Keçid linkləri

Təcili xəbərlər

«Qanun nəyimizə gərəkdir?» sualına başqa bir arqument


Qanunlara ehtiyac «hər dəfə yenidən başlamaq», «hər dəfə sıfırdan başlamaq» kimi cəfəng situasiyadan qurtulmaq gərəyindən yaranır
Qanunlara ehtiyac «hər dəfə yenidən başlamaq», «hər dəfə sıfırdan başlamaq» kimi cəfəng situasiyadan qurtulmaq gərəyindən yaranır
HÜQUQDAN AZƏRBAYCANLI NARAZILIĞI

Çağdaş azərbaycanlı şikayətlərində qanunsuzluqdan narazılıq böyük yer tutur. «Bizdə hüquqi nihilizm var» - bu deyim vətəndaş fəallarının yığcam cümləsidir ki, hüquqla «nihilizm» sözlərini birləşdirdiyi üçün az qala poetik ləzzət verərək həmin şikayətə elmi əda qatır.

Bir Amerikan filmində quldurlarla atışa-atışa onları qovan igid deyir: «şəhərə qanun gəldi!». Bizdə isə sadə situasiyalarda qanunlar işləsə də, bu qanunlara rüşvətlə, «böyük və pullu» adamların tapışları ilə elə təpiklər vurulur ki, heç kimdə qanunların işləmə halları elə heyranlıq doğurmur ki, hayqırsın: «Azərbaycana qanun gəldi!»

QANUNSUZ TOPLUMUN DOLAŞIQLARI


Yunanlarda rəvayət vardı ki, farslar padşahları öləndən sonra beş gün qayda-qanunsuz yaşayırmışlar. Bu onun üçünmüş ki, qanunsuz yaşamağın dəhşətini görsünlər. Türklərin qanunsuzluğa «yolsuzluq» deməsinin anlamı odur ki, qanunsuz toplumda heç kim yol tutub gedə bilmir, çünki yol olmadığı üçün hamı bir-birinin ayağına dolaşır.

Bizim camaat qanunsuzluqların yolsuzluq anlamını yaxşı bilsələr də, qanun və onunla bağlı kurallar (qayda-qanunlar), adətlər və gələnəklər ideyalarının bir önəmli açımını bilmirlər. Onun üçün də bundan danışım.

(Türk deyimində «kurallar» onu deyir ki, qayda-qanunlar qurmaq işini görür. Bunu bizim adamlar intuitiv bilirlər ki, əgər nəyisə qurmaq lazımdırsa, necə gəldi qurmaq olmaz).

QANUNLAR VƏ QƏNAƏT PRİNSİPİ


Bəs bizim camaatın qanunlarda fərqinə varmadığı nədir? Bizim camaat bilmir ki, qanunlara ehtiyac «hər dəfə yenidən başlamaq», «hər dəfə sıfırdan başlamaq» kimi cəfəng situasiyadan qurtulmaq gərəyindən yaranır. Qanunlar bizə necə etmək, necə olmaq, necə düz olar məsələləri ilə bağlı yığcam instruksiyalar verir.
Bizdə çox asanlıqla, bərkdən deyilmədən qanunun mütləq, ya nisbi həqiqətləri inkar olunur. Onun üçün də adamlar arasında suallar yaranır
Bir düşünün, bizim hamımızın oğurluğa məruz qalmaq təhlükəsi var. İndi təsəvvür edin ki, adamın həyətindən vedrəsini götürüb aparırlar və adam oğurlayanı tutanda hər dəfə fəlsəfəni, dini-imanı, dədə-baba sözlərini, dürlü ağıllı arqumentləri gətirərək sübut etməli olur ki, ay filankəs sənin etdiyin oğurluqdur və oğurluq pisdir, ona görə də sənə ayıb olsun. Adam sübut edib geri qayıdanda görür ki, həyətindən qonşusu çəkicini aparıb. Yenə sıfırdan başlayaraq qonşusuna sübut etməli olur ki, davranışı oğurluqdur.

Bax, qanunlar bu axmaq durumu, yəni hər dəfə təzədən, sıfırdan başlamağı aradan qaldırır. İnsanlar oğurluğun nə olması, cəzasının necə olmasını bəlli edib parlamentdə qanuna yazandan sonra hər oğurluq halında uzun-uzadı deyişməyə gərək qalmır. Təsəvvür edin, biri var ki, hər dəfə oğurluğun pis olmasını sübut edəsən, sonra isə adamın hərəkətinin oğurluq olmasını göstərəsən. Bir də var ki, hər dəfə oğurluğun pis, ziyanlı olmasını sübut etməyə gərək yoxdur, məhkəmədə isə adamın hərəkətinin oğurluq olmasını sübut edirlər. Beləcə, qanunlar hər dəfə öldürməyin, vergi verməməyin, rüşvətin, ata-ana öhdəliklərinin, müqaviləni pozmağın ziyanlı olmasını sübut etməyə ehtiyacı radan qaldırırlar.

QANUNLAR VƏ DOĞRU, DÜZ OLANLAR

Qanunlar söylədiyim vəzifəni yerinə yetirmək üçün özlərində iki cür doğrudan, həqiqətdən birini daşımalıdırlar. Birinci cür doğru normal ölkə, bu ölkədə adamların birlikdə yaşaya bilməsi üçün gərəkən, Tanrı sözü və ya təbiiliklə əsaslandırılan gerçəkləri özlərinə yazırlar və bunun əsasında qənaət durumu yaradaraq yenidən nəyisə sübut etməyə yer qoymurlar. Məsələn, ədalət, yəni hər kəsin layiq olduğunu alması belə gerçəklərdəndir. Bu gerçək o qədər güclüdür ki, Azərbaycan kimi ölkələrdə ədalət həqiqətini açıq-aydın pozan qanunlar verilmir, pozmaq istəyirlərsə, rüşvətlə, tapışla, məhkəmələrlə xəlvətcə pozurlar. Deməli, normal ölkədə qanunların sayəsində hər dəfə ədalətin gərəkliyini sübut etmək kimi absurd
Niyazi Mehdi
vəziyyət aradan qalxır.

O biri cür qanunlarınsa düzlüyünü, həqiqətini «hələlik», «bu nəticələri əldə etmək üçün» düsturları daraldır. Belə qanunlar «filan sonucları əldə etmək üçün, filan sosial, birgəyaşayış «tikilisini» qurmaq üçün düzgün olanlar» bilgisini özlərinə yazırlar. Belə qanunlar aid olduqları həyat fraqmentləri ilə ilgili «hələlik necə düz olar?» sorusuna cavab verirlər. Məsələn, bir iqtisadi vəziyyətdə Vergi qanunu bir cür faiz qoyur, başqa durumda başqa cür. Bu halda da qanunun önəmi odur ki, hər dəfə vergi müfəttişi gələndə, iş adamı sıfırdan başlayaraq sübut tələb etmir ki, niyə faiz bu qədərdir?

İndi söylədiklərimdən Azərbaycanda hüquqi durum haqqında nəticə çıxarmaq olar: bizdə çox asanlıqla, bərkdən deyilmədən qanunun mütləq, ya nisbi həqiqətləri inkar olunur. Onun üçün də adamlar arasında suallar yaranır: niyə mən vergi verirəm, arxasında yüksək vəzifəli duran isə vermir? Niyə məni yoxlayırlar, onları isə yoxlamırlar? Niyə mən imtahanda doğru cavab verməliyəm, onlar isə pul verdikləri üçün cavab verməməlidirlər?

Beləliklə, qanunlar məhkəmə çəkişmələrində «sən cinayət etmisən» məsələsi üstündə dartışmaları durdurmasa da, cinayətin cinayət olmasını yenidən sübut məsələsinə yol vermirlər. Yalnız vaxtı çatanda deputatlar, ya da qiyamçılar hansı cinayətinsə cinayət olmaması düşüncəsinə, qanununa gəlirlər. Beləcə, yeni qanunla (kuralla) yeni «bina» qururlar.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG