Keçid linkləri

Təcili xəbərlər

Avtoritarizm və siyasi İslamdan qurtulmağın tək yolu


Təhsil Nazirliyi qarşısında hicaba dəstək aksiyası - 2010
Təhsil Nazirliyi qarşısında hicaba dəstək aksiyası - 2010

Siyasi, bəzən də radikallaşmış İslamYaxın Şərqin əksərölkəsində avtoritar rejimlərin əsas alternatividir. Seçim imkanı yalnız bu ikisi arasındadır. İran, Misir, Liviya, Əlcəzair, Suriya, İraq, hətta bəlli mənada Türkiyədəki durum da buna misal göstərilə bilər. Belə status-kvo, ilk növbədə, məhz avtoritar idarəçiliyin uzun sürməsindən, azadlıq və demokratiyanın gecikib-gecikdirilməsindən qaynaqlanır.

AVTORİTARİZM UZUN SÜRDÜKCƏ FƏSADLARI ÇOXALIR

Görünən odur ki, bu status-kvo hələ də sürməkdədir. Hətta Orta Asiya ilə özümüzə baxsaq, sıralarını daha da genişləndirmək potensialı da var. Başqa deyimlə, avtoritarizmin ömrü uzandıqca, demokratiya gecikdikcə radikalizmin bazası genişlənməkdə, perspektivi artmaqdadır.

Uzun müddət hakimiyyətdə qalan korrupsioner avtoritarlar azadlıqların boğulması hesabına qazanılan siyasi sabitliyi uğur kimi qələmə verirlər. Ancaq korrupsiyanın tüğyan etdiyi, rifah və ləyaqətin olmadığı bir şəraitdə davamlı sabitlik mümkün deyil, üstəgəl, ardınca xaos perspektivini stimullaşdırır.

Məsələ orasındadır ki, bu regiondakı avtoritarların hakimiyyəti hər vəchlə saxlamaq istəyi şəffaf seçkini, azad medianı, toplaşmaq azadlığını, fikir müxtəlifliyinı və qanunun aliliyi kimi demokratik dəyərləri sıradan çıxarır. Dünyəvi demokratik müxalifət və vətəndaş cəmiyyəti də repressiyalar, sivil siyasi mübarizə meydanının boğulması, dəstək bazasının seyrəlməsi nəticəsində (ki, bunda təhsilin tənəzzülü ayrıca rol oynayır) zəiflədilərək, ya marginal duruma salınır, ya da tam yox edilir.

Buna da bax - Azərbaycanda şəriət dövlətinin qurulması niyə mümkün deyil

Di gəl, demokratiya tərəfdarı olan dünyəvi müxalifətin sıradan çıxarılması cəmiyyətdəki narazılıqları aradan qaldırmır, olsa-olsa, bu narazılıqların mədəni və dinc şəkildə təmsilçiliyinə zərbə vurur. Avtoritarların korrupsiylaşması isə azad iqtisadi rəqabəti boğmaqla, əhalinin sosial rifahını pisləşdirməklə, sosial bərabərsizliyi dərinləşdirməklə, qanunun aliliyini tapdalamaqla, ədalətsizliyi cəmiyyətin ciddi bəlasına çevirməklə, seçkiləri saxtalaşdırmaqla, əksinə, narazılıqların daha da kəskinləşməsinə yol açır.

MEYDAN BOŞ QALMIR

Sivil dünyəvi müxalifətin zəiflədilib sıradan çıxarılması şəraitində, aydındır ki, meydan boş qalmır. Siyasi İslam bu artan narazılığın, ümumi ədalətsizliklə mübarizənin əsas bayraqdarına çevrilir, bir sıra hallarda isə radikal mübarizə metodlarına da əl atır.

Yaxın tarixi təcrübə göstərir ki, bəzən diktaturaların labüd çöküşü ilə gələn azad seçkilər şəraitində mötədil siyasi İslam belə, əslində, alternativsiz qalibə çevrilsə də, ideoloji təməlindən doğan səbəblərlə, çox vaxt demokratiyaya uğrunda mübarizə apardığı siyasi sistem kimi deyil, Şəriət idarəçiliyinə keçidə vasitə kimi baxıb. Şəriət istəyi, təbii ki, demokratiyanı, azadlıqları dərinləşdirməyib, avtoritarizmdən fərqli şəkildə də olsa da, onların boğulması ilə nəticələnib.

Dünyəvi avtoritarizmlə siyasi İslam rəqib olsalar da, demokratiya və azad cəmiyyət dəyərlərinə oxşar yanaşma onların ortaq özəlliyidir. Bu ortaq özəllik onların demokratik dəyələrin assosiasiya olunduğu Qərbə də birgə mənfi münasibətini şərtləndirib.

XALQI ANTİQƏRB OVQATINA KÖKLƏMƏKLƏ...

Avtoritarizmlər demokratik dəyərlərə düşmən münasibətindən dolayı davamlı antiqərb təbliğatı aparıb. Onlar xalqı antiqərb ovqatına kökləməklə, bu ovqatı özlərinin populist dayaqlarına çevirmək niyyəti güdüblər. Dini dəyərlərə qətiyyən səmimi bağlılığı olmayan belə sekulyar despotlar «onlar müsəlman olduğumuza görə inkişafımızı istəmirlər» kimi populizmlərdən, konspiroloji yanaşmalardan da gen-bol yararlanıblar. Hakimiyyətini qorumaq naminə azadlıqlara düşmən kəsilən despotlar, demokratiyanı Qərbin imperializmi yaymaq vasitəsi, demokratik müxalifət və vətəndaş cəmiyyətini isə «5-ci kolon» kimi qələmə veriblər. Olub ki, avtoritar hakimiyyətlər Qərblə münasibətlərin gərginləşdiyi anlarda radikallara demokratiya dəyərləri əleyhinə açıq təbliğat imkanı da yaradıblar. Ədalətsizlik içində boğulan zavallı müsəlman cəmiyyətləri həm rəsmi təbliğatdan, həm də dini çevrələrdən sürəkli antiqərb ritorikası eşidib.

Buna da bax - Avropanı oyadıb özü 'yuxuya gedən' İslam fəlsəfəsi

Bu da var ki, rəsmi dövlət təbliğatında antiqərb ritorikasını yayan despotlar qapalı qapılar arxasında həmin Siyasi İslamı göstərərək, Qərblə danışıqlarında: «Bizə dəstək verin, yoxsa biz getsək, bunlar gələcək» təbliğatını da aparıblar. Bu üzdən, avtoritarlar, əslində, radikal İslamın nəzarət edilə biləcək səviyyədə, amma yenə əsas alternativ kimi qalmasında maraqlıdırlar.

TƏK YOL ODUR Kİ...

Avtoritarlar antiqərb ritorikası ilə xalqın beynini yusa da, arxa qapılardan Qərblə təmaslar quraraq, var-dövlətlərini oradakı banklara, bizneslərə, özəl mülkiyyətə yatırıb, kontraktlar, rüşvətlər paylayıblar. Onu da vurğulamaq lazımdır ki, Qərb siyasi dairələrinin müxtəlif maraqlardan dolayı gah despotik korrupsioner rejimlərlə, gah da «Taliban» kimi cərəyanlarla iş birliyinə getməsi də bütövlükdə demokratik dəyərlərə inamı ciddi şəkildə sarsıdıb.

Yaranmış durum həm İslam aləminin inkişaf perspektivini dalana dirəyib, həm də bütövlükdə dünyanı ciddi güvənlik problemləriylə üz-üzə qoyub. Heç kim bu perspektivdən sığortalanmayıb vəAzərbaycan da 25 il müstəqillikdən sonra onunla üz-üzə qalıb. Bu acı perspektivdən rejimi sərtləşdirmək, azadlıqları tam sıradan çıxarmaqla qurtulmaq mümkün deyil. Tək yol - dünyəvi demokratik müxalifət tam marginallaşıb radikallarla əvəzlənmədən demokratik dəyişiklik və islahatlara başlamaqdır.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG