Keçid linkləri

Təcili xəbərlər

Tandem pozulacaqmı?


Dmitri Medvedev və Vladimir Putin
Dmitri Medvedev və Vladimir Putin
Əslində böyük siyasət heç vaxt tandemsiz və ittifaqsız ötüşmür. İstəsək elə Azərbaycanın və ya başqa ölkələrin siyasi təcrübəsində də özünəməxsus siyasi tandemlərin izini tapa bilərik. Ola bilsin, bu amil siyasətin assosiativ mahiyyətindən irəli gəlir. Amma nədənsə tandem deyərkən dərhal Rusiya, onun prezidenti və Baş naziri arasındakı siyasi ittifaq yada düşür. Bəlkə bu yanaşma bu ölkədəki tandemin daha qabarıq və nəzərəçarpan olmasından yaranır. Dünyanın heç bir ölkəsində prezident Baş nazirdən bu qədər asılı deyil. Özünəməxsus tandem ABŞ-da B.Obama ilə X.Klinton, Türkiyədə isə A.Gül ilə R.T.Ərdoğan, yaxın çevrədə isə vaxtilə M.Saakaşvili ilə Z.Jvaniya və N.Burcanadze arasında olmuşdu. Yəni, siyasətdə bunsuz ötüşmək bəzən çətin olur. Amma prezident D.Medvedevin bir prezidentlik müddəti tamamilə bir sualın cavabına həsr olundu: növbəti dəfə prezident kim olacaq? Yaxın günlərdə bu məsələ bütün ciddiliyi ilə gündəmə gəlmişdi. Baş nazir V.Putin bir işarəsilə prosesi müvəqqəti dondurdu, çünki, məsələ hətta siyasi etika çərçivəsindən kənara çıxırdı. Təsəvvür edin, bütün dövlət aparatı, məmur korpusu indiki vəziyyətə müvəqqəti hal kimi baxır, özünü daha çox növbəti prezidentin dövrünə hazırlayır. Belə olan təqdirdə dövlət aparatı heç işləyə bilərmi? Məsələnin mürəkkəbliyi həm də ondadır ki, onu uzun müddət üçün dondurmaq mümkün deyil, ən azı ona görə ki, təxminən il yarımdan sonra ölkə prezident seçkisini keçirməli və növbəti illər üçün əsl prezidenti təyin etməlidir, çünki ötüşməkdə olan müddət ərzində əsl prezidentin kimliyi bəlli olmadı.

PUTİNİN UĞURUNUN SƏBƏBİ NƏDƏDİR?

Putin Rusiya siyasətində əsl fenomendir, bunu inkar etmək mümkün deyil. Səbəb çoxdur. İlk öncə Putinin paternalizmi üzərində dayanmaq lazımdır. Bu, adi məsələ deyil. Ruslar «çar baba» və sovet dövrünü keçmiş millətdir. Ona görə də onlar dövlətə və dövlət başçısına həmişə hami, bir himayədar kimi baxır. Cəmiyyət, xüsusən də vətəndaş cəmiyyəti inkişaf etməyəndə güclü bir siyasi liderə ehtiyac olur və o, lider sözün əsl mənasında hamı haqqında «düşünür». Daha bir səbəb ölkə siyasətinin ifrat dərəcədə personifikasiya olunmasındadır, siyasət ciddi şəkildə institutlaşmayıb, siyasətə instituasion bir amil kimi deyil, xarizmatik lider ətrafında formalaşan qrup kimi baxırlar.

Dünyanın heç bir ölkəsində prezident Baş nazirdən bu qədər asılı deyil
Həm də Putin ciddi imicmeykerdir. Məsələn, Medvedev başa düşmür ki, özü haqda intellektual bir siyasətçi imici formalaşdırmaq onun siyasi imicinə ciddi heç nə əlavə etmir, çünki Rusiya siyasətində heç vaxt intellektuallar dəbdə olmayıb. Müxtəlif dövrlərdə İntellektuallar olub, məsələn, Yavlinski, Qaydar və ya Çubays! Amma onlar siyasi olimpdə elə bir uğur qazanmayıb.

Ruslarda bir «rus kişisi» siyasi obrazı var. Onlar vaxtilə Yeltsinə «çar Boris» deyəndə, bu formulda həm öz sevgilərini ifadə edirdilər. Putin bunu gözəl anlayır. Elə ona görə də ölkə siyasətindən uzaqlaşdırılmaq üçün hətta BMT-yə, BOK-a dəvət alan bu rus siyasətçisi öz millətinin siyasi şüurunu hələ də cəlb etməkdədir.

MEDVEDEV NİYƏ VƏ NEСƏ PREZİDENT OLMUŞDU?

Bu sualların ən asanıdır. İndi hamı bunun cavabını bilir. Elə ötən seçki vaxtı sosioloqlar bir detala diqqət yetirmişdilər. Ölkə əhalisinin 70 faizi dəyişiklik istəmirdi! Ona görə də Putinin təqdimatı ilə nəinki Medvedev, hətta Rusiya kimi ölkədə müsbət imic qazana bilməyən Çubays da prezident ola bilərdi!

İndi Medvedev ona ayrılan rolla barışmaq istəmir. Bu adam başa düşmür ki, özü haqda yaratdığı təəssürat və siyasi olimpə onu aparan yol heç cür rus siyasətçisi obrazı ilə uyuşmur. Prezidentin hətta fiziki göstəriciləri də onun üçün problemdir. Düzdür, hətta İ.Stalin böyük fiziki göstəricilərlə öyünmək imkanından məhrum idi, amma onu portretlərdə möhtəşəm bir insan kimi təsvir edir və ölkə ictimaiyyətinin şüuruna bu yolla həkk edirdilər. Dünyanın ən qısaboylu prezidenti Medvedev indi ciddi bir seçim qarşısında qalıb, ya özünün siyasi tranzit rolu ilə barışmalıdır, ya da Putini razı salmalıdır. Fəqət sonuncu mümkündürmü?

PUTİNİN SONUNCU ŞANSI

Putinin də seçimi bir o qədər böyük deyil. O, növbəti seçkidə ya prezident olmalı, ya da böyük siyasətlə, daha doğrusu, birincilik rolu ilə vidalaşmalı və özünün böyük siyasi ambisiyalarını cilovlamalıdır. Ruslar demişkən: indi «stavka» böyükdür... Oyunu kim apacaq? Bircə məsələ gün kimi aydındır. Putin ölkə elektoratını və məmurları sakitləşdirmək üçün hətta on dəfə belə bəyanat versə də, seçkiyə qədər narahat günlər və qeyri-müəyyənlik tam davam edəcək...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Ən son yazılan

XS
SM
MD
LG