Keçid linkləri

Təcili xəbərlər

Sürücüləri əsgər kimi, əsgərləri bağban kimi Naxçıvan...(III yazı)


Müxalifət partiyalarının yerləşdiyi bina
Müxalifət partiyalarının yerləşdiyi bina
Naxçıvan şəhərində qayda-qanun hökm sürür. Marşrut avtobusları xüsusi qrafiklə işləyir, bütün sürücülər təhlükəsizlik kəmərlərindən istifadə edirlər.

Əvvəllər hər addımda rast gəlinən, bellərindən qandal asılmış polislər indi demək olar ki, gözə dəymirlər.

İctimai-siyasi vəziyyəti öyrənmək üçün müxalifət partiyalarının yerləşdiyi binaya gedirəm. Nizami- 41 ünvanında yerləşən binada üç müxalifət partiyasının yerli təşkilatları fəaliyyət göstərir. Bunlar AXCP, Müsavat və Ümid partiyalarıdı. Partiyaların vəziyyəti ilə maraqlanmaq üçün öncə Ümid partiyasının yerləşdiyi iki otaqdan ibarət olan ofisə girirəm.

NAXÇIVAN MÜXALİFƏTİNİN ACINACAQLI VƏZİYYƏTİ...


Otaqlardan birinin tavanı uçub dağılıb. Otaq demək olar ki, qəzalı vəziyyətdədi. Yerli təşkilatın sədri Faiq Əliyev deyir ki, imkansızlıq ucbatından ofisi təmir etdirə bilmirlər.

Faiq Əliyev
AXCP yerli təşkilatının sədr müavini Yaşar Bağırsoy isə deyir ki, Naxçıvanda siyasi və iqtisadi vəziyyət dözülməz olduğundan partiya üzvlərinin əksəriyyəti muxtar respublikadan kənarda yaşamağa məcbur olublar:

«Naxçıvanda vəziyyət ağırdı. İşsizlik baş alıb gedir. İnsanlar nahaqdan incidilirlər. Sadə vətəndaşlara sahibkarlıqla məşğul olmağa imkan verilmir. Son vaxtlar məmurlar kəndlərdəki kiçik dükanları da öz nəzarətlərinə keçiriblər. Bu səbəblərdən Naxçıvan sürətlə boşalır. Əhalinin demək olar ki, 70 faizi Naxçıvandan kənarda yaşayır. Elə kəndlər var ki, tamamilə boşalıb. Həmin kəndlərdə demək olar ki, heç kim yaşamır»

Müsavat Partiyası yerli təşkilatı sədrinin müavini Sabir Vəliyev də deyir ki, Naxçıvanda müxalifətçilərilərin vəziyyəti sadə vətəndaşlara nisbətən daha acınacaqlıdı:

«MÜXALİFƏTÇİLƏRƏ HEÇ, FƏHLƏ İŞLƏMƏYƏ DƏ İMKAN VERMİRLƏR»

«Müxalifətçilərə heç, fəhlə işləməyə də imkan vermirlər. Elə buna görə də Naxçıvanda demək olar ki, müxalifətçi qalmayıb. Əksəriyyət tərk edib Naxçıvanı. Bizim təşkilatın sədri Meydan Babayev Bakıda fəhləlik edir. Digər üzvlərimiz də Türkiyədə, İranda, Bakıda işləyirlər. Fəallıq etmiş elə üzvlərimiz var ki, İndi Naxçıvana qayıtmağa qorxurlar»

«NAXÇIVANDA MÜSTƏQİL JURNALİST OLMAQ TƏHLÜKƏLİDİ»

Naxçıvanda müstəqil mətbuat olmasa da çox az sayda müstəqil jurnalistlər var.Reportyorların Azadlığı və Təhlükəsizliyi İnsititutunun (RATİ) əməkdaşı Elman Abbasov deyir ki, yerli hakimiyyət orqanları Naxçıvanda azad sözün olmasını istəmirlər:

«Naxçıvanda 3-4 müstəqil jurnalist fəaliyyət göstərir ki, yerli hakimiyyət tərəfindən onların işləməsinə həmişə problemlər yaradılır. Onlar daim fiziki və mənəvi-psixoloji təsirlərə məruz qalırlar. Mütəmadi olaraq hədələnirlər. Fəaliyyətləri hakimiyyət tərəfindən izlənilir. Jurnalistlərə müsahibə verən şəxslər incidilir. Bütün məmurlara müstəqil mətbuat nümayəndələrinin sorğularına cavab verməmək haqda tapşırıq verilib. Buna baxmayaraq, burada işləyən jurnalistlər çətinliklə olsa da fəaliyyətlərini davam etdirirlər. Naxçıvanda müstəqil jurnalist kimi fəaliyyət göstərmək təhlükəlidi»

Elman Abbasov
Elman Abbasovun dediyi təhlükə bir müstəqil jurnalist kimi mənə də aid idi. Bunu əvvəlki təcrübələrimdən də bilirdim. Lakin, bu dəfəki 15 günlük Naxçıvan səfərimdə rəsmilərdən müsahibə almaqda çətinlik çəksəm də təqib olunmamağım məndə xoş təəssürat yaratmışdı. Bu dəfə bir jurnalist kimi özümü daha sərbəst hiss edirdim.


Naxçıvandakı işlərimi tamamlayıb Bakıya qayıtmaq üçün Naxçıvan aeroportuna gəlirəm.

Bu dəfə Bakıya uçan təyyarədə Heydər Əliyev haqda çəkilmiş başqa bir film göstərilirdi.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Sürücüləri əsgər kimi, əsgərləri bağban kimi Naxçıvan... (I yazı)
Sürücüləri əsgər kimi, əsgərləri bağban kimi Naxçıvan...(II yazı)
XS
SM
MD
LG