Keçid linkləri

Təcili xəbərlər

Bəs Xocalıya və ya Krıma görə kim üzr istəyəcək?


R.T.Erdoğan və V.Putin
R.T.Erdoğan və V.Putin

-

SAVAŞ VƏ... BARIŞ

İsrailin Türkiyədən, sonuncunun da Rusiyadan üzr istəməsi Böyük Britaniyanın Avropa Birliyindən çıxmaq qərarından heç də az diqqət çəkmədi. Neçə gündür ki, jurnalistlər bu məsələnin yeni-yeni detallarını xəbərləməklə və «boyat» məqamları təhlil etməklə məşğuldurlar...

Gerçəkdən mühüm hadisə idi. Bunun təkcə Rusiya – Türkiyə münasibətlərinə deyil, ümid edirəm ki, bütövlükdə bölgədəki geosiyasi və siyasi teatra faydası dəyəcək.

Sivil, bir başqa sözlə, özünə mədəniyyət hopdurmuş dövlət yanlışlarını etiraf etməyi də bacarmalıdır. Hələ məlum təyyarə olayı baş verərkən, dəfələrlə yazmışdım ki, paraşütlə enən və elə bir təhlükə mənbəyi olmayan pilotu vurmaq qətiyyən düzgün deyil. Axı savaşın da yazılmış və yazılmamış qanunları var.

Düzdür, Türkiyə və Rusiyanın Suriya olaylarına münasibəti elə əvvəldən fərqlənirdi, indi də ciddi fərqlənir. Amma bu məsələni də danışıqlar və diplomatiya yolu ilə çözmək olar...

A.DAVUTOĞLU-NUN MİRASI...

Barışığı zəruri edən başqa səbəblər də vardı. Barışıq və sülh bütün hallarda qarşıdurma və ixtilafdan daha yaxşıdır. Həm də sanksiyalar birtərəfli təsirə malik olmur. Bu bir neçə ayda istər Türkiyə, istərsə Rusiya iqtisadiyyatı sanksiyalardan çox ziyan çəkdi. Özəlliklə Türkiyə iqtisadiyyatının mühüm sektoru – turizm çox gerilədi...

Burada Türkiyə hökumətindəki dəyişiklikdən sonra ölkə siyasətində hiss olunan yenilik notlarını da qeyd etmək yerinə düşər. Türkiyənin böyük siyasət və diplomatiyasına «Qonşularla sıfır problem doktrini»ylə gələn əski baş nazir A.Davutoğlu ölkəni, az qala, bütün dünyayla «kəllə-kəlləyə» qoymuşdu. Bəzən Türkiyəyə sevgimə görə, bu detalı «görməməyə» çalışırdım. Amma dözülməz siyasət idi. İndi İsraillə münasibətlər tam normallaşmaq üzrədir. Rusiya prezidenti də artıq hökumətə Türkiyə ilə əlaqələri normallaşdırmağa yönələn göstərişlər verib. İki ölkə prezidentinin görüşəcəyi tarix də təxminən bəllidir...

RUSİYANIN BÖYÜK GÜNAHLARI...

Amma bir məsələni qeyd etməkdən özümü heç cür saxlaya bilmirəm. Bir daha deyirəm ki, barış və sülh çox önəmlidir. Bir şərtlə ki, bu, selektiv xarakter daşımasın, hamıya və bütün məsələlərə şamil olunsun. Bunu niyə diqqətdə saxlayıram? Deyim: Bu günlərdə bir ukraynalının Rusiya haqqında dediyi fikir mənə çox təsir etdi. O demişdi ki, Rusiya ilə qonşu olmağın özü böyük bədbəxtlikdir...

Bu fikir çox kəskin deyilsə də, həqiqətdən çox da uzaq deyil. Kimə olmasa da, biz azərbaycanlılara bunu isbat etməyə ehtiyac yoxdur. Ən azı ona görə ki, Ermənistan hərbçiləri məhz Rusiya sayəsində hərbi uğur qazandıqlarını etiraf ediblər. Hələ Xocalını demirəm və bunun üzərindən sükutla keçirəm. Amma 366-cı alay başqa bir ölkənin deyil, Rusiyanın hərbi hissəsi idi...

Bu minvalla Rusiyanın digər günahlarını - Abxaziyanı və Cənubi Osetiyanı, Gürcüstana qarşı rüsvayçı müharibəni, Dnestryanı bölgəni yada salmaq olar...

Bu siyahıda, təbii ki, Krım və Şərqi Ukrayna da mühüm yer tutur. Ona görə, ritorik şəkildə olsa da, bir sualı təkrar etmək zorundayam: Bəs bütün bunlara görə kim üzr istəyəcək?

V.Putin və İ.Əliyev
V.Putin və İ.Əliyev

BAKI ƏVVƏLDƏN ÖZÜNÜ SIĞORTALAMIŞDI...

Təbii ki, iki ölkənin münasibətlərinin normallaşması Azərbaycana da təsirsiz deyil, ancaq rəsmi Bakı özünü əvvəlcədən sığortalamışdı. Bəli, iki regional üçbucaq yaradılmışdı. Birincisi, Rusiya –İran - Azərbaycan, ikincisi isə Türkiyə - Gürcüstan - Azərbaycan. Bu formatlar çərçivəsində müxtəlif rütbəli məmurların aramsız görüşləri keçirilir və məsləhətləşmələr aparılırdı. Bakı Rusiya ilə Türkiyə arasında da vasitəçilik etməyə çalışır, özünü iki güclü dövlət arasındakı çox ziddiyyətli «arakəsmə»dən qorumağa cəhd göstərirdi. Buna nail də ola bildi. Təsadüfi deyil ki, Türkiyə hökuməti məhz bu vasitəçiliyə görə, ilk növbədə, Azərbaycan və Qazaxıstan rəhbərlərinə minnətdarlığını bildirdi...

PETERBURQ DA LİSSABONA ÇEVRİLDİMİ?

O ki qaldı daha konkret nəticələrə və bu barışın Qarabağ problemində hər hansı şəkildə öz ifadəsini tapmasına, burada elə də uzağagedən və ifrat optimist nəticələrə getməyək. Son - Peterburq görüşünə gəlincə, onu da, az qala, bir vaxtların çox məşhur «Lissabon sammiti»ndəki «tarixi qələbə»yə çevirdilər.

Ermənistan və Rusiya qaynaqları, hətta rəsmiləri çox fəal şəkildə rəsmi Bakının Peterburq görüşündə əldə olunmuş «razılaşma»lar haqqında dediklərini təkzib etdilər. Düzdür, eyni vaxtda mətbuata «yeni Putin planı» haqda məlumatlar da sızdı, amma bu, Peterburq görüşündə hər hansı ciddi şifahi və ya yazılı razılaşma olması mənasına gəlmir...

İ.Əliyev və S.Sarkisian Peterburqda.
İ.Əliyev və S.Sarkisian Peterburqda.

PETERBURQ GÖRÜŞÜ NİYƏ ŞİŞİRDİLİR?

İndi başqa bir məsələ daha önəmli görünür. Düşünürəm ki, Böyük Britaniyanın AB-ni tərk etməsi Avrasiya İttifaqına yönəlik istəkləri də yersiz qılığına salır. Avrasiya İttifaqına qoşulmaq zəminində rəsmi Bakının hansı bir cəhdi gözə dəymir, amma Rusiya rəsmiləri hər fürsətdə buna işarə etməkdən yorulub-usanmırlar. Məsələ aydındır. Rusiya yenə də Ermənistanın problemini çözməyə çalışır. Avrasiya İttifaqının özünün ümumi perspektivsizliyi bir yana, Azərbaycan bu quruma üzv olmazsa, Ermənistanın üzvlüyünün heç bir mənası qalmayacaq, çünki Birliyin Ermənistanla hətta sərhədi də yoxdur!

Amma düşünmürəm ki, Bakının Avrasiya İttifaqı ilə bağlı ciddi plan və ya niyyəti olsun. Peterburq görüşü ətrafında ajiotaj yaratmağın da yalnız bircə səbəbi var.

Bunu anlamaqdan ötrü görüş ərəfəsində səslənən bəyanat və çağırışları xatırlamaq yetər: biri Ermənistana konkret vaxt verməyə çağırır, digəri isə dərhal savaş təbili çalmağa səsləyirdi...

İndi rəsmi Bakı necə davransın? İnsanlara necə izah etsin ki, «lazım hələ də gəlməyib»?

Bu üzdən, bir neçə ay insanların başını «tarixi uğur»larla qatacaq, sonra da deyəcəklər ki, bəs, Ermənistan rəhbərliyi sözünün arxasından qaçdı! Bəs daha sonra - lap axırda nə olacaq? Bax, bunu mən də bilmirəm. Amma əminəm ki, nəsə tapıb deyəcəklər - bunu 23 il bacarıblarsa, deməli, yenə bacaracaqlar...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG