Bəlkə siz də mənim kimi 2000-ci illərin əvvəllərində əsl adı Alecia Beth Moore olan Pink-in Family Portrait mahnısının klipinə baxanda ifaçının klipdəki uşaq olduğunu düşünürdüz. Bu mahnını Pink 22 yaşında yazmışdı. Nədən bu yadıma düşdü? 2 ay öncə YouTsube-da Pink Vevo səhifəsindən onun yeni, ‘What About Us’ mahnısı yayıldı.
İşdə adətən Youtube özü axtarış tarixçəmə uyğun mahnı təkliflərini ardıcıl səsləndirir. Arxa fonda olduğundan bəzən işim gərginliyindən səs gəlsə də, əslində heç dinləmədiyim mahnılar 100 faiz olur. Ancaq bu mahnı gedəndə dərhal çevirdim klipinə ki, nə əcəb bu mahnı mənə tanış deyil, gördüm ki, Pink-in yeni mahnısıdır. Onda mahnı 1 gündü qoyulmuşdu. İndi artıq 87 milyondan da çox baxış toplayıb.
Pink 2 ilə 40 yaşını qeyd edəcək. Amma görünən odur ki, bu insanlar heç yerində saymağı xoşlamırlar. 10, 20 il dayanmadan çalışırlar. Bütün yenilikləri, yeni trendləri tuturlar və hər dövrdə auditoriyalarını məmnun etməyə çalışırlar. Özüm də ara-sıra edirəm, sizə də tövsiyyə edirəm. Dünyada idman, biznes, incəsənət sahəsindəki məşhur adamların qısa olsa da tarixçələrini Wikipediadan oxuyun. Karyera və yaradıcılıqlarının əksər hallarda 20, 30 il davamlı getdiyini görəcəksiz.
Bizim ölkə düzdür, cavandır. Üstəlik yeni biznes qaydları ilə 15-20 ildir oynayırıq. Amma ümumi götürəndə bizdə insanların çoxu davamlı karyera həvəsində olmurlar. Daha dəqiq desək bir yerə çatıb, orada rahatlanmaq istəyirlər. Bəziləri üçün bu rahatlanmaq rahat 1 tikə çörək qazanmaq, bəziləri üçünsə son mənzilə qədər qəşəng çak-çuk çıxan obyekt anlamı gətirir.
Həyat isə belə deyil. Bunu biz devalivasiyada da gördük ki, hər an böyük imkanlar əldən çıxa bilər. İnsan işdən də çıxa bilər, uzun müddət işsiz də qala bilər. Bu yazımdan bir yerdə ilişib qalmamağın 5 dinamik çıxış yolunu təqdim edirəm:
1) Komfort zonadan çıxmaq – Son 1 il ərzində bir xeyli dostumuz xaricə yaşamağa və işləməyə üz tutub. Mən onlar üçün xaricdə rahatlıq tapmağın necə çətin olduğunu çox gözəl başa düşürəm. Onların bəziləri ilə söhbətdə də bunu özləri etiraf edirlər. Ancaq onların bəziləri burada olan rahat həyatlarını burada qoyub, gələcək rahatlıqları üçün özlərini diskomfort mühitə salıblar. Daha çox çalışmaqla, az istirahət etməklə. Ancaq o ümidlə ki, gələcək təminatları daha uzunmüddət olsun. Müəyyən yaşdan sonra bunu etmək çətin olur. Ancaq çalışın ki, sizdə bu müəyyən yaş çox gec olsun. 40-45 hətta belə. İşdə əgər daha çox zəhmət tələb edən yeni vəzifə varsa və buna can atmırsınızsa demək sizin yaşınızın neçə olmasından asılı olmayaraq, siz artıq həmin müəyyən yaşa vaxtından tez çatmısınız.
2) Heç zaman özündən 100 % qane olmamaq – ‘Bu günə də şükür’ çox yaxşı təsəllidir. Amma 2-3 il boş-boş işlərlə məşğul olanda, şükür etmək yadına belə düşmür. Bir çox insan, xüsusən orta menecment bir yerə çatdıqdan sonra, özünəinam yersiz olaraq maksimum olur və özündən tam qane olmaq mərhələsi başlayır. Xüsusən cibə biraz yaxşı pul gəldi, artıq danışdığın istənilən mövzuya sanki nöqtə qoyursan. Bu heç də yaxşı hal deyil. Tanıdığım biznesmenlər gecə-gündüz çalışdığı və tam qane olmadığı halda, hansısa şirkətdə nisbətən yüksək vəzifəsi olan adam heç gündəlik öhdəliklərinə belə diqqətlə yanaşmır, günləri yola verir. Təsəllisi də özündən qane olmaqdır ki, mən istəniləm zaman bu işi görməyə qadirəm. Bu isə ömürdən-gündən aparır.
3) Həmişə cavan qalmaq həvəsi – 10 il qabaq tələbə olanda özümü 40-50 yaşlı insanlardan ağıllı sayırdım. Düşünürdüm ki, çox müasirəm. İndi əminəm ki, hazırki tələbələr məhz özlərini məndən güclü sayırlar. Müasirlik, sadəcə texnologiya istifadə etmək bacarığı deyil. Bu texniki bilikdir. Müasirlik daha çox yeni trendləri tutmaq qabiliyyətidir. Bu cür insanlar daima cavan qalırlar. Təbii ki, mənəvi ilə yanaşı fiziki sağlam qalmaq üçün idman və sağlam qida da önəmlidir.
4) Çox pul qazanmaq istəyi – Kimsə ‘otkat’ ilə çox pul qazanırsa, bu 100 % geci-tezi ona başağrısı olacaq. Rahatlıq üçün düzgün yollar haqqında düşünmək lazımdır. 10-cü 1 DƏQİQƏ videosunda da qeyd etdiyim kimi bəzi şəxslər var ki, təəcüblü olsa da müəyyən bir məbləği aylıq qazanandan sonra onu artırmağa həvəsli olmurlar. Özlərinə limit qoyurlar. Faktiki olaraq pul hər il inflyasiya uğrayır. Hər şeyin qiyməti qalxır. Yeni-yeni ehtiyaclar ortaya çıxır. İçimizdə daha çox qazanmaq istəyi olmadıqda, yeni nələrisə öyrənmirik, öz üzərimizdə az çalışırıq və tənbəlləşirik.
5) Özünü başqalarına həsr etmək – İnsan əhatəsini kiçiltdikcə pula, vaxtına qənaət edə bilər. Az öhdəliyi olduğu üçün həyatdan gözləntiləri də az olacaq. Amma bildiyin, bacardığın məsələlərdə çoxlu insana kömək etdikcə, yeni əlaqələr qurulur və insanın ağlına gəlmədən üzünə yeni qapılar açılır. Mən sizə və özümə arzu etmirəm ki, hansısa işi təmannalı görək, etdiyimiz hər xırda əmələ qarşılıq gözləyək. Amma istər-istəməz insan bu əməllərdən fayda görür. Heç şübhəsiz ən böyük fayda insanın özünün öz sahəsi üzrə qabağa getməsi olur.
Həmişə olduğu kimi bu yazıda da maksimum şəxsi təcrübə və müşahidələrimi qeyd etdim. Əminəm ki, siz də bu 5 dinamik məsələdən savayı bir çox çıxış yollarını özünüz də bilirsiz. Bilməklə iş bitmir, təbii ki, vacib olan onlara əməl etməkdir.
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.