Keçid linkləri

Təcili xəbərlər

Elman Rüstəmov üçün qısa mühazirə


Elman müəllim bu gün yenə israrla bəyan edib ki, manat “üzən məzənnə” rejimindədir. Dəfələrlə bunun əksini sübut etsək də, müəllim tutduğunu buraxmır.

1-ci dərs: Üzən məzənnə nədir? Üzən məzənnə (floating rate of exchange) valyuta bazarına kənar müdaxilələr olmadan, online fəaliyyət göstərən platformada tələb və təklif qanununa görə formalaşan məzənnə rejimidir. Bu rejim çox oynaqdır, bazarda baş verən spekulyativ, siyasi, iqtisadi xəbərlərə anında reaksiya verir. Bazar iştirakçıları istənilən an online qaydada istədikləri qədər valyuta alıb-sata bilirlər. Mərkəzi Banklar birjaya ancaq iqtisadi alətlərlə - ya valyuta satmaq, ya da almaqla öz hədəflərinə uyğun müəyyən tənzimləyici funksiya daşıya bilərlər.

2-ci dərs: Üzən məzənnə üçün əsas şərtlərdən biri qiymətli kağızlar və valyuta birjasının olmasıdır. Birja satışları bəlli zaman kəsimində həyata kçirir, ölkənin öz birjasında satışlar dayananda milli valyutası online platformalarda Nyu-York, London, Sinqapur, Tokiyo birjalarında günün 24 saatı dəyişdirilə, alınıb-satıla bilir.

3-cü dərs: Üzən məzənnə rejimi üçün bazara günlük çıxarılan valyutanın həcmi, bazar oyunçularının sayı, satış və alış üçün bazara daxil olanların öncədən niyyəti bəlli olmur (yəni, bazarda olan oyunçunun valyuta alacağı, ya satacağı öncədən bilinmir).

4-cü dərs: Üzən məzənnə rejiminin əsas artibutlarından biri də pul dövriyyəsinə qoyulan məhdudiyyətlərin olmamağıdır. Yəni, birjada bazar oyunçusu aldığı valyutanı istənilən ölkədə, istənilən hesaba (qanunlar çərçivəsində) keçirə, ötürə bilər.

5-ci dərs: Üzən məzənnə rejimində olan milli valyutalar xarici şoklara, xəbərlərə, siyasi və iqtisadi bəyanatlara çox həssas olurlar.

Elman müəllim və komandası bu dərslərə yaxşı hazırlaşsın deyə, keçək bizdəki vəziyyətə, məsələnin mühazirə hissəsinə:

1) Azərbaycanda qiymətli kağızlar bazarı və valyuta birjası yoxdur, manatın məzənnəsi online müəyyən edilmir,

2) Azərbaycanda həftədə cəmi 2 hərrac keçirilir, hər biri cəmi 1 saata yaxın çəkir,

3) Həftəlik hərraclarda öncədən nə qədər valyuta çıxarılacağı bəlli olur,

4) Valyutanı satan cəmi bir oyunçu var – Neft Fondu,

5) Valyutanı alan cəmi 25-30 oyunçu var – Banklar,

6) Manat xarici xəbərləri vecinə almır, neft bu il ərzində 25% bahaaşıb, manat isə dollara qarşı 5 aydır eyni məzənnədədir,

7) Hərraclar çox zaman eyni məzənnə ilə başlayır, eyni məzənnə ilə də bitir – belə hərrac olmur,

8) Pul dövriyyəsinə, əsasən də dollar əməliyyatlarına ciddi məhdudiyyətlər var, bazar qaydalarında bu mümkün deyil (ancaq bəlli şübhələr, məsələn, narkotrafik, silah alveri, pul yuyulması olanda məhdudiyyətlər ola bilər),

9) Azərbaycan manatı beynəlxalq platformalarda və online alqı-satqıda iştirak etmir,

10) Manatın “üzdüyünü” demək üçün yuxarıda sadaladığım heç bir atribut yoxdur, məzənnə tam inzibatidir, hökumətin qərarlarından asılıdır.

Elman müəllim və komandası bu dərslərə yaxşı hazırlaşsalar, mühazirədən nəticə çıxartsalar gələn dəfə qiymət kitabçalarını da gətirsinlər, heç olmasa, “məqbul” yaza bilək...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG