Keçid linkləri

Təcili xəbərlər

'Ola bilməz!' məntiqi və ABŞ-dakı seçkilər


Donald Trump- Vladimir Putin-Hillary Clinton
Donald Trump- Vladimir Putin-Hillary Clinton

SİYASƏT GÖZ YAŞLARINA İNANMIR...

ABŞ-da prezidentliyə namizədlərdən birinin – H.Clinton-un səhhətində problemlərin olması haqqındakı xəbər düzü, bir az həyəcan yaratdı.

Ona görə ki, bu ölkədə seçicilər, adətən, prezidentin səhhətinə çox diqqətli olurlar. Özəlliklə bütün digər neqativ məlumatlar kimi, namizədlərin sağlamlıq durumuna dair bilgilər onların diqqətini dərhal cəlb edir.

Bəri başdan deyim ki, məsələ həm də bir məqama görə diqqətimi çəkdi - uzaq bir ölkənin vətəndaşı olsam da, seçkidə H.Clinton-un qalib gəlməsini arzulayıram. Bəlkə də respublikaçıların namizədi D.Trump deyil, başqa bir adam olsaydı, o qədər də fərqinə varmazdım. Amma nə gizlədim, Trump bizi özünün qeyri-adi «səmimiyyəti» ilə, həqiqətən də, qorxudur...

Yox, məsələ yalnız onun antimüsəlman çağırışlarında, miqrantların əleyhinə söylədiklərində deyil. Məncə, Clinton daha çox böyük bir dövlətin, özü də ABŞ kimi dövlətin prezidentinə bənzəyir, nəinki azca əvvəl haqqında bəhs etdiyimiz cənab Trump...

D.Trump digər bir dövlətin – Rusiyanın prezidentinin qarşısında o qədər kiçilir ki, bu, hətta amerikalı olmayan bir kəsdə də xoş təəssürat oyatmır. Ondan bir qədər fərqli olaraq Clinton V.Putin-i «Rusiya diktatoru» adlandırır. Etiraf edirəm ki, bu sözlər bizlərin – keçmiş SSRİ-nin avtoritar rejimlərinin əlindən bezmiş insanların ürəyini oxşayır.

Buna da bax-Trump-Anar sövdələşməsi ABŞ-a necə bir təhlükə yarada bilər?

Ümid edirəm ki, xanım Clinton prezident olarsa, təkcə Rusiyanın despotları deyil, eləcə də digər kiçik «avtoritar ada»ların liderləri də, ən azı, siyasi qınağa və tənqidə məruz qalacaqlar. Bu isə, ola bilsin, onların siyasi ambisiyalarını, az da olsa, cilovlayacaq...

Hərçənd, dövlət katibi olarkən, xanın Clinton məndə bir o qədər xoş təəssürat oyatmamışdı. O, Bakıya səfəri zamanı müxalifət nümayəndələri ilə görüşmədi, halbuki bundan az əvvəl - Gürcüstanda olarkən, nəinki yerli ictimai fəallarla, o cümlədən müxalifət təmsilçiləri ilə görüşmüş və ölkədəki vəziyyəti ətraflı müzakirə etmişdi... Amma yenə də mənə elə gəlir ki, Clinton prezident olarsa, həm ABŞ, həm də digər ölkələrə daha yaxşı olar. Düzdür, son söz, təbii ki, ABŞ seçicisinindir və bu seçimə hörmətlə yanaşılacaq...

PUTIN-İN DOSTU ONSUZ DA ÇOXDUR...

Bütün bunları ona görə yazdım ki, həyəcanımın səbəbi aydın olsun və bir daha deyirəm ki, həkimlər, hələlik Clinton-un səhhətində prezident olmağını əngəlləyəcək hər hansı ciddi problemin olmadığını deyirlər. Amma seçici - ABŞ seçicisi daha tələbkar ola bilər...

Buna da bax-D.Trump prezident seçilsə, Azərbaycan bir sualın cavabını biləcək

Trump-a gəlincə, belə ərz edirlər ki, o, prezident seçilərsə, ABŞ tarixində ən sağlam prezident olacaq. Mən ona daha da sağlam olmağı, amma prezident seçilməməyi arzu edirəm. Ümid edirəm ki, onun tərəfdarları mənim bu «qarğışlar»ımı anlayarlar, axı V.Putin-in dostu onsuz da çoxdur...

BİR ADAM SİYASƏTİ NƏ QƏDƏR DƏYİŞƏ BİLƏR?

Amma kim bilir? Bir də gördün, hər şey tərsinə oldu və Trump prezident seçildi!..

Doğrusu, bizim bütün mülahizə və hətta ümidlərimiz «ola bilməz!» məntiqinə söykənir. Bəli, ona görə ola bilməz ki, ABŞ indi də ABŞ-dır, Rusiya isə Rusiya! Bunların bir söz deməsi, necə deyərlər, bütün məsələlərdə «bir nöqtəyə vurma»sı üçün Rusiya hələ çox dəyişməli vəbəlkə də daha bir «yenidənqurma» yaşamalıdır...

Bir dəfə yazmışdım ki, Trump-ın prezident olmasını ona görə istərdim ki, ABŞ siyasətində personallıqla institusionallığın nisbətini bilmək istəyirəm. Bəli, bir adamın - ABŞ siyasətinin birinci adamının istəkləri bu ölkənin siyasətini nə qədər yönəltmək iqtidarındadır? «Amerika marağı» deyilən siyasi ifadə nə qədər obyektiv məzmuna malikdir?

Doğrusu, indi bu suallara birmənalı cavab verməyə çətinlik çəkirəm. Axı indiyədək gördüyüm ABŞ prezidentləri və prezidentliyə namizədləri bəlli siyasi çərçivə hüdudlarında davranıblar. Onlara ötəri baxmaq yetib ki, «Bu adam böyük siyasət adamıdır!» qənaətinə gələsən.

İndisə, ilk dəfə olaraq, tam qeyri-müəyyən bir durum yaranıb. Əvvəldə dediyim kimi, D.Trump o qədər «səmimi»dir ki, bu «səmimiyyət» adamı təlaşlandırır. Bilirsiniz, insanların hamısı həm də azacıq mühafizəkardırlar. Onlar müəyyən bir həddədək liberal ola bilirlər. Bu, da təbiidir, əks təqdirdə hamı inqilabçı olardı. Elə bu səbəbdən, hər şeyi uçurmaqla, hər şeyi «yenidən qurmaqla» hədələyənlər adamda elə də simpatiya və güvən oyatmırlar. Dünyada və eləcə də bəzi ölkələrdə bəlli bir sistem qurulub. Təbii ki, onlar inkişaf etməli və mükəmməlləşməlidir. Amma «evolyusiya» sözünün əvvəlinə bir «r» hərfi artıranda, başqa şey alınır...

Amma yenə deyirəm ki, bilmək olmaz hələ noyabrda amerikalıları da, elə bizim özümüzü də hansı sürprizlər gözləyir. Ən azı ona görə ki, «Ola bilməz!» məntiqi də bütün formal məntiqlər kimi quru, mücərrəd müddəalara söykənir. Bu müddəalarsa hər durumda özünü doğrultmaz...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG