Keçid linkləri

Təcili xəbərlər

Əlbir olub üç dövlət…


İran, Azərbaycan və Türkiyənin xarici işlər nazirləri aprelin 16-da İranın Urmiya şəhərində üçtərəfli görüş keçirdilər
İran, Azərbaycan və Türkiyənin xarici işlər nazirləri aprelin 16-da İranın Urmiya şəhərində üçtərəfli görüş keçirdilər
İran, Azərbaycan və Türkiyənin xarici işlər nazirləri aprelin 16-da İranın Urmiya şəhərində üçtərəfli görüş keçirdilər. Görüşdə qəbul olunan birgə Bəyannamədə maddələrin sayı-hesabı yoxdur.

BOL MADDƏLİ BƏYANNAMƏ

Sənəddə 3 dövlət arasında siyasi, iqtisadi və humanitar sahədə əməkdaşlıqdan tutmuş sülh məqsədli nüvə texnologiyalarının işlənməsi və terrorizm, narkotik maddələr, insan qaçaqmalçılığına qarşı birgə mübarizənin aparılmasına dair bəndlər yer alıb.

Bəndlərin içərisində ərazi bütövlüyünə hörmət prinsipi də vurğulanıb. Aydındır ki, bu bəndin sənəddə yer almasında daha çox Azərbaycan maraqlı olub. Ancaq kim zəmanət verər ki, başda bu prinsip olmaqla bəndlərlə bol olan bəyannamə işlək sənədə çevriləcək?

Yadımdadır, 1990-cı illərin sonunda İran və Azərbaycan təhlükəsizlik təşkilatları bir sənəd imzalamışdılar. Bu sənədə görə, iki qonşu ölkə bir-birlərinin ərazilərində kəşfiyyat işləri aparmamalıydılar. Sənədin imzalanmasından heç bir ay keçməmişdi ki, Lənkəranda İran xəfiyyəsi həbs olundu. Və ya İran Urmiya bəyannaməsində göstərildiyi kimi, BMT başda olmaqla İslam Konfransı Təşkilatında birmənalı olaraq Azərbaycanın ərazi bölüvlüyünü dəstəkləyir, işğalı pisləyir. Ancaq bu nəyi dəyişir ki? Tehran əvvəlkitək işğalçı adlandırdığı dövlətlə siyasi və iqtisadi əlaqələrini, enerji əməkdaşlığını genişləndirir. Odur ki, Urmiyada imzalanan sənəddə Tehranın «ərazi bütövlüyü» bəndinə riayət edəcəyini söyləmək çətindir.

MİSİRƏ OLAR, SURİYAYA YOX?

«Regionda baş verən hadisələrlə bağlı üç ölkə ictimaiyyətə qarşı törədilən zorakılığı pisləyir, xalqların hüquqlarına hörmət edilməli olduğunu və onların qanuni, dinc və ictimai tələblərinin yerinə yetirilməli olduğunu ifadə edir» – bu da Urmiya bəyannaməsinə aid olan bənddir.

İran birmənalı olaraq Azərbaycanın ərazi bölüvlüyünü dəstəkləyir, işğalı pisləyir. Ancaq bu nəyi dəyişir ki?
Türkiyə, Azərbaycan və İranın hakimiyyət orqanları görəsən, bu bəndlə nə demək istəyiblər? Yəni bu o deməkdirmi ki, hər üç dövlət Tunis, Misir, Liviya, Bəhreyn, Yəmən və Suriyadakı olaylara eyni mövqe ortaya qoyurlar?

Ankara ilə Tehranın ərəb dünyasında baş verənlərə baxışları oxşar olsa da, maraqlar fərqlidir. Türkiyə və İran Misir inqilabının uğur qazandığını gördükdə hər ikisi Hüsnü Mübarək rejiminin hakimiyyətdən getməsi zərurətini bildirdilər. Türkiyə Misirdə demokratik, dünyaya açıq bir rejimin formalaşmasında maraqlıdırsa, Tehran üçün daha münasib olan «Müsəlman qardaşları»nın hakimiyyəti ələ keçirməsidir.

Ən maraqlısı odur ki, Tunis və Misirdə hakimiyyət dəyişikliyini, Bəhreyndə inqilab dalğasını alqışlayan Tehran eyni yanaşmanı Suriyadakı hadisələrdə sərgiləyə bilmir. Halbuki, Suriyadakı mövcud rejim artıq 200 nəfərdən çox din nümayişçini qətlə yetirib. Çünki şiə azlığının hakim olduğu Suriya yeganə ərəb dövlətidir ki, ən mürəkkəb durumlarda belə İrana dəstək verib. Ona görə də Bəhreyndə şiə çoxluğun süni avtoritar rejimə qarşı üsyanını dəstəkləyən Tehran Suriyada tamam əks mövqedən çıxır edir. Elə İran prezidenti Mahmud Əhmədinejat da açıqlamalarıyla özünü çaşdırıb.

İRANA DİRƏNƏN ƏRƏB DOMİNOSU

İki ay öncə Tunis və Misir inqilabları haqqında xoş sözlər deyən, bu proseslərin qanunauyğunluğuna işarə edən İran prezidenti aprelin 18-də Ordu Günü ilə bağlı açıqlamasında «ABŞ və onun müttəfiqləri Yaxın Şərqdə sünni və şiələr arasında ziddiyyətlər yaratmağa çalışır» deyib. Mahmud Əhmədinejat təcavüzkar güclərin bölgədə ziddiyyətlər toxumu səpməyə, fikir ayrılıqları yaratmağa, öz silahlarını satmaq üçün xalqlar və hökumətlər arasında müharibəyə sövq etməyə çalışdığını bildirib.

Əhmədinejatla bölgənin «təəssübünü» çəkdiyini ölkələr şərik deyillər. İran prezidentinin Qərbi ittiham edən açıqlamasından bir gün əvvəl Fars Körfəzi Əməkdaşlıq
Mahmud Əhmədinejat anlayır ki, Suriyada avtoritar rejim də yıxılsa ərəb dalğası İranın sərhədinə dirənəcək
Şurası ölkələrinin xarici işlər nazirləri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda bir araya gəldilər. Şuraya üzv olan Bəhreyn, Küveyt, Əmman, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirlərinin birgə bəyanatında deyilir ki, İran İslam Respublikasının «bölgədəki nifaq siyasəti»nin qarşısını almaq üçün ciddi tədbirlər görmək lazımdır: «İrandan bizim daxili işlərimizə qarışmağa son qoymağı, bölgə ölkələrinə qarşı təhrikçi siyasətdən əl çəkməyini tələb edirik».

Qərbi hər zaman ikili standartlarda ittiham edən Əhmədinejat özü ikili standartlarla hərəkət edir. Rəsmi Tehran başqalarına rəva bildiyini İranda yaşayan xalqlara rəva bilmir. Misir və Tunisdə baş verən inqilablar nəticəsində müxalifət liderləri siyasi fəaliyyətə geri döndülərsə, İranda əksinə müxalifətin iki tanınmış lideri ev həbsinə alınıb. İranın Azərbaycan əyalətlərində son günlər həbs edilənlərin sayı-hesabı yoxdur. Güney azərbaycanlıların günahı odur ki, islahat və milli azlıqların hüquqlarının artırılmasını tələb edirlər.

Sülh üzrə Nobel mükafatı laureatı Şirin İbadi isə aprelin 18-də BMT-nin insan hüquqları üzrə ali komissarı Navi Pilaya məktub yazıb, sünni məzhəbli İran ərəblərinin aprelin 15-də Əhvaz şəhərində keçirdiyi dinc etiraz aksiyasının son dərəcə zorakılıqla yatırıldığını bildirib. Ş. İbadinin dediyinə görə, aksiyada 12 nəfər qətlə yetirilib, 20 nəfər də ağır yaralanıb.

İran prezidenti Suriya «təcrübəsini» ölkəsində təkrarlayır. Mahmud Əhmədinejat anlayır ki, Suriyada avtoritar rejim də yıxılsa, ərəb dalğası İranın sərhədinə dirənəcək. Belə olan halda Tehranı Urmiya bəyannaməsi kimi sənədlər xilas etməyəcək.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir
XS
SM
MD
LG