Keçid linkləri

Təcili xəbərlər

D.Trump prezident seçilsə, Azərbaycan bir sualın cavabını biləcək


Donald Trump
Donald Trump

AMERİKADAN ÖYRƏNƏCƏKLƏRİMİZ

Qızmar yayın siyasəti də ona bənzədi. Son günlərin gərgin siyasi olayları havanın bürküsünü də unutdurdu sanki.

Ötən həftə - avqustun 8-də bir zaman hüdudunu da adladıq – artıq ABŞ-dakı prezident seçkilərinə üç aydan da azvaxt qalıb...

Bəlkə də bu mövzudan yapışmağım bir qədər qəribə görünəcək, hətta bir az anlaşılmayacaq da.

Ola bilsin, oxucular belə desinlər: «ABŞ-da prezident seçkisi nə böyük iş olub ki, hələ durub onun gedişini də hər gün izləyək?».

Bəlkə də haqlı olacaqlar, amma deyim ki, bu seçkinin detalları Azərbaycandan ötrü də çox ibrətamiz ola bilər...

Məsələn, dünyanın ən demokratik ölkəsində - ABŞ-da prezidentliyə namizədlərin yaşı 35-dən az olmamalı, onlar, ən azı, 14 il burada yaşamalıdır...

Bu yaxınlaradək Azərbaycanda da aktiv seçki hüququ ilə bağlı konkret yaş məhdudiyyəti vardı. Amma indi Konstitusiyaya təklif edilən düzəlişlər qəbul olunandan sonra təzəcə pasport almış, ola bilsin, ali məktəbdə semestr imtahanından kəsilmiş hər bir azərbaycanlı tələbə də prezidentliyə namizəd ola biləcək. Onlardan hər hansı birinin vitse-prezident olması da artıq möcüzə sayılmayacaq...

Doğrusu, ümidim vardı ki, Konstitusiya Məhkəməsi «diplomatik» tərzdə, hakimiyyəti möhkəm çimdikləmədən bu düzəlişi rədd edər və ya onu dəyişər. Di gəl, belə olmadı və Konstitusiya Məhkəməsi bütün düzəliş təkliflərini o dərəcədə məqbul saydı ki, sanki düzəlişlər elə onun öz iştirakıyla tərtib olunmuşdu...

Bu azmış kimi, təklif olunan düzəlişlər bəzilərinin yadına Şah İsmayılı saldı. Amma bir daha vurğulayıram ki, Şah İsmayıl monarx idi. Keçmiş monarxiyalarda isə belə hallar – gənc monarxların hakimiyyətə çox erkən yaşlarda gəlişi elə də nadir hadisə deyildi. Üstəlik, hələ məlum deyil ki, o vaxtlar ölkəni kim idarə edirdi – 14 yaşlı İsmayıl, yoxsa saray əyanları?

Həm də maraqlı sual doğur: İndiki Azərbaycanda nə baş verir? Bəlkə bura da artıq monarxiyadır və yaxud ölkə monarxiyaya çevrilmək üzrədir?

Buna da bax - Konstitusiyada nələr necə dəyişdirilir? (Müqayisəli mətn)

SİYASƏTDƏ İNSTİTUSİONALLIQ VƏ PERSONALLIQ...

Digər məsələlərə gəlincə, ABŞ-dakı seçki başqa yönlərdən də maraq doğurur. Əsas iki namizədi hamı tanıyır, onların təxmini şansları da sirr deyil. Böyük ehtimalla D.Trump prezident olmayacaq, axı onun prezident olacağı təqdirdə çox şeylər dəyişməli və bir vaxtlar SSRİ-də olduğu kimi, «yenidən qurulmalıdır».

Üstəlik, sorğular (düzdür, sorğu gerçək seçkini əvəzləyə bilməz) H.Clinton-u önə çəkir və nəticələrə görə, o, rəqibi D.Trump-ı bir qədər qabaqlayır. Amma şəxsən mən çox istərdim ki, D.Trump prezident olsun. H.Clinton-la bağlı hər şey aydındır, O, dövlət katibi çalışarkən, geyimini də dəyişməmişdi. Amma Trump başqa məsələdir – bu adam başdan-ayağa və ayaqdan-başa əsl «yenilik»dir...

Təbii ki, onun antimüsəlman ritorikası, bəzi hallarda V.Zhirinovsky-nin çıxışlarını xatırladan bəyanatları məni də çox ehtiyatlandırır. Di gəl, bir siyasi təhlilçi marağı mənə rahatlıq vermir. Düşünürəm ki, görəsən, Trump seçilərsə, dünyada və ABŞ-da nə baş verəcək, hansı qlobal və ya lokal dəyişikliklər olacaq?

Həm də burada bir köklü məsələ var. Trump seçilsə, bu sual da cavablanacaq: ABŞ siyasəti nə dərəcədə institusional və ya nə dərəcədə personaldır? Bir adam – ayrıca şəxs bu siyasətə nə qədər yenilik gətirə və yaxud onu nə qədər dəyişə bilər?

Biz bu halda «ABŞ siyasəti» və «ABŞ maraqları» kimi deyimlərə daha rahat və asan yozum verə bilərdik, nəinki indi...

DÖVLƏTÇİLİK İMMUNİTETİ...

Qayıdaq Azərbaycana. Burada hər şey aydındır – bu ölkədə bütün avtoritar dövlətlərdə olduğu kimi, siyasət institusional deyil, daha çox personaldır. Bir adamın iradəsi hər şeyi həll edir və əsas «siyasi üfüqlər»i müəyyənləşdirir...

Məsələn, bir daha Konstitusiyaya təklif edilən düzəlişlərə baxıram. Heç kim deməz ki, bunun üzərində hansısa böyük qrup və ya siyasi təşkilat iş aparıb, sanki hər şey çox dar bir dairənin diqtəsilə yazılıb...

Əslində, 1995-ci il Konstitusiyası yetərincə avtoritar sənəd idi. Amma hətta o da idarəetmə də institusionallıqla personallıq arasında bəlli hədd qoymuşdu.

O vaxtdan indiyədək təklif və qəbul edilən düzəlişlər dövlətdə personallığı artırmağa, institusionallığı azaltmağa yönəlib. Bunlar yetkili bir dövlət qurumu təsiri bağışlamayan parlamenti də çox görür, onu da bircə adamın iradəsindən asılı vəziyyətə salırlar!..

Bir daha deyirəm ki, dövlət institusional bir məzmun alanda, hər adam onun sükanını istədiyi istiqamətə yönəldə bilmir və ya başqa cür desək, dövlətçiliyin də özünün immuniteti – dirənişi olur. Trump-ın seçilməsində özümü ona görə «maraqlı tərəf» sayıram ki, institusionallıqla personallığın nisbətini ABŞ siyasətində də görmək istəyirəm.

Azərbaycanla bağlı hər şey aydındır və söz bitib. Sadəcə, ABŞ-ı da «dişimə vurub» bərkini-boşunu bilmək istəyirəm...

Düzü, əvvəllər belə fürsət əlimə keçməyib – ABŞ siyasəti hər addımı proqramlaşdırılmış və nizamlanmış sex kimi işləyib.

Builki prezident seçkisi, prinsipcə, yeni durum doğura bilər – böyük bir ölkənin və elə dünyanın da taleyi suallı qalsa da...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir

Ən son yazılan

XS
SM
MD
LG