Keçid linkləri

Təcili xəbərlər

Ziyalı


Sovet ziyalıları köhnə dövrün maarifçilərinin çəkdikləri əziyyəti çəkmirdilər
Sovet ziyalıları köhnə dövrün maarifçilərinin çəkdikləri əziyyəti çəkmirdilər
Ziyalı. Savadlı ağsaqqal. Təqribən belə səslənir bu söz. Ağsaqqal bir termin kimi ən müasir mənada feodalizmdən qalma bir şeydir, ən köhnə mənasında isə mağara dövrünə qədər gedib çıxır. Müasir, inkişaf etmiş ölkələrdə ağsaqqal bir ictimai funksiya kimi yoxdur. Kimsə «səndən yaşlıyam, deməli səndən ağıllıyam» məntiqi ilə müasir cəmiyyətdə öz fikrini başqalarına yeridə bilməz. Gərək mükalimə olsun, üstün fikir, məntiqli fikir daha qüsurlu fikri məğlub etsin. İdealda proses belə getməlidir. İndi isə bu sistemdə «ziyalı» funksiyası daşıyanların yerini müəyyənləşdirək.

Qısaca desək, müasir dövrdə bu anlayış da ağsaqqal anlayışı qədər mənasız və yersizdir. Bir anlayış kimi «ziyalı» Azərbaycana Qərb stilli elmin gəlişi ilə başlayıb. Rusiyada gedib təhsil ala bilən, heç olmasa, Qori seminariyasında oxuya bilmiş adamlarımıza ziyalı deyirdilər. Təqribən rusların özlərinin həmin dövrdə tez-tez işlətdiyi «intelliqentsiya» anlayışına uyğun gəlirdi. Azərbaycana Qərb stilli təhsili gətirmiş Rusiyanın özündə savad ala bilmiş insanların sayı dəhşətli dərəcədə az idi. Bir ovuc savadlı adam isə oturub-durub «tyomnıy narod» – nadan camaatdan şikayət edirdi. Azərbaycanda savadlı adamların sayı Rusiyadakından da xeyli az idi.

YARIMALLAH ZİYALILAR

Təbii ki, belə bir mühitdə savad əhli bisavad camaatın nəzərində az qala yarımallah olurdu. Üzərilərinə düşən məsuliyyət də ağır olurdu. Qana bilməyənlərin yerinə qanmaq, danışa bilməyənlərin yerinə danışmaq, oxuyub-öyrənə bilməyənlərin yerinə oxuyub-öyrənmək və öz qara camaatını digər millətlərin qarşısında təmsil etmək. Rusiyada Lev Tolstoy təkcə dünya miqyaslı yazıçı deyildi, həm də məktəb açırdı, aclıq üz verən regionlara ianə kampaniyası təşkil edirdi, çar məmurları hansısa bir rus icmasını Sibirə sürgün edəndə, ona kəskin müraciətlər edirdi, yazıb-oxumağı bacarmayan həmvətənlərinin adından Rusiya məmurları ilə çəkişirdi.

Azərbaycanda Həsən bəy Zərdabi həm Azərbaycanın ilk milli dilli qəzetini təsis edirdi, həm Dumada öz həmvətənlərini təmsil edirdi, əhalinin ən müxtəlif problemlərini çinovniklər qarşısında qaldırıb xalqın qeyri-rəsmi hüquqi təmsilçisi kimi çıxış edirdi. Üzeyir Hacıbəyov həm bəstəkar idi, həm jurnalist, həm də siyasətçi və ictimai xadim. Bu adamları və o sırada duran onlarla nəhəng adamı çox tərifləmək olar, layiqləri də var.
Rusiyada Lev Tolstoy təkcə dünya miqyaslı yazıçı deyildi, həm də məktəb açırdı, aclıq üz verən regionlara ianə kampaniyası təşkil edirdi
Lakin diqqəti cəlb etmək istədiyim məqam onların nəhəngliyi deyil, dövrün özəllikləri və həmin adamların o şərait altında daşıdıqları ictimai funksiyadır. Dövr elə idi ki, cəhalət dənizində bir ovuc savadlı adam müasirləşən dünyada öz xalqlarına ağsaqqallıq edəsi olurdular. Çəkdikləri əziyyət çox olurdu, əvəzində isə əhali onları ya öz sağlıqlarında, ya da heç olmasa, ölümlərindən sonra ilahiləşdirirdi.

NORMAL İNKİŞAF AXARI


Avropanın daha betər vaxtları olub. Avropanın qaranlıq dövrlərində nəinki tələbələr, heç krallar da yazıb oxumağı bilmirmişlər. Tək-tük xristian kahinləri yazıb-oxuyurdular, onların da hərfləri bilməsi hamını elə qorxudurdu ki, camaat inanırdı ki, yazı yaza bilən adam öz yazısı ilə sehrbazlıq edib onlara xətər yetirə bilər. Cadu sözünün ingilis ekvivalenti «spell» sözüdür. Mənası bir sözü hərf-hərf demək, yaxud yazmaqdır. Qədim ingilislər inanırmışlar ki, sözlərdəki hərfləri yazıb-oxuya bilən adam sehrbazdır, cadugərdir. Lakin təhsilin əhali arasında kütləviləşməsi xalqın nəzərindəki «sehrbazları» adi adamlara çevirdi.

Normal inkişaf gedəndə, cəmiyyətdə savadlı adamların sayı artanda, bu ziyalı anlayışı da öz-özünə ortadan qalxır. Yenə də məşhur alimlər, yazıçılar, şairlər, rejissorlar, bəstəkarlar və s. var, ancaq onların hər biri öz konkret nailiyyətinə görə məşhurlaşır, mistik ziyalı kastasına daxil olduqlarına görə yox. Bu gün Qərbin heç bir inkişaf etmiş ölkəsində «ziyalı» bir ictimai funksiya kimi yoxdur. Ölkə universitetləri bir ucdan savadlı adam istehsal edirsə, «ziyalı» kastasının mistikasını necə qorumaq olar?

«SEHRBAZLIĞIN» ANATOMİYASI – ANORMAL İNKİŞAF YOLU


Rusiya və onun nəzarətindəki ərazilərdə geridəqalmış feodal idarəçiliyi birdən birə analoqsuz bir totalitarizmlə əvəzlənir. Köhnə dövrün maarifçi ziyalı kastası hərfən məhv edilir, yeni sovet ziyalısı yaradılır. Köhnə dövrün ziyalıları mistika ilə əhatələnmiş yarımallahlar idilərsə, yeni dövrün ziyalıları ən pis halda donosbaz, şərəf və ləyaqət hissi olmayan konyunktura əhli, ən yaxşı halda isə hakimiyyət qayğısına möhtac zəif, taleyi tükdən asılı oyuncaqlar idilər. Dövlət istəsəydi, bu adamları xalqın nəzərində qəhrəman edə bilərdi, istəsə də bütün bu titullardan məhrum edib səfalətə, məhrumiyyətlərə düçar edə bilərdi.

Sovet yazıçılarının iclası, 1935
Sovet ziyalıları köhnə dövrün maarifçilərinin çəkdikləri əziyyəti çəkmirdilər, həmin məsuliyyəti daşımırdılar, amma onlar kimi əhalinin nəzərində «sehrbaz» görünmək istəyirdilər. Alınırdı, çünki bütün Sovet hökuməti bu kultun arxasında dayanmışdı. Süleyman Rüstəm də, Səməd Vurğun da, onlarca başqaları da bilirdilər ki, onların şöhrətinin az bir qismi onların birbaşa fəaliyyəti ilə bağlıdır, onları nəhəng edən dövlət maşınının gücü idi.

Ümumi savadsızlıq fonunda bir az savad işartıları, bir az riyakarlıq, bir az da «dövlət qayğısı». Sovet ziyalılığının komponentləri bundan ibarət idi. Totalitar sovet hökuməti ziyalı kastasına kütlələri idarə etmək vasitəsi kimi yanaşırdı. Sxem o qədər də mürəkkəb deyildi. Hökumət bir ovuc ziyalıya nəzarət edir, kütlə isə onların ağzına baxıb öz safını müəyyən edir. Arabir bu kastadan kimsə populistlik edib xalqla yaxınlaşa və onların ürək ağrılarını dilə gətirə bilərdi. Ancaq bu kastanın adamı hökumətin kəbinli zövcəsi idi, xalqla isə uzaqbaşı mazaqlaşa bilərdi, ürəyində hökumət qəzəbinin qorxusunu daşıya-daşıya.

Sovet dövrü arxada qalıb, ancaq sistem eynidir. Günün sonunda ziyalını ziyalı edib ümumdan fərqləndirən hökumətdir və deməli bu kasta ona xidmət edir.

BÜTPƏRƏSTLİYƏ QARŞI


Tarix boyu inkişaf bütlərin qırılması istiqamətində gedib. Elmin ən böyük kəşfləri nüfuzlu alimlərin nüfuzunun rədd edilməsindən başlayıb. Dini mövhumatın aradan qalxması bütlərə çevrilmiş din xadimlərinin nüfuzlu təfsirlərinin inkarından, demokratiyanın özü isə «yerdə Allahın kölgəsi sayılan» kralların devrilməsindən keçib.

Bu gün Azərbaycanda demokratik dəyişikliklərə nail olmaq istəyənlər arasında ən qızğın mübahisə ziyalı yeri, ziyalı funksiyası üzərində gedir. Ziddiyyət yaranır. Sanki kimlərsə kiçik bütlərlə böyük bütlərin üzərinə yeriməyə çalışırlar. Alınarmı? Çətin. Səbəblər çoxdur. Biri artıq yuxarıda qeyd olunub. Kiçik bütlər böyük bütlərə işləyirlər...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG