Ötən ilin mart ayından ölkədə “Əmanətlərin tam sığortalanması haqqında” Qanun qüvvədədir. Ölkə rəhbərliyi bu Qanunu ona görə qəbul etdi ki, əhali əmanətlərini banklarda saxlamaqdan qorxmasın. Bunun nəticəsində əmanət axınının sürətini qismən azaltmaq mümkün oldu.
Lakin Nəsimi rayon məhkəməsinin qətnaməsi əmanətlərin sığortalanması sisteminin qeyri-işlək olduğunu göstərdi. Qətnaməni dərc edirəm. Qısaca işin mahiyyəti belədir. 1 avqust 2013-cü ildə vətəndaş “Bank Standard”a 10000 dollar məbləğində 12,5%-lə 3 il müddətinə əmanət qoyub. Əmanət sığortasız idi. 2016-cı ildə “Əmanətlərin tam sığortalanması haqqında” Qanun qüvvəyə minir. Qanuna görə hər kəs bankdakı mövcud əmanətinin faiz dərəcəsini azaltmaqla onu sığortalaya bilər. Məlum olduğu kimi, 2016-cı ildə “Bank Standard” artıq əmanətləri qaytarmırdı. Buna görə də vətəndaş 23 iyun 2016-cı ildə banka gəlir və əlavə saziş bağlayaraq əmanəti üzrə faiz dərəcəsini 3%-ə endirir ki, əmanəti sığortalanmış olsun. Həmin ilin avqust ayında əmanət müqaviləsinin müddəti bitir, lakin bank əmanəti qaytarmır. 2016-cı ilin oktyabr ayında bank müflis olur. Vətəndaş əmanətinin sığortalı olduğu üçün onun kompensasiya edilməsini tələb edir. Lakin ona bildirirlər ki, bankın elektron məlumat sistemində əmanət üzrə faiz dərəcəsi 3% deyil, 6%-dir (heç dəxli var???). Vətəndaş Əmanətlərin Sığortalanması Fonduna iki dəfə yazılı müraciət edir və eyni cavabı alır. Faktiki vətəndaşa deyirlər ki, əlindəki müqavilə (əlavə saziş) boş şeydir, əsas Fondun elektron məlumat sistemidir. Vətəndaş məhkəməyə müraciət edir. Məhkəmədə Fondun nümayəndəsi artıq yeni arqument əsasında əmanətin qaytarılmamasını əsaslandırır. Deyir ki, bankın müflis elan olunduğu ana (2016-cı ilin oktyabr ayı) əmanətin müddəti (2016-cı ilin avqust ayı) bitdiyi üçün, o, artıq sığortalı deyil. Hakim də məhz bu arqumenti rəhbər tutaraq iddianı rədd edib.
Bu yanaşmanın hüquqi əsassızlığına keçməzdən əvvəl onun məntiqi absurdluğunu qeyd etmək istəyirəm. Müflisləşən hər bir bankın iflası əmanətləri qaytarmaması ilə başlanır. Əmanətlərin sığortalanması da elə məhz buna görə lazımdır ki, belə bank müflisləşən kimi sığortalanmış əmanətlər qaytarılsın. Fondun və məhkəmənin məntiqindən isə belə çıxır ki, əmanətçilər əmanət müddətinin sonunda əmanəti geri götürə bilmirsə, həmin əmanət artıq sığortalı deyil və bank müflisləşəndən sonra kompensasiya edilməli deyil. Belə olan halda əmanətlərin sığortalanması kimə lazımdır? Ağlı başında olan adam belə sistemə necə etibar edər axı?
Ən əsası isə “Əmanətlərin sığortalanması haqqında” Qanunun 2.1.5-ci maddəsində sığortalanmayan əmanətlərin halları konkret təsbit edilib. Əmanət müqaviləsinin müddətinin ötməsi orada yoxdur. Mülki Məcəllənin 947.4-cü maddəsinə əsasən isə əmanətçinin müddətli əmanətin məbləğini müddət qurtardıqdan sonra qaytarmağı tələb etmədiyi hallarda müqavilə tələbli əmanətin şərtləri ilə uzadılmış sayılır, bu şərtlə ki, müqavilədə ayrı qayda nəzərdə tutulmasın. Yəni vətəndaş müddətli əmanəti vaxtında geri tələb etmədiyi halda belə əmanət müqaviləsi müddətsiz uzadılmış hesab edilir. Deməli, hakimin mövqeyi cəfəngiyatdır.
Məni ən çox təəssüfləndirən də hakimin kimliyidir. Azər Paşayevdir. Bu il ölkə tarixində bank sirrini pozduğuna görə “Antikollektor”un şikayəti əsasında bankı (Unibankı) vətəndaşın xeyrinə cərimələyən ilk hakim. Ehtimal edirəm ki, ona ciddi təzyiq olub. Ümumiyyətlə, söz gəzir ki, müflis bankların məhkəmə işləri üzrə kimsə yuxarıdan hakimlərə göstəriş verib ki, Əmanətlərin Sığortalanması Fondunun bir sözü iki olmasın. Yeri gəlmişkən, elə həmin “Bank Standard”ın Kreditorlar Komitəsinin kassasiya şikayəti üzrə Ali Məhkəmənin qərarı da bunu təsdiqlədi (yaxında onu da dərc edəcəyəm).
Lakin sözügedən məsələ xüsusi əhəmiyyətlidir. Axı söhbət hansısa sığortasız kreditorun tələbindən getmir. Söhbət sığortalı əmanətdən gedir! Söhbət əmanətlərin sığortalanması sisteminin mötəbər və işlək olmasından, maliyyə sisteminin dayanıqlığından gedir. Əgər Fond belə cığallığa yol verəcəksə, kim sığortaya güvənərək banka əmanət yerləşdirər? Yəni faktiki Fond məhkəmənin əli ilə əmanətlərin sığortalanması sistemini məhv edir! Oturduğu budağı kəsir!
İndi məni də əsas maraqlandıran odur ki, yuxarıdan belə göstərişlər verənin marağı nədir? 3 versiyam var:
1. Həmin adam savadsız və səriştəsizdir. Nəyin bahasına olursa olsun, Fonddan pulun çıxmaması üçün nəticəsini hesablaya bilmədiyi sarsaq göstərişlər verir və ölkənin maliyyə sistemini məhv edir!
2. Həmin adam bilərəkdən ölkənin maliyyə sistemini dağıdır. Yəni Azərbaycanın düşmənidir.
3. Həmin adamın korrupsiya maraqları var. Buna görə də məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır. Məsələ çox ciddidir. Belə ki, sığortalanmış əmanətlərin bəyan edilmiş ümumi məbləği var. Sığortalanmış konkret əmanəti qaytarmaqdan yayınırlarsa, deməli, onun yerinə hansısa sığortalanmamış əmanəti qaytarıblar. Bu isə artıq cinayətdir!
P.S. Vətəndaşlar tez-tez məndən banka əmanət qoyub-qoymamaq haqda soruşurlar. Bundan sonra cavabım sırf bu statusuma istinad olacaq. Çünki deməyə başqa sözüm yoxdur. Ölkənin maliyyə sistemini dağıdırlar…
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.