlamamışam. F.Gülen də ya açıq, dinc və konstitusion siyasi fəaliyyətə başlamalı, ya da, bir daha deyirəm, siyasətdən tam çəkilməli, özəlliklə dini siyasətə qatmamalıdır...

Amma Türkiyədə aparılan nəhəng «təmizləmə» əməliyyatları, hərbçilərlə yanaşı, jurnalistlərin də nəzarətə götürülməsi, telekanal və qəzetlərin bağlanması məni çox ehtiyatlandırır. Üstəlik, F.Gülen-lə AKP iqtidarı arasında çox da prinsipial fərqlər görmürəm, çünki onların hər ikisi dini siyasətə qatmağı sevirlər. R.T.Erdoğan-la F.Gülen arasındakı fərq yalnız ondadır ki, birincisi leqal siyasi metodlara, ikincisi isə, əksinə, qeyri-leqal üsullara üstünlük verir...

O üzdən, ixtiyarsız olaraq, fikrimdən belə bir sual keçir ki, hər hansı demokratik hakimiyyət və sistemin olmazsa-olmazı – «qırmızı xətti» bu gün Türkiyədə tapdanmayıb ki?

Fetlullah Gülen-in Azərbaycan bağları...

Fetlullah Gülen-in Azərbaycan bağları...
Gözlə

No media source currently available

0:00 0:14:54 0:00

LAP AZƏRBAYCAN TELEKANALLARINA BƏNZƏYİR...

Türkiyə kanallarını çox izləyirəm və indi ölkə üçün əvvəlki dövrlərdə heç də xarakterik olmayan bəzi detallar tuturam.

Əvvəlcə onu deyim ki, bu kanallar mənə bir neçə il əvvəlki Azərbaycan telekanallarını xatırladır. Çox güman, oxucum lap yaxın keçmişdə Azərbaycan telekanallarında yeni-yeni «çevriliş cəhdləri», ölkə müxalifətinin «məkrli siyasi planları» haqqında uzandıqca-uzanan və adamı bezdirdikcə-bezdirən silsilə verilişləri unutmayıb...

Türkiyə telekanalları da, az qala, Azərbaycanın ovaxtkı telekanallarına bənzəməyə başlayıb. Açığını deyim ki, belə davam etsə, bir seyrçi kimi mən Türkiyə kanallarını da itirəcəyəm. Amma bu da hələ hamısı deyil.

BİR ADDIMDAN SONRA İRANDIR...

Ən çox narahatlıq doğuran budur ki, böyük aksiyalardan verilən süjetlərdə dini çağırış və şüarlar eşitmək adi hala çevrilib. Halbuki əvvəllər belə şeylər heç olmazdı. Biz belə şeyləri daha çox başqa ölkələrdəki dini radikalların dilindən eşitməyə alışmışdıq...

Ona görə də çox ehtiyatlanıram. Bəli, Türkiyədə açıqca M.K.Atatürk ideallarından geriyə çəkilmək, özü də hiss olunacaq dərəcədə çəkilmək meylləri duyulur.

Düzdür, əsasən, müsəlman ölkəsi olduğundan, Türkiyədə İslamın qabarması elə təəccüblü görünməməlidir. Nə qədər dünyəvi dövlət olsa da, təbii ki, Türkiyə ilk növbədə bir müsəlman ölkəsidir.

Amma hər şeyin bir norması olmalıdır və ölkə özünün ən üstün, hətta, ola bilsin, ən alikeyfiyyətlərindən birini – sekulyarizmi, dünyəviliyiitirməməlidir.

Ölkə o vaxt demokratik, hüquqi və dünyəvi olur ki, dindarlar da, etiqad etməyənlər də Konstitusiyanın himayəsini eyni dərəcədə hiss edir və özlərinə eyni münasibət görürlər.

Di gəl, hətta kənar müşahidəçi kimi mən də görürəm ki, Türkiyənin siyasət əqrəbi get-gedə daha çox dinə, dindarlara tərəf səmt alır. Bu mənə O.Pamuk-un bir cümləsini xatırladır: «Türkiyədə kişilər dinlə məşğul olur, qadınlarsa intihar edirlər...».

Bakıda "nurçu" rüzgarı?

Bakıda "nurçu" rüzgarı?
Gözlə

No media source currently available

0:00 0:12:36 0:00

Düzdür, Türkiyədə, hələ ki, demokratik seçkilər keçirilir və onlar saxtalaşdırılmır. Amma təkcə seçki, politoloqların dediyi kimi - elektoralizm müasir demokratiyaya yetərli deyil. Hüquqi dövlətdə hüququn aliliyi prinsipi gözlənilməli, hakimiyyətin və çoxluğun iradəsi insan hüquq və azadlıqları ilə məhdudlaşdırılmalıdır. Yoxsa hər bir müsəlman ölkəsinin, ən yaxşı halda, İrana çevrilmək təhlükəsi var.

Hazırda Türkiyədə yaşanan dramatik olaylar mənə daha çox O.Pamuk-un «Qar» romanında təsvir edilənləri xatırladır. Bir məsələni də deyim ki, Türkiyədə O.Pamuk-a soyuq münasibəti bilir və anlayıram. Amma O.Pamuk çağdaş Türkiyənin problemlərinə çox həssasdır, onları dərindən yaşayır və təsvir etməyə çalışır. Düşünürəm ki, türk oxucusu da bu yazıçıya eyni həssaslıqla yanaşsa, bunun yalnız faydası ola bilər...

AĞIL DUYĞUDAN GERİ DÜŞƏNDƏ...

Təkrar Türkiyədəki hakimiyyətə, özəlliklə onun rəhbərinə gəlincə, deməliyəm ki,Erdoğan yetərincə avtoritar və dünyəvi dövlət modelinə o qədər də sayqı göstərməyən siyasət lideridir. Onunla yalnız bir məsələdə razılaşmaq olar ki, müəyyən hərbi-siyasi islahatlar zəruridir, çünki tez-tez baş verən hərbi çevrilişlər də yaxşı şey deyil.

Digər məsələlərə gəlincə, bu adamın böyük dövlətlər haqqındakı açıqlamaları, sözün əsl mənasında, məni qorxudur. Böyük siyasətdəki adamın, xüsusən prezidentin ritorikasında bir sərhəd olmalıdır, ya yox? Bu gün Erdoğan-ın ABŞ və ya Avropa ölkələri haqqındakı bəyanatları İran liderlərinin bəyanat və açıqlamalarından elə də fərqlənmir. Belə bəyanatların Türkiyəyə hansısa bir faydası olacağına kim inanar?!.

Bugünlər bir detal ayrıca diqqətimi çəkdi. Türkiyədəki aksiyaları göstərirdilər. Bir gəncin əlində tutduğu plakatda bu cümlə yazılmışdı: «R.T.Erdoğan, mən səni babamdan da çox sevirəm!». Bax, belə mənzərələr adamı gerçəkdən xoflandırır. Ona görə ki, burada zombiləşmə əlaməti görünür.

Normal halda, normal davranış və yaxud normal münasibət tərzində siyasi liderlər, nə qədər populyar olsalar da, onları yenə öz doğma ata və anamızdan çox sevə bilmərik.

Belə hallar onu göstərir ki, Türkiyədə artıq emosiya, hiss məntiqi üstələməyə başlayıb. İnsansa bir halda gözəl olur – ağlıyla duyğusu dəng gələndə.

Tarazlıq, dənglik, balans varsa, fərd və ya toplum doğru qərar verəcək, yoxdursa, o halda yalnız təəssüflənmək qalır...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir

Ən son yazılan

XS
SM
MD
LG