ODTÜ-yə azərbaycanlı fizika müəllimi gəlmişdi, bir gün gəldi Qazi Universitetinə, Saleh müəllimin yanına. Təklif etdi ki, gedək şəhərdə "birə" içək. Harda adında Hacı sözü olan kafe varsa ("Hacı Abdülrezzak dönercisi" məsələn), girir içəri, soruşur "sizdə birə varmı?". Deyirlər yox, yenə təkrarlanır. Müəllimə izah etdik ki burda "birə" hər kafedə verilir deyə bir şərt yoxdur, "birə" üçün içki verən yerlər var. Sonra "birə" içəndə dəhşətlə dedi ki, "Ayə Saleh, bunlar planetə gəzəyən deyirlər!".
Başqa bir universitet müəllimi vardı, hansısa xətlə universitetə müəllim düzəlmişdi, universitetə getməzdi, bütün tədbirlərdə alovlu çıxışlar edirdi, özü də svetafor kimi aləlvan idi. Tələbələri deyirdi ki, dərsə gələndə də hələ mövzudan danışdığı olmayıb.
Bizim adaptasiya problemimiz var. Uyğunlaşmaqda çətinlik çəkirik, biraz idealizm, biraz mühafizəkarlıq mane olur. Dəyişiklik gec gedir. Vaxtı ilə cins şalvar geyindiklərinə görə tətilə gələn tələbələrə deyilməyən söz qalmırdı, indi nənələr də cins geyir. Bir çox mübahisələrdə onu xatırlatmaq lazım gəlir ki, boşuna zaman itirirsiz. Olacaqlara mane olmayın.
Bizim Türkiyədə imic problemimiz var. Səbəbi də özümüzük. Təhsildəki rüşvətdən Türkiyədə hamı xəbərdardır. Bilən bilir ki, Türkiyədə pulla imtahandan keçmək ağla belə gəlməz. ODTÜ-də xarici tələbələrdən biri imtahan kağızında müəllimə rüşvət təklif etmişdi, o müəllim tələbəni məhkəməyə verirdi, birtəhər sakitləşdirdilər.
Konsert olur, hələ də qocalmış kəpənək kimi bəzənib, vulqar görünərək "Sizə salam gətirmişəm" oxuyurlar. 25 ildə normal bir restoran açıb işlədə bilməmişik. Halbuki Bakıda onlarla keyfiyyətli Türkiyə mətbəxi restoranı var. Azərbaycanın özünü Türkiyədə tanıtmasına, modern üzünü göstərməsinə ehtiyac var. Xüsusilə araşdırmayanlar, stereotiplərdən istifadə edəcəklər, qaçılmazdır.
Səfeh yazılar yazılır, lakin reaksiya bu yazıları saytdan götürməyə kifayət edir. Deməli ümumi olaraq Azərbaycan məsələsinə Türkiyədə həssaslıq var. Belə səfeh yazılar olanda, komsomolçular və ağamağamçılar sevinir, uzağa gedən nəticələr çıxarırlar, təki "türk, Türkiyə" adı bizə zidd konteksdə hallansın. İran mətbuatında növbəti təhqir olanda, yazıb bildirəcəm, baxaq görək o yazını mətbuatdan sildirə bilirlərmi? Ki İran mətbuatında bu hal dəfələrlə və daha ağır formada olub.
Məsələ Türkiyənin böyük qardaş olması, bizi idarə etməsi deyil. Kənardan bizə təlqin olunan ideologiyalar bizə aid olmayan məsələləri bizim problemimiz kimi göstərir, bizə faydalı olan qurum və ölkələri isə düşmən kimi.
Sırf praqmatik nöqteyi nəzərdən Türkiyə bizim üçün vacibdir
1. Dil maneəsi yoxdur. Ana dilini bilməmək bahasına başqa dildə danışıb bununla fəxr etmək xaric, ən asan mənimsəyə biləcəyimiz dil Türkiyə türkcəsidir. Bu da ciddi ədəbiyyata və universitet təhsilinə açılan qapıdır.
2. Çoxsayda gənc vətəndaş Türkiyədə keyfiyyətli tibb, hüquq, mühəndislik və s. təhsili alıb, alır. Bugün yüzlərlə Türkiyə məzunu olmasaydı mütəxəssisləri xaricdən gətirib 15,000 dollar maaş verəcəkdilər.
3. İstəsək türk şirkətlərinin istehsal və menecment təcrübəsini öyrənə bilərik.
Saymaq olar, ancaq bunları məsafə yaxınlığı, dil avantajı, qiymətdə münasibliklə həll edə bilirik.
Son dövrlərdə Türkiyədən zərərli təriqətçi fikirlər də gəlir, ancaq faydalı və zərərli fikirlər üçün filterləri özümüz qoymalıyıq.
1. Reaksiya ilə saytdan səfeh yazı götürülə bilirsə, "düşmənçilik" təbliğ etmək lazım deyil. Reaksiya vermək lazımdır.
2. Gözləmək lazım deyil ki, bizim yaxşı tərəfimizi görün, pis tərəfimizi görməyin. Yaxşını biraz da biz təbliğ etməliyik.
3. Əsl zərərli olan elə qəzetlərdəki yazılar deyil, təriqət təbliğatlarının dərsliklərə yol tapmasıdır. Qəzet yazısına reaksiya verib uzun vədəli beyin yuma proqramına reaksiya verməmək, hələ də ciddi problemlə ciddi olmayan arasında fərq qoya bilmədiyimizi göstərir.
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.