Keçid linkləri

Təcili xəbərlər

Dövlət yeni din uydurmasın


Təzəpir msəcidində namaz
Təzəpir msəcidində namaz

Azərbaycanın öz Erdoğan-ı yetişə bilərmi?- Altay Göyüşov yazır

Avropanı oyadıb özü 'yuxuya gedən' İslam fəlsəfəsi

Müsəlman aləmi sanki cadulanmış dairədədir

Bu il yenə, həmişə olduğu kimi, müxtəlif müsəlman dini qruplarının Ramazan bayramını ayrı-ayrı günlərdə qeyd etməsi mübahisə və müzakirəyə doğurdu. Qafqaz Müsəlmanları İdarəsi məsələnin çözüldüyünü və bayram namazının eyni gündə qılındığını təntənəli şəkildə bəyan etdi.

BU, İCTİMAİYYƏTİ ÇAŞDIRMAQDIR

Əlbəttə, bu, sadəcə, ictimaiyyəti çaşdırmaqdan başqa bir şey deyil. Axı bu, əqidə məsələsidir. Dindar adam - dini qaydaları aramsız yerinə yetirən birisindən ötrü bu məsələ əqidə və imanın bir parçasıdır. Əqidə bayramları müəyyənləşdirmə qaydalarını detallarınadək çözür və dindar məhz bu qaydalara əməl edir. Fərqlər əqidədən doğur. Ona görə dindara nə sekulyar dövlət, nə də ehkamçı əsaslı dini nüfuzu olmayan hansısa qurum əqidə məsələsində göstərişçi ola bilər. Bayramlarla bağlı dindarlar qarşısında tələb qoymaq din azadlığını təmin etməyə cavabdeh sekulyar demokratik dövlətin də əsaslarına ziddir. Məlumdur ki, bir sıra hallarda dindarlara bayram namazını inancının qaydalarına uyğun vaxtda qılmağa məhz dövlət qurumları imkan verməyib. Bütün bunlar din azadlığının kobud şəkildə pozulmasıdır.

Ümumiyyətlə, dini əqidə məsələsinin sekulyar dövlətin fərman və ya qərarı ilə çözüləcəyini düşünmək absurddur. Bunu tarix də sübut edir. Dindarlar, ən yaxşı halda, sadəcə, dövlətdən qorxduqlarından fikirlərini açıq dilə gətirməyəcəklər, amma... Amma heç bir inzibatı, heç bir dini avtoritetsiz qərar onların əqidəsini dəyişdirməyəcək.

BELƏ BİR İDDİA İRƏLİ SÜRÜLÜR Kİ...

Bu cür müdaxilə, bilirsiniz, nəyə oxşayır? Tutaq ki, kimsə pravoslav və katolikləri mövludu, yaxud pasxanı eyni vaxtda qeyd etməyə zorlayır. Əlbəttə, bu, xristian kilsəsində olduğu kimi, İslam dinində də məhz əqidə fərqidir.

Çox vaxt belə bir iddia irəli sürülür ki, müxtəlif dini qruplar ayrı-ayrı ölkələrə bağlı olduqlarından, belə fərqlilik yaranır. Söhbət ölkəyə bağlı olmaqdan getmir. Məsələ əqidənin qaydalarına uyğun olaraq, dini mərkəzlərə bağlı olmaqdan gedir.

Misal üçün, Azərbaycanda yaşayan katoliklər də papaya tabedirlər. Bu, onların dini qaydasıdır. Ölkədəki pravoslav kilsəsi də Moskva patriarxına tabedir, bu da onların dini əqidəsidir. Kiminsə ağlına bunları Azərbaycanda vahid kilsədə birləşdirmək fikri gəlməz. Heç kim xariclə əlaqələrini də onlara irad tutmaz.

TUTAQ Kİ, ŞİƏ-CƏFƏRİ İSLAMINDA...

Bu, müsəlmanlara da keçərlidir. Tutaq ki, şiə-cəfəri İslamında əksərən qərar hüququ olmayan bütün müsəlmanlar belə qərar hüququ olan müctəhidlərinə tabedirlər. Yəni dini terminlərlə desək, müqəllidirlər, mərcalarını-müctəhidlərini təqlid edirlər. İndi mənim bilgilərimə görə, Azərbaycanda ən çox təqlid olunan müctəhidlər Xamenei və Sistanidir. Təbii olaraq, dininin qaydalarına görə, şiə-cəfərilərin xeylisi bayramlarını Xamenei və Sistaninin fətvalarına görə müəyyənləşdirirlər. Qafqaz Müsəlmanları İdarəsininsə belə bir dini yetkisi və nüfuzu yoxdur. Paşazadə müctəhid deyil, özü də müqəllidir, yəni təqlid edəndir. Özü də bunu bəyan edib-etməməsindən asılı olmayaraq, təqlid etdiyi müctəhidin (1990-cı illərdə Xameneini təqlid etdiyini deyirdi, sonralar dini idarənin Sistanini təqlid etdiyi barədə məlumatlar yayılmağa başladı) fətvasına əsasən, bayramı müəyyənləşdirəcək.

Eynilə sünni müsəlmanların da inandığı, əqidəsinin bir parçası olan dini mərkəzləri var. Onlar bayramları bu mərkəzlərin fətvalarına uyğun müəyyənləşdirirlər. Bunuxoşlarından eləmirlər, dinin qaydası budur, özləri qərar vermək hüququna malik deyillər. Onlar əqidələrinə uyğun dini mərkəzin qaydalarına əməl etməlidirlər. Əməl etməsələr, günaha girmiş olurlar. Adam sonunu günahla başa vurmaq üçün bir ay oruc tutmaz.Şiə-cəfəri tərəfindən rəhbərlik edilən bir idarənin fətvası isə sünnilərə heç keçərli deyil. Bu bəsit həqiqəti, yəqin, hamı anlayar.

TƏQLİDÇİ DEYİLLƏR, QƏRAR VERƏNDİRLƏR...

Başqa sözlə, anlamaq lazımdır ki, Qafqaz Müsəlmanları İdarəsi nə erkən orta əsrlərdən bəri dini əqidəyə çevrilmiş Roma kilsəsi, nə 10-cu əsrdən bu funksiyanı yerinə yetirməyə başlamış Moskva patriarxiyası, nə də 4-5-ci əsrlərdən başlayaraq, bu funksiyanı gerçəkləşdirmiş Gürcü kilsəsidir. Bu kilsələr onların arxasınca gedən dindar əqidəsinin bir parçasıdır. Onların məhz dini-doqmatik baxımdan müstəqil kanon çıxarmaq, dəyişdirmək hüququ var. Təqlidçi deyillər, qərar verəndirlər.

Qafqaz Müsəlmanları İdarəsinin nə belə qədim tarixi, nə də legitim doqmatik hüququ mövcuddur. Bu qurumu vaxtilə çar Rusiyası yaradıb və ardından Stalin bərpa edib. Nəzəri dini-doqmatik avtoriteti də yoxdur. Yaradılma məqsədi də İslam dini daşıycılarını əvvəl pravoslav dövlətinə, sonra ateist dövlətinə tabe etdirmək, sədaqətli saxlamaq olub. Yəni dinidən çox, yarırəsmi statusla dövlət qurumudur. Bu günsə Qafqaz Müsəlmanları İdarəsinin məqsədi müsəlman dindarların heç dövlətə də deyil, məhz hakimiyyətə loyallığını təmin etməkdir. Biz dəfələrlə Şeyxülislamın ölkədəki qanunları pozaraq kimisə, hansısa siyasi qüvvənisə dəstəkləməyə siyasi çağırışlar etdiyini görmüşük. Amma bir gerçək də var ki, belə davranışlar sözügedən İdarədən çox, siyasi hakimiyyətin yaratdığı şəraitdən qaynaqlanır.

ETİRAF ETMƏK LAZIMDIR Kİ...

Nəticədə etiraf etmək lazımdır ki, müxtəlif səbəblərdən, dindarlar bir yana, İdarənin geniş ictimaiyyət arasında da əlahiddə nüfuzu yoxdur.

Son olaraq qeyd etməliyəm ki, əlbəttə, arada-sırada, sekulyar dövlətlə dini əqidə arasında ciddi problemlər yaranır. Tutaq ki, təhlükəsizlik məsələləri, yaxud dövlətin dünyəvi əsaslarının qorunması ilə bağlı. Amma kimin nə vaxt bayram etməsinin və namazı nə vaxt qılmasının təhlükəsizliyə, dövlətin sekulyar mahiyyətinə heç bir aidiyyəti yoxdur. Demokratik dövlət kimin nə vaxt namaz qılıb, bayramı nə vaxt keçirməsi kimi məsələlərə qarışmamalıdır. Bu sırf din azadlığı məsələsidir ki sekulyar dövlət buna sayqı göstərməli və özündən yeni din uydurmağa çalışmamalıdır.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir

XS
SM
MD
LG