Məlum olduğu kimi, Azərbaycan borcunu ödəyə bilməyən şəxslərin həbs olunduğu yeganə Avropa dövlətidir. Bu barədə dəfələrlə çıxış etmiş, yazılar dərc etmişəm: borca görə həbs tarixən barbar cəmiyyətlərinə xas olub, ilk dəfə VII əsrdə müsəlman aləmində buna son qoyulub və XIX əsrdə Avropa da bu yanaşmanı qəbul edib.
Formal olaraq məhkəmələrimiz guya vətəndaşları borcunu ödəyə bilmədiklərinə görə deyil, borcun ödənilməsi haqda məhkəmə qərarını üzürsüz səbəbdən icra etmədiklərinə görə həbs edirlər.
Formal olaraq məhkəmələrimiz guya vətəndaşları borcunu ödəyə bilmədiklərinə görə deyil, borcun ödənilməsi haqda məhkəmə qərarını üzürsüz səbəbdən icra etmədiklərinə görə həbs edirlər. Amma bu zaman səbəbin niyə üzürsüz olduğunu hakimlərimiz əsaslandırmır. Faktiki olaraq əmlakı olmayan işsiz şəxsləri həbs edirlər. Başqa sözlə, “Keçəl Həsən, ya Həsən keçəl?!” məsəlidir! Yəni faktiki olaraq vətəndaşı elə məhz borcunu ödəyə bilmədiyinə görə həbs edirlər.
Ötən ilin mart ayında elan etmişdim ki, rəhbəri olduğum “Antikollektor” şirkəti borca görə həbs olunan vətəndaşlara pulsuz hüquqi yardım göstərəcək. Avropa Məhkəməsinə şikayət də daxil olmaqla. Bundan sonra həbslərin sayı kəskin azaldı. Amma yenə də var (əsas problem həbslərin çoxluğu deyil, sadəcə həbslə qorxutmaqdır ki, insanların psixikasına mənfi təsir edir, onları intihar həddinə çatdırır və s.). Bizə bununla bağlı vaxtında yalnız 4 vətəndaş müraciət etdi və onlardan üçünə (bir vətəndaş nədənsə sənədlərin hamısını bizə təqdim etmədi) dair Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndərdim.
Ötən həftə Avropa Məhkəməsindən məktub almışam. ...Məhkəmə Azərbaycan hökumətinə müraciət edərək 16 yanvar 2018-ci ilədək bu şikayətlərə münasibət bildirməyi xahiş edib.
Şikayətdə Avropa İnsan Haqları Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) və 4-cü Protokolunun 1-ci maddəsinin (“Heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz”) pozulduğunu iddia edirəm. Ötən həftə Avropa Məhkəməsindən məktub almışam. Məktubda bildirilir ki, bu 3 şikayət faktiki bir icraatda birləşdirilib. Məhkəmə Azərbaycan hökumətinə müraciət edərək 16 yanvar 2018-ci ilədək bu şikayətlərə münasibət bildirməyi xahiş edib. Hökumətimizin rəyi sonra mənə göndəriləcək və mən də həmin rəyə münasibətimi bildirəcəyəm.
Beləliklə, yəqin ki, artıq gələn il Avropa Məhkəməsi bu məsələ ilə bağlı qərar qəbul edəcək. Pozuntunun açıq-aşkar olduğunu nəzərə alaraq, böyük ehtimalla şikayətlərimiz təmin olunacaq və dövlətimiz borca görə həsb etdiyi vətəndaşlarımıza kompensasiya ödəməli olacaq. Onu da deməliyəm ki, Avropa Məhkəməsinin indiyədək Konvensiyanın 4-cü Protokolunun 1-ci maddəsinin (“Borca görə azadlıqdan məhrum etmənin qadağan olunması”) pozulması ilə bağlı heç bir qərarı olmayıb. Təəssüf ki, birinci olacağıq! Vicdansız hakimlərimiz və icra məmurlarımızın, onlara təzyiq edən banklarımızın sayəsində! Ümid edirəm ki, heç olmasa bu xəbərdən sonra borca görə həbslərə son qoyulacaq! Ən əsası isə həbslə hədələmə halları da tariximizin şərəfsiz səhifəsinə çevriləcək. Hər bir halda Avropa Məhkəməsi öz sözünü deyəndən sonra bu şərəfsizliyin kökü kəsiləcək! Çox az qalıb! Hələlik isə həmvətənlərimi təmkinli olmağa, borca görə sui-qəsd və sair əməllərə əl atmamağa çağırır, ən əsası isə mübariz olmağa dəvət edirəm! Haqlarınızı bilin! Sizi borca görə heç kəs həbs edə bilməz! Etsələr, sonadək mübarizə aparın! Biz də sizə həmişə dəstək olacağıq!
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.