Keçid linkləri

Təcili xəbərlər

Azərbaycanlının sevinci


Bir ölkə təsəvvür edin, nəinki sizinlə həmsərhəd deyil.

Hətta sizinlə eyni qitə, eyni materikdə belə yerləşmir.

Aranızda minlərlə kilometrlik bir məsafə var.

Hələ bu harasıdır?

Aranızda çoxunuz o ölkənin adını belə, bəlkə ilk dəfə eşidir, ya da qlobusda yerini soruşsanız, çiyinlərini çəkər. Ancaq o ölkədə elə bir hadisə baş verir, bir anda sizin ölkənin gündəminə oturur.

Aranızda çoxunuz o ölkənin adını belə, bəlkə ilk dəfə eşidir, ya da qlobusda yerini soruşsanız, çiyinlərini çəkər.

Ancaq o ölkədə elə bir hadisə baş verir, bir anda sizin ölkənin gündəminə oturur.

Çayxanadan tut, sosial şəbəkələrəcən az qalsın hər yerdə həmin hadisədən danışırlar.

Sözü çox uzatmayım. Söhbət Zimbabvedə bir nəfərin 37 illik hökmranlığına son qoyulmasından gedir.

Zarafat deyil, 37 il e!

1980-ci ildən başlayan və qan, qorxu, göz yaşı, zülm üzərində qurulan bir hökmranlıqdan danışırıq.

Bu sətirlərin müəllifinin təvəllüdüdür 1980. Düşündükcə adamın gözləri böyüyür. Görün XXI yüzildə hansı zehniyyətlərlə, hansı təfəkkürlərlə bir göyün altını, bir yerin üstünü paylaşmaq məcburiyyətindəyik?

Ancaq ən düşündürücü sual budur: boş ver eyni qitə və eyni materikdə yerləşməyi, boş ver minlərlə kilometr uzaqda mövcud olmağı, çoxlarının adını ilk dəfə eşitdiyi bir ölkədə hansısa səltənətin çöküşü Azərbaycanda niyə bu qədər maraqla qarşılanmalıdır?

O səltənət sahibinin devrilməsi niyə az qala toy-bayrama çevrilməlidir?

Zimbabvedən bizə nə?

Yapçılar demiş, “axı bizim Qarabağ kimi dərdimiz var”.

Cavab sadədir: bu torpaqlarda da on illərdir sülalə rejimi hökm sürür. Hər il bir yana, az qala hər gün bir az da çağın gerisinə düşür, zamandan geri qalırıq.

Niyə durub bir də Zimbabvenin dərdini çəkməli, 37 illik Muqabe rejiminin hansı səbəblə ya da formada baş verməsindən asılı olmayaraq, tarixin arxivinə göndərməsindən təntənə düzəltməliyik?

Cavab sadədir: bu torpaqlarda da on illərdir sülalə rejimi hökm sürür.

Hər il bir yana, az qala hər gün bir az da çağın gerisinə düşür, zamandan geri qalırıq.

Yaşadığımız yüzilliyin mahiyyətinə və ruhuna ayqırı şəkildə gəlişən, tərəqqipərvər, azad, modern mədəni dünyadan qopuruq.

Üstəlik, bu zülm bataqlığından xilas yolu da görünmür. İstibdadın yoxoluşuna ən son ümidlər də puç olmağa başlayır.

Hərdən adama elə gəlir, bu gün ölkədə yeganə söz və güc sahibi olan çağdışı, geriçi, repressiv, basqıçı rejim qurdla qiyamətəcən qalacaq.

Mövcud rejim sayəsində gülməyi tərgidirik. Sevinməyi yadırğayırıq. Xoşbəxt olacağımız günlərin həsrəti ilə şam kimi əriyir, çürüyüb gedirik.

Üzümüzdən həyat əlamətləri, yaşam cizgiləri yoxa çıxır.

Və bütün bu qaramatın içində əmioğlumuz deyil, dayıoğlumuz deyil, çox uzaq bir ölkədə 37 illik despotik səltənətin süqutundan özümüzə sevinc düzəldirik.

Əlavə yozuma ehtiyac varmı?

Başqa izaha gərək varmı?

Hər şey gün kimi aydındır.

Zimbabvedə bu gün-sabah 40 yaşına dolacaq anti-demokratik idarəçiliyin süqutu növbəti dəfə hüquqi-demokratik dövlətin nə qədər böyük bir anlam ifadə etdiyini gözlər önünə sərdi.

Sadəcə, bunu bir daha vurğulamaq lazımdır: Zimbabvedə bu gün-sabah 40 yaşına dolacaq anti-demokratik idarəçiliyin süqutu növbəti dəfə hüquqi-demokratik dövlətin nə qədər böyük bir anlam ifadə etdiyini gözlər önünə sərdi.

Növbəti dəfə sübut olundu ki, heç bir saray səltənəti əbədi deyil.

O günün birində ya zəlzələdən, ya vəlvələdən rüsvayçı sonluğa məhkumdur.

Muqabenin gedişi ilə Zimbabve gözəl günlərə qovuşmayacaq bəlkə.

Bəlkə daha ağrılı, daha sancılı proseslərə şahidlik edəcək.

Lakin bir adi, ancaq ali həqiqət yenidən təsdiqini tapacaq: zülmlə abad olan sonda bərbad olar.

İnsan haqlarına və azadlıqlarına qənim kəsilərək, on illərcə hökm etmək ola bilsin mümkündür.

Ancaq axırda sizi yenə də qaçılmaz bir sonluq gözləyir: süqut!

Bunun necə, nə vaxt, hansı şəraitdə, niyə baş verməsi yeri gəlsə, heç önəmli də deyil. Gerçəklik odur ki, o baş verir!

Bəzən sizi daha böyük fəlakətlərə sürükləyir.

Bəzən qaranlıqdan aydınlığa qovuşdurur.

Lakin önəmli olan odur, baş verir.

Heç bir səltənətin əbədi olmadığı bu sadə, ancaq böyük reallıqla təsdiqini tapır.

Odur ki, tarixə bir az da dərs kimi, “ibrət” sözünün sinonimi kimi baxmaqda fayda var.

And olsun uca Şirvinin ruhuna var!

Əksini düşünənlərlə çənə-boğaz olmağa nə vaxt, nə maraq, nə həvəs yoxdur.

Sadəcə sonra deməsinlər deməmişdiniz...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG