Keçid linkləri

Təcili xəbərlər

Eldar Mahmudovun “ölümü” kimə lazımdır?!


Dünən yenə də sabiq MTN-in sabiq şefi Eldar Mahmudovun ölüm xəbəri yayıldı. Maraqlıdır ki, bu dəfə də ölümün səbəbi kimi ürək tutması göstərilib. Az öncə də, sonradan təsdiqini tapmasa da, Eldar Mahmudovun eyni səbəbdən dünyasını dəyişməsi barəsində xəbərlər mediaya sızdırılmışdı. Əslində bu xəbərin belə qısa zaman kəsiyində yenidən gündəmə gətirilməsi, olub-bitənlərin sıradan bir təsadüf olmadığını və ictimai rəyin bu yöndə istiqamətləndirilərək, gerçək ölüm xəbərinə hazırlamasıını deməyə ciddi əsaslar verir. Yoxsa, durub-dururkən, belə bir xəbərin qısa fasilələrlə təkrar gündəmə daşınmasından güdülən məqsəd nə ola bilər ki?!

Hələ “MTN işi”nin lap başlanğıcında, mətbuatda gedən bəzi, əsaslı-əsassız xəbərlərə istinad edərək, bildirmişdim ki, bu işlə bağlı həbs edilmiş generalları və digər yüksək çinli vəzifə sahiblərini intihara təhrik edirlər. Hətta onu da bildirmişdim ki, bu məsələdə bir sıra kilid adamlar var ki, dərhal xüsusi nəzarətə götürülməlidirlər. Əks təqdirdə bir və ya bir neçə intihar hallarının qaçılmaz kimi göründüyü xəbərdarlığını da eləyərək, hətta adamların öldürülə və qətl hadisəsinin intihar kimi təqdim edilə biləcəyinin də istisna olmadığına diqqət çəkmişdim. Sonra “MTN işi”nin kilid adamlarından biri olan, sabiq MTN “ATM” kimi tanınan Anti-Terror Mərkəzinin rəis müavini polkovnik İlqar Əliyevin intihar etdiyi barəsində xəbərlər yayıldı. Mətbuatın məqsədli şəkildə ictimai rəylə hazırlıq işi aparması fonunda, intihar baş verdi və əslində, bu günə qədər də o intihar hadisəsinin üzərindən müəmma pərdəsi tam qaldırılmayıb…

İndi də, Eldar Mahmudovun da barəsində eyni proseslər cərəyan edir və hər 15-20 gündən bir, onun ölüm xəbərinin yayılmasına da, mən təsadüf kimi baxmıram. “MTN işi”nin məhkəmələrindən gələn bəzi xəbərlər də bunun, sadəcə bir təsadüf olmadığını, dolayısı ilə sübut etməkdədir. Belə ki, artq sabiq nazirin cinayət xarakterli konkret əməllər törətməsi barəsində, həbsdə olan digər generalların məhkəmədə ifadə vermələri, bu işin seyrini dəyişə biləcək gücdədir. Bu baxmdan da, yaranmış yeni situasiya, yeni tədbirlər gərəkdirir və işlər Eldar Mahmudovun həbsinə qədər gedib çıxa bilər. Bu isə o deməkdir ki, həbs olunduğu təqdirdə sabiq nazirin də ifadə verməsi qaçılmaz olacaq. Məhz bu baxımdan Eldar Mahmudov dərhal ciddi nəzarətə götürülməli və həyatının maksimum qarantiyalı təminatına zəmanət verən şərait yaradılmalıdır. Ki, həbs olunana qədər, ya da həbs ediləcəyi ərəfədə adamın barəsində “ürək tutmasından vəfat etdi” (əgər artıq etmiyibsə – S.Ə) xəbəri yayılmasın. Bu, bir çox cəhətlərdən olduqca vacibdir və dediyim kimi, Eldar Mahmudov dərhal xüsusu nəzarətə götürülərək, xüsusi qoruma ilə təmin olunmalıdr. Çünki, onun məhkəmə qarşısına çıxa bilməməsində maraqlı olan xeyli qüvvələr var…

Bütün hallarda, mən deməli olduğumu dedim, gerisi dövlətin və dövləti yönətən sistemin barrikadanın hansı tərəfində olmasından asılıdır.

P.S. Yeri gəldi bir məsələni də deyim. Sabiq ATM rəisi general Elçin Quliyevin, mətbuat vasitəsilə cəmiyyətə ötürülən məlum məhkəmə ifadəsindən sonra Baş Prokuror Zakir Qaralovun və prokurorluğun rəhbər kadrlarının da, ən azından, xüsusi yoxlamalar aparılaraq məsələyə tam aydınlıq gətirilincə, tutduqları vəzifələrdən kənarlaşdırılması zərurəti var. Təbii ki, əgər bütövlikdə sistemin özü bu məsələlərin obyektiv və ədalətli şəkildə araşdrıılmasında maraqlıdırsa. Çünki barələrində belə ağır ittiham səsləndirilən şəxslərin ölkədə qanunçuluğa nəzarət qurumunun başında durmaları nonsensin ta kəndisi, hüquqi nihilizmin bariz nümunəsidir.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG