Keçid linkləri

Təcili xəbərlər

Yıxılan domino daşlarının orduları


Sonda Misir ordusunun başında dayananlar çəkidə narazı xalqın Mübarəkdən üstün gəldiyini anlayaraq prezidentdən üz döndərdilər
Sonda Misir ordusunun başında dayananlar çəkidə narazı xalqın Mübarəkdən üstün gəldiyini anlayaraq prezidentdən üz döndərdilər
Ərəb dünyasını bürüyən inqilabi dəyişikliklərdə ordunun rolu danılmazdır. Avtoritar rejimlərin devrilməsində narazı vətəndaşların müstəsna rolu ilə yanaşı, dünənədək baş əydikləri rəhbərlərindən üz döndərən ordu generallarının da əməyi az deyil. Generallar əsgərlərə «atəş aç» əmri versəydilər, kim bilir, bəlkə də bu gün Tunis və Misirdəki avtoritar rejimlər öz hakimiyyətini qoruyardı.

PREZİDENTƏ «SƏN BİTDİN» DEYƏN GENERAL

Xalq Tunisdə küçələrə axışan zaman ölkə prezidenti Ben Əli televiziya ekranlarından vətəndaşları sakitliyə çağırır, islahatlar keçirəcəyini vəd edirdi. Polis xalqa qarşı güc işlətməkdən yayındıqda prezident son ümid yeri kimi orduya müraciət etdi. Ancaq məhz baş qərargah rəisinin Ben Əlinin üzünə dediyi «Sən bitdin» sözləri prezidenti ailəsi ilə birgə tələm-tələsik ölkədən qaçmağa vadar etdi.

Misir ordusu Tunis ordusundan daha əzəmətli və liderinə daha çox bağlı idi. Misir prezidenti Hüsnü Mübarəkin özü də vaxtilə bu mühitdən çıxan birisi idi. Ordu avtoritar rejimin məhək daşıydı. Mübarək orduya arxalanaraq illərlə müxalifəti sıxışdırır, dövləti təkbaşına idarə edir, ölkənin pullarını öz malı kimi sağa-sola xərcləyirdi. Şərtlər dəyişməsəydi, hələ uzun müddət elə belə də davam edəcəkdi.

Vətəndaşlar Qahirənin mərkəzi meydanını ələ keçirdikdə, ordu hələ Mübarəkdən vaz keçməmişdi. Buna arxayın olan Misir prezidenti narazı vətəndaşlara islahatlar keçirəcəyini vəd edirdi. Əslində, həm Ben Əli, həm də Hüsnü Mübarək vaxt udmağa çalışırdılar. Xalq onların vədlərinə inanıb mübarizəyə ara versəydi, hər ikisi böyük ehtimalla avtoritar rejimini təhlükədən qurtarmaq üçün yenidən güclənərək cəza mexanizmlərini işə salacaqdı. İnsanlar bunu bildikləri üçün mücadiləni davam etdirdilər.

Sonda Misir ordusunun başında dayananlar çəkidə narazı xalqın Mübarəkdən üstün gəldiyini anlayaraq prezidentdən üz döndərdilər. Vaxtilə Mübarəkə canla-başla qulluq edən generallar indi onun və ailəsinin Misirin Şarm əl-Şeyx kurort şəhərindən kənara çıxaraq başqa dövlətdə sığınacaq tapmasını yasaqlayıb.
Ordu da ikiyə bölünüb. Mitinqlərdə çıxış edən generalların sayı artır.
Çünki parlament və prezident seçkisinin ardından Mübarək və onun ailə üzvləri məhkəmə prosesinə cəlb oluna bilər.

EYNİ SSENARİ: KÜÇƏ YÜRÜŞLƏRİ, İSLAHAT VƏDİ, ORDUNUN XALQIN TƏRƏFİNƏ KEÇMƏSİ

Bu gün oxşar hadisələr Yəməndə də cərəyan edir. Narazı vətəndaşlar küçələrə axışdıqdan sonra Yəmənin 32 illik prezidenti Əli Abdullah Saleh tunisli və misirli həmkarları kimi islahatlar vəd edib. Yəməndə də buna inanan azdır. Odur ki, müqavimət və mübarizə davam edir. Ordu da ikiyə bölünüb. Mitinqlərdə çıxış edən generalların sayı artır.

Liviya diktatoru Qəzzafi isə hakimiyyəti ələ keçirdiyi 1969-cu ildən bu yana ordusuna heç inanmayıb. Təsadüfi deyil ki, Liviyada iğtişaşlar başladıqda o, müxalifətin üzərinə ordunu yox, Afrika ölkələrindən topladığı muzdluları göndərdi. Diktatorun ordudan ehtiyat etməsi əsassız deyildi. Heç bir ağlı başında olan general əsgərlərə xalqa atəş açmaq əmri verməz. Təsadüfi deyil ki, Benqazidəki ordu birlikləri elə ilk gündən inqilabi qüvvələrin tərəfinə keçdilər.

Ordu Suriyada da avtoritar rejimə bağlıdır. Hələ ki, bu ölkədə küçələrə axışan insanlara atəş açılır, ölən və yaralananların sayı artır. Eynilə Tunis, Misir və Yəməndə olduğu kimi, Suriya prezidenti Bəşir Əsəd də islahatlar vəd edib, hətta hökuməti istefaya göndərib. Ancaq Suriyadakı avtoritarizm üçün də sonun başlanğıcı görünüb.

Bu avtoritar rejimlərin hamısından soruşmaq lazımdır: 30 ildən çoxdur ölkələrinizi dəmir əllə idarə edirdiniz, islahat və hökuməti istefaya göndərmək indimi yadınıza düşdü? Bunların hamısı vaxt udmağa hesablanıb. Şübhə etmirəm ki, Suriyada küçəyə axışan narazı vətəndaşların sayı artsa, bu ölkədə də ordu seçim qarşısında qalacaq.

YIXILAN DOMİNO DAŞLARI İRANIN SƏRHƏDİNƏ DİRƏNİB

«Bəsic» qüvvələri
İran rejimi özünü o yerə qoymasa da, ərəb dünyasını bürüyən və ona yaxınlaşan inqilab dalğasından narahat görünür. Ancaq İranın ərəb ölkələrindən bir fərqi var ki, vaxtilə İslam inqilabını həyata keçirənlər işlərini «ehmallı» tutaraq ordu ilə yanaşı, özlərinə bağlı islam keşikçiləri – «Bəsic» qüvvələrini də formalaşdırıblar. Yəni ordu hakimiyyətdən üz döndərsə belə, islam keşikçiləri hər zaman rejimin yanında olmalıdır. Təsadüfi deyil ki, bəsiclər ordudan daha yaxşı bəslənir, onların imtiyazları da çoxdur.

Buna baxmayaraq, İranda demokratik hərəkat güclənərsə, «Bəsic»in xalqı boğmağa gücü çatmaya bilər. Hüsnü Mübarək illərlə gizli polisini bəslədi, sayını çoxaltdı, maaşlarını artırdı. Ancaq bu addımların heç biri onun dadına çatmadı. Doğrudur, Mübarəkin vuran əli ilk gün narazı vətəndaşlara divan tutdu, bir xeyli insanı qətlə yetirdi. Ancaq sonrakı gün gizli polis meydanı boş buraxaraq qaçdı.

İNQİLABLARIN ƏN BÖYÜK DƏRSİ

Son hadisələrin ən böyük dərsi ondan ibarətdir ki, ordu ölkənin gələcəyi ilə bağlı məsuliyyəti avtoritar rejimlə bölüşmək istəmədiyi üçün onu qorumaq həvəsində deyil. Avtoritar sülalənin ömrü 30 və ya 40 il uzansa belə, sonrakı mərhələlər onun üçün yaxşı nəticələnmir. Kütlə ordu ilə birgə həmin rejimləri silib-süpürür, yolları, meydanları bəzəyən böyük portretləri, heykəlləri tarixin arxivinə göndərir.

Ben Əli, Hüsnü Mübarək və Müəmmər Qəzzafi 30 il hakimiyyətdən ikiəlli yapışdılar, milyardlar topladılar, ailələrini bəslədilər və düşündülər ki, əbədiyyətədək belə davam edəcək. Heç əbədiyyət də bu ədalətsizliyə dözmədi.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir
.
XS
SM
MD
LG