Keçid linkləri

Təcili xəbərlər

«Şah-dəniz» təxirə salınır


«Şah-dəniz»in «Mərhələ-2» layihəsi çərçivəsində ilkin qazın çıxarılması 2016-cı ildən 2017-ci ilə keçirilib
«Şah-dəniz»in «Mərhələ-2» layihəsi çərçivəsində ilkin qazın çıxarılması 2016-cı ildən 2017-ci ilə keçirilib
Yadınızdadırsa, 2011-ci ilin Azərbaycan üçün çox enerjili gəldiyindən yazmışdım ilin əvvəlində. Bunu yazanda da heç nəyi şişirtməmişdim: Bakıya ilk dəfə Avropa Birliyinin prezidenti səfər etmiş və AB-Azərbaycan arasında enerji məsələlərində əməkdaşlığa dair Deklarasiya imzalanmışdı. Bundan sonra həm Brüsseldə, həm də Avropanın enerjiyə aidiyyəti olanı da, olmayan məmurları da Xəzər qazının tezliklə Qərb bazarlarına axması ilə bağlı qazlı-qazlı danışmağa başlamışdılar.

QAZ HƏLƏLİK AXMAYACAQ!

Ancaq Azərbaycanda camaat Novruz bayramına hazırlıq ərəfəsində Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev mətbuata sakitcə bir məlumat açıqladı: «İmzalanması martın sonunadək proqnozlaşdırılan Azərbaycanla Türkiyə arasında qaz məsələlərinə dair Paket Sazişi təxirə salınır». Cənab Abdullayev daha sonra əlavə etmişdi ki, Türkiyənin BOTAŞ şirkəti ilə ekspertlər səviyyəsində danışıqlar davam edir və ilin sonunadək bütün məsələlərin həllinin tapılacağına ümid edir.

Sadə dildə bunun açması nə deməkdir? Birincisi, əvvəla ondan başlayaq ki, Paket Sazişi nədir? 7 iyun 2010-cu ildə Azərbaycan prezidenti İlham Əliyevin İstanbula işçi səfəri zamanı iki ölkə arasında qaz məsələlərinə dair Paket Memorandumu imzalanmışdı. Buraya aşağıdakı 3 məsələlər daxildir:

1) «Şah-dəniz» qazının Türkiyə tərəfindən alınarkən yeni qiymət formulunun seçilməsi;

2) «Şah-dəniz» yatağının «Mərhələ-2» layihəsi çərçivəsində Türkiyənin daxili bazarı üçün nəzərdə tutulmuş həcmlərin müəyyən edilməsi;

3) Azərbaycan qazının Türkiyə üzərindən bütün istiqamətlərdə nəql edilməsi üçün vahid tranzit şərtlərinin razılaşdırılması.

Hələ o zaman bildirilirdi ki, tərəflər əldə edilən ilkin razılaşmaları hüquqi öhdəliklər formasına (yəni sazişlər) gətirməyi 2010-cu ilin sonunadək yekunlaşdırmağı planlaşdırırlar. Ancaq təqribən oktyabr ayında bəlli oldu ki, deyilən müddətdə bunları həyata keçirmək mümkün olmayacaq və tərəflər yeni zaman kəsiyi müəyyənləşdirdilər – 31 mart 2011-ci ilədək. İndi isə vəziyyət daha qəlizdir – çünki qeyri-müəyyən bir zaman elan edilib: ilin sonunadək. Axı nə çətin məsələ var ki, «dost və qardaş, bir millət – iki dövlət» bunun həllində belə dumanlı duruma
7 iyun 2010-cu ildə İlham Əliyevin İstanbula səfəri zamanı qaz məsələlərinə dair Paket Memorandumu imzalanmışdı
düşüblər?

NƏYİ BÖLƏ BİLMİRLƏR


Bunun məğzini başa düşmək üçün yuxarıda göstərilən Paket Memorandumunun müddəalarına nəzər yetirmək lazımdır. Buradan göründüyü kimi, artıq 1-ci məsələ üzrə tərəflərin heç bir problemi yoxdur və BOTAŞ şirkəti yeni formula ilə Azərbaycandan qaz alır. Təkcə «Mərhələ-1» layihəsi üzrə 2008-ci il aprelin 15-dən sonra alınan qaz üçün Türkiyə «Şah-dəniz» layihəsi iştirakçılarına və Azərbaycan dövlətinə ümumilikdə $1.351 mlrd vəsait ödəyib. Demək olar ki, 2-ci məsələ də öz həllini tapıb: müxtəlif səviyyələrdə, o cümlədən Avropadakı rəsmi qaynaqlardan elan edilib ki, «Mərhələ-2» çərçivəsində azad satışa çıxarıla biləcək qazın həcmi ildə 10 mlrd kubmetri ötməyəcək. Nəzərə alsaq ki, «Mərhələ-2»də hasil ediləcək qazın həcmi bəllidir – 16 mlrd kubmetr, onda Türkiyənin alacağı həcmin ildə 6 mlrd olması aydınlaşır. Digər tərəfdən, cari ilin əvvəlində Türkiyə hökuməti «SOCAR-Turcas» müəssisəsinə ölkənin daxili bazarında qaz satışına dair icazə də verdi. Bununla da «Mərhələ-2» layihəsi çərçivəsində Türkiyənin daxili bazarına yönələn qazın bir hissəsinin «Petkim» neft-kimya kompleksinə birbaşa satılması üçün çox yaxşı imkan qazanılmış oldu. Bu minvalla gəlib çatırıq 3-cü məsələyə. Əslində, məsələdən hali olanlara çoxdan bəlli idi ki,«boğazda ilişib qalmış sümüyü» xatırladan bu məsələ imzalanması gözlənilən Paket Sazişinin əsas problemiydi.

Ancaq fakt budur ki, hələ də problem çözülməyib və heç yaxın aylarda da həllini tapmayacaq.

QAZLI GƏLƏCƏYİMİZİN YAXIN DÖVRÜ

Məsələnin bu cür yerində saymasını ancaq Azərbaycan-Türkiyə əlaqələri ilə bağlamaq düzgün olmazdı. Çünki bu, məsələnin rəsmilər tərəfindən açılıb-ağardılan hissəsidir. Görünməyən tərəflərində isə tamam başqa bir mənzərə var. Məsələnin kökündə Avropa Birliyinin Azərbaycanı ciddi-cəhdlə qazı Qərb bazarlarına çıxarmaq üçün planlaşdırılan infrastruktur layihələrinə investor qismində cəlb etmək arzusu durur. Bununla rəsmi Brüssel öz üzərinə düşən yükü azaltmaq niyyətindədir. İkinci bir ciddi məsələ əslində «Cənub dəhlizi»nə daxil olan Nabucco, TAP, ITGI kimi boru kəmərləri ilə, o cümlədən bunlardan biri ilə axıdılacaq qaza uzun müddətli dövr üçün (minimum 15-20 il) alıcının və ya alıcıların olmamasıdır. Üçüncü məsələ isə Azərbaycanı və «Şah-dəniz» layihəsi iştirakçılarını kommersiya baxımından qane edəcək təkliflərin kasadlığıdır. Qərbdən gələn təkliflər əslində o demək deyil ki, onlar cəlbedicidir. Belə ki, onların əksəriyyəti, o cümlədən «Nabucco» iştirakçıları sadəcə, Azərbaycan qazının alqı-satqısında vasitəçilikdən qazanmaq niyyəti güdürlər. Bu baxımdan da Azərbaycan qazını minimum qiymətə almaq və Avropa bazarında kifayət qədər əlavə dəyərlə satmaq strategiyasından çıxış edirlər. Bax, beləcə zaman keçir, Qərbdə ümidverici bəyanat səsləndirilər və nəticədə, artıq bəllidir ki, «Şah-dəniz»in «Mərhələ-2» layihəsi çərçivəsində ilkin qazın çıxarılması 2016-cı ildən 2017-ci ilə keçirilib.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG