Sentyabrın 14-də Azərbaycan hökuməti, BP və digər şərik şirkətlər Azəri-Çıraq-Günəşli (ACG) yatağının istismarı müqaviləsinin uzadılmasına dair razılığa gəldilər. “Əsrin kontraktı” adını alan bu müqavilə ilk olaraq 1994-cü ildə imzalanmışdı və 2024-cü ildə bitməli idi. Yeni müqavilə isə 2049-cu ilə qədər qüvvədə qalacaq.
Dəqiq şərtlərinin ictimaiyyətə açıqlanmadığı yeni razılaşmaya əsasən, Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) neft yatağında payı 11.6 faizdən 25 faizə qədər artırılır. BP şirkətinin payı 35.8-dən 30.37 faizə düşür (BP operator-icraçı olaraq qalır). Növbəti onilliklər ərzində layihəyə maliyyə yatırımlarının 40 milyard dollara çatacağı gözlənilir. Yeni müqavilənin “Azərbaycan üçün əvvəlkindən da gəlirli” olacağı elan edilib.
Yeni müqavilə, həmçinin, PSA adı altında tanınan hasilat-bölgü müqavilələri tarixində Azərbaycan, və bəlkə də bütün region üçün unikal ola bilər.
Əvvəla, yeni müqavilənin 32 illik müddəti qeyri-adi uzundur. Azərbaycan və regionda PSA müqavilələri adətən 25 illik imzalanır (amma istisnalar da var, məsələn, Kazaxstanın Kaşaqan analaşması).
İkincisi, müqaviləyə əsasən Azərbaycan Neft Fonduna səkkiz il ərzində səkkiz tranşla 3.6 milyard dollar məbləğində birdəfəlik bonus ödəniləcək. Müqayisə üçün – ACG üzrə keçmiş kontraktda bənzər bonus 300 milyon dollar olub və hətta bu məbləğ belə o vaxta qədər ən böyük bonus məbləği hesab olunub. Resurs ixracı layihələrinin ilkin mərhələlərində böyük bonuslar, adətən, resurs sahibi olan hökumətin makroekonomik vəziyyəti stabilləşdirmək üçün xarici kapitala ehtiyacı olduğu halda tələb olunur.
Bütün bunlar sual doğurur: Konsorsium 23 il Azərbaycanda fəaliyyət göstərdikdən sonra nəhəng bonus ödəməyə niyə razılaşır? Belə bir izah inandırıcı görünür ki, əvvəlcədən ödənən məbləğ nə qədər çox olarsa, sonradan hasil edilən neftin və gəlirlərin o qədər az hissəsi hökumətə təklif ediləcək.
Üçüncüsü – yeni müqavilə əvvəlkinin davamıdır. Bu Azərbaycanda PSA müqavilələri tarixində daha bir unikal haldır. Bir tərəfdən, müqavilə yeni biri hesab edilə bilər. Digər tərəfdən isə, o, eyni neft yatağı barədədir və əvvəlki müqavilənin dividentlərindən istifadə edir. Köhnə müqavilənin harada bitdiyini və yenisinin harada başladığını ayırd etmək asan deyil, deməli məhz yeni müqavilənin birbaşa xeyrini müəyyən etmək də çətindir.
Bütün bunları və müqavilə mətninin hələ də dərc edilmədiyini nəzərə alaraq, aşağıdakı 10 suala cavablar müqavilənin Azərbaycana hansı faydalarının olacağına atdınlıq gətirə bilər.
- Köhnə ACG müqaviləsinin şərtlərinə görə, Azərbaycan müqavilənin bitmə müddətinə qədər – daha yeddi il özünə sərfəli mövqe tutmuşdu. Gəlir bölgüsü formuluna görə, ölkə hasilat həcminin (hasilat xərcləri və minimal sərmayə xərcləri xaric) 75-80 faizini, heç bir əlavə xərc olmadan öz əlində saxlayacaqdı. Bu cür sərfəli əməliyyat sxeminin müddətini qısaltmaq nəyə lazım idi?
- PSA müqavilələrində (və ya istənilən başqa növ müqavilələrdə), adətən, korporativ tərəfdaşların ilkin mərhələlərdə çəkdikləri xərclər gəlir bölgüsünün ilkin mərhələlərində artıqlaması ilə qarşılanır. Yeni müqavilə eyni prinsiplər əsasında qurulubsa, bu o demək deyilmi ki, müəyyən gəlirlilik dərəcəsinə çatana qədər Azərbaycan gəlirin ancaq 25 faizinə sahib olacaq?
- ACG yatağına artıq əsaslı yatırımlar qoyulub. Yeni müqavilənin imzalanması yalnız hasilatı artırmağa imkan verəcək yeni texnologiyaların tətbiqi ilə bağlıdırsa, bu əsaslı yeni investisiyalara ehtiyac olmadığı deməkdirmi? Əlavə olaraq, bu, hasilatin ilkin mərhəhələrində xarici şirkətlərin adətən sahib olduqları yüksək gəlir faizinin bu dəfə azaldacaqmı?
- 1994-cü il müqaviləsinin ekspert qiymətləndirilməsinə əsasən, xammalın bahalığı şəraitində Azərbaycan 200 milyard, xarici şirkətlər isə ümumilikdə 40 milyard dollara yaxın gəlir əldə edə bilərdi. Xarici şirkətlər onlara çatacaq gəliri demək olar ki, tamamilə əldə ediblər. Lakin, nüqavilənin vaxtindan əvvəl dayandırılması səbəbindən Azərbaycan yalnız 120-130 milyard dollar arası gəlir əldə edə bilib. Bu o deməkdirmi ki, PSA müqavilələrinin incəliklərinə daha yaxşı bələd olan xarici şirkətlər hökuməti bu məsələdə üstələyə biliblər?
- Əvvəlki müqavilə, 30 milyard yatırımın müqabilində, hətta bütün hasilat infrastrukturu, BTC boru-kəməri də daxil olmaqla, sıfırdan qurulandan sonra, ölkəyə 125 milyard dollar gəlir gətirib. Əlavə 40 milyard dollar tələb edəcək yeni müqaviləyə Azərbaycan hansı məbləğdə yatırım qoymalıdır?
- ARDNŞ-nin ACG-də payının artması ilə onun investisiya qoyuluşu öhdəliyi də artırmı? Elədirsə, şirkət bunun üçün tələb olunan maliyyə vəsaitini aşağı neft qiymətləri şəraitində necə əldə etməyi planlaşdırır.
- 3.6 milyard dollar bonus ödənişinin arxasında nə dayanır? Bəlkə bu, köhnə müqavilədən daha az sərfəli olan yenisinə keçid üçün Azərbaycana ödənən təzminatdır?
- Xarici şirkətlər ödədikləri bonuslar üçün, yeni müqavilə daxilində, məsələn, çəkilən xərclərin qaytarılması şəklində təzminat alacaqlarmı? Yaxud bonus gələcək gəlirlər hesabına ilkin ödəmədirmi?
- Müqavilənin şəffaflığı baxımından, Azərbaycan illər boyu regional və qlobal miqyasda lider kimi tanınıb. ACG, Şahdəniz və digər müqavilələrin mətnlərini istənilən şəxs asanlıqla tapa bilər. Müqavilənin miqyası və ölkəyə təsiri nəzərə alınarsa, indiki əlavənin mətninin də dərc edilməsi əvvəlki PSA müqavilələrin müsbət təcrübəsini təkrar edərdi. Bəs o zaman yeni müqavilənin mətni ətrafında bu məxfiliyin səbəbi nədir?
- Müqavilələrin şəffaflığına EITI-nin təsiri olmuşdu. Azərbaycan EITI-dən çıxdıqdan sonra bu amil aktuallığını itirir, lakin əlavə bir sual doğur: Hasilat sənayesi sahəsində dövlət şəffaflıq komissiyasının bu qeyri-şəffaflığa reaksiyası necədir?
Müqavilənin Azərbaycan üçün əhəmiyyəti nəzərə alınaraq, ARDNŞ və BP kimi əsas iştirakçıların, səhmdarların, müstəqil ekspertlərin və vətəndaş cəmiyyətinin də iştirakı ilə yuxarıda sadalanan məsələlərin müzakirəsi üçün dəyirmi masanın təşkili məqsədəuyğundur. Bu, satınalma, əmək qaydaları və ətraf mühitin qorunması da daxil olmaqla şirkətlərin öhdəliklərinin araşdırılması üçün şərait yaradar.
Yazı ilk olaraq Natural Resource Governance Institute bloq səhifəsində dərc olunub.
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.