Keçid linkləri

Təcili xəbərlər

Yunanlı Bakıda, kıbrıslı türk Yerevanda…


Yunanıstan prezidenti Karolos Papulyasın da Azərbaycana səfərinin əsl məqsədi Ankarada müəyyən suallar doğurmamış deyil
Yunanıstan prezidenti Karolos Papulyasın da Azərbaycana səfərinin əsl məqsədi Ankarada müəyyən suallar doğurmamış deyil
Azərbaycan və Ermənistana səfərlərlə bağlı maraqlı vəziyyət yaranıb. Ermənistana yaxınlığı ilə tanınan Yunanıstan prezidenti Bakıda səfərdədir, Azərbaycanla münasibətlərə önəm verən Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) bir neçə təmsilçisi isə Xankəndi və Yerevanda olub.

Kuzey Kıbrıs Türk Cümhuriyyəti Türk Partiyasının baş katibi, Kıbrıs İş Adamları Assosiasiyasının prezidenti Kutlay Erk, Kuzey Kıbrıs İnsan Haqları Fondunun sədri və Ali Məhkəmə Şurasının üzvü Əminə Çolak Britaniyanın «Beynəlxalq həyəcan» təşkilatının himayəsi ilə «Silahlı münaqişədən sonra sülhyaratma və dinc birgə yaşayış təcrübəsi – Kipr nümunəsi» mövzusunda aprelin 1-3-də Xankəndidə keçirilən dəyirmi masalarda iştirak ediblər.

Səfərdə olan kıbrıslı türklərin öz ölkələrində rəsmi vəzifələri olmasa da, Bakı bu təmasdan narahatlığını bildirib.

RƏSMİ BAKININ ANKARADAN UMACAĞI VAR

Aprelin 5-də Azərbaycanın Xarici İşlər Nazirliyi Kuzey Kıbrıs Türk Cümhuriyyətindən olan bir qrup şəxsin Azərbaycanın erməni işğalı altındakı ərazilərinə səfər etməsi ilə bağlı Türkiyəyə müraciət edib. Bu müraciət də qəribə vəziyyətdən xəbər verir. Azərbaycan XİN bir başqa dövlətin məsələsi ilə bağlı Türkiyəyə müraciət edir ki, Ankara o dövlətin təmsilçiləri ilə bağlı tədbir görsün. Məsələ burasındadır ki, XİN birbaşa KKTC rəsmilərinə müraciət edə bilmir, çünki rəsmi Bakı bəlli səbəblərdən bu dövlətin müstəqilliyini tanımır. Odur ki, Azərbaycan hakimiyyəti KKTC-yə təsiri olan Türkiyədən məsələyə müdaxilə etməsini istəyir.

Yuxarıda adı çəkilən şəxslər «Beynəlxalq həyəcan» təşkilatının himayəsi ilə martın əvvəllərində Bakıya da gələrək, bir neçə dəyirmi masada iştirak ediblər. Ancaq Bakıda Kıbrıs mövzusu ilə yanaşı, Şimali İrlandiya modeli də müzakirə edilmişdi. Böyük Britaniyanın keçmiş Baş naziri Toni Bleyerin aparat rəhbəri ilə Şimali İrlandiyanın tanınmış siyasətçilərindən biri Bakıda öz təcrübələrindən danışmışdılar. Dağlıq Qarabağda isə yalnız Kipr problemi mövzusu ətrafında dəyirmi masalar təşkil olunub. Bu da onunla bağlıdır ki, Şimali İrlandiya nümunəsi separatçıların işinə yaramır. Çünki Kiprdən fərqli olaraq Şimali İrlandiya muxtariyyət modelidir. Görünür, «Beynəlxalq həyəcan» təşkilatı da Xankəndidə problemlə üzləşməmək üçün Şimali İrlandiya modelini arxa plana çəkib. Başqa bir məqam isə odur ki, «Beynəlxalq həyəcan» təşkilatının indi Xankəndi və Yerevana apardığı qonaqlar martın əvvəllərində Bakıda, Prezident Aparatı yanında Strateji Araşdırmalar Mərkəzində təşkil olunan qapalı görüşdə iştirak ediblər. Belə isə, görəsən, XİN adı çəkilən layihənin Azərbaycan və Ermənistanla yanaşı,
Bundan sonra Yunanıstana qazın ixracı ilə birbaşa Azərbaycan məşğul olacaq
Dağlıq Qarabağı da əhatə edəcəyini əvvəlcədən bilmirdimi?

YUNANISTANA QAZI NECƏ SATACAĞIQ?

Necə ki, kıbrıslı türklərin Xankəndi və Yerevana səfərləri rəsmi Bakının narahatlığına səbəb olub, Yunanıstan prezidenti Karolos Papulyasın da Azərbaycana səfərinin əsl məqsədi Ankarada müəyyən suallar doğurmamış deyil.

Bir müddət öncə Yunanıstan prezidentinin erməni həmkarı Serj Sarkisyanı Afinada qəbulu zamanı «Sizi də, bizi də eyni barbar öldürdü» sözlərini Türkiyədə unutmayıblar. Karolos Papulyas həmin görüşdə ölkəsindəki iqtisadi böhrana görə də Türkiyəni ittiham etmişdi. Onun fikrincə, Yunanıstan illərlə Türkiyəylə silah və hərbi texnikanın alınması yarışına girişməsəydi, büdcədə böyük kəsir yaranmazdı.

Bu sözləri deyən prezident hazırda Bakıda Azərbaycanla sıx siyasi və iqtisadi əlaqələrdən danışır. Azərbaycan prezidenti İlham Əliyev də yunanlı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında iki ölkə arasında siyasi əlaqələrin inkişafı üçün gözəl imkanlardan, qarşılıqlı investisiyaların artırılmasından danışıb. Ancaq çoxlarına da aydındır ki, Yunanıstanı Azərbaycanla münasibətlərdə başlıca olaraq qaz idxalı maraqlandırır. Rəsmi Afina Azərbaycandan indikindən daha çox qaz almaq istəyir. Ancaq bu istəyin necə reallaşacağı sualının aktuallığı azalmayıb. Çünki rəsmi Bakı Türkiyəyə satdığı qazın qiymətini artırdığından rəsmi Ankara da Yunanıstana ötürdüyü qazın qiymətini qaldırmaq məcburiyyətində qalıb. Afina isə qazı Türkiyədən köhnə qiymətə almaq istəyir. Bu səbəbdən BOTAŞ şirkəti Yunanıstanın müvafiq şirkətini məhkəməyə verməyə hazırlaşır. Başqa sözlə, Türkiyə ilə Yunanıstan arasında qaz anlaşmazlığı davam edərkən, Azərbaycanın Yunanıstana qazı hansı qiymətə satacağı gələcəyin ən mürəkkəb sualına çevrilə bilər.

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bundan sonra Yunanıstana qazın ixracı ilə birbaşa Azərbaycanın məşğul olacağını deyib. Görünür, rəsmi Bakı bu məsələdə tranzit ölkə olaraq Türkiyənin vasitəçiliyindən imtina etməyə hazırlaşır. Ancaq Yunanıstan istər-istəməz Azərbaycan qazını köhnə qiymətlərlə ala bilməyəcək. Qaz Türkiyəyə neçəyə satılırsa, Yunanıstana da eyni qiymətə satılmalıdır. Əks halda, bu dəfə də Azərbaycan-Türkiyə-Yunanıstan qovğası yaşana bilər.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG