(hekayə)
Bakının sakit məhəllələrindən birində, iki “xruşşovka”nın kəsişməsindəki “arka”dan həyətə daxil olub, bir az irəli getdikdə, baxçanın arxa tərəfindəki binaya çatırıq. Bax, həmin bu binada yaşayır bizim qəhrəman.
Mehmanı bir neçə ildir tanıyıram. Adətən, ilıq və günəşli havalarda o, həyətə düşərək, rəngi solmuş taxta “besedka”nın yanında dayanır.
Vaxtı ilə məhəllənin ən fəal uşağı olub Mehman, diribaş, hazırcavab, yaraşıqlı birisi. Yaxşı futbol oynayarmış. Yaşıdları hər kəsə kömək etməyə hazır, etibarlı dost kimi xatırlayırlar onu.
İndi o, mübtəla olduğu naməlum, sirli bir mərəzdən əziyyət çəkir, heç kəslə əl tutuşmur, paltarını təzələmir, dəyişmir. İlin bütün fəsillərində, qışın sazaqlı günündə, yayın nəfəs kəsən bürküsündə o, eyni qiyafədə olur. Göy köynəyin üstündən geyindiyi nazik, qolu didilmiş jaket, boz nimdaş şalvar və qara dəri ayaqqabı.
Yuyunmur, üzünü təraş etmir, demək olar heç yemir də. Qoxulara qarşı həssas olduğuna görə hər şeydən iyrənir. Onu dəhşətli vəziyyətə salan, diaqnozu, müalicəsi bilinməz olan xəstəlik ucbatından məhəllənin hüdudlarından belə kənara çıxa bilmir. Deyilənə görə, yaxınları vaxtilə Mehmanı uzaq xaricə, müxtəlif xəstəxanalara aparsalar da xeyiri, nəticəsi olmayıb.
Qəribəsi budur ki, psixoloji xəstəliklərdə daha çox rast gəlinən qaraqabaqlıq, susqunluq onda yoxdur. Əksinə, söhbətcil və ünsiyyətcildir. Onun sadə rəftarı, ürəyəyatımlı danışıq tərzi, intellektli zarafatları hər kəsin ürəyinə yol tapır
Anlaya bilmirsən, naxoşdursa niyə bu cür aydın təfəkkürə, səlis nitqə malikdir, sağlamdırsa niyə özünə bu cür əziyyət, əzab verir!?
Danışırlar ki, bir dəfə, yaşlı bir qadın qızı ilə küçədən keçirmiş. Bu zaman onun halı qəflətən pisləşir və səkinin kənarına yıxılır. Yanındakı gənc qız təlaşla o yan, bu yana qaçır, ətrafdakılardan kömək istəyir – onlarsa laqeydcəsinə kənara çəkilib özlərini görməməzliyə vururlar. Qəflətən, Mehman özünü yetirir. Taksi çağırtdırır və onları xəstəxanaya yola salır. Hətta taksinin pulunu da ödəməyi unutmur. Bu onun etdiyi yaxşılıqlardan yalnız bir epizoddur.
Ağır xəstəliyin daha da, itiliəyib həssaslaşdırdığı fəhmi ilə, insanları tanıyıb seçməkdə Mehmana çatan olmaz. Hansısa məqamda yaxşı tanımadığım qonşum barədə təfərrüatlı xarakteristikanı məhz ondan alıram. Heç vaxt yanılmır.
Budur, həmişəki kimi əynində nimdaş paltar, tüklü arıq üzündə sanki çoxdan tanıyırmışsan sayaq, mehriban bir ifadə ilə tində dayanıb. Yaxınlaşıb, hal-əhval tuturam:
- Necəsən Mehman?
- Sağ ol brat, yaxşılıq. Axşamkı oyuna baxdın?
- Hə, təbrik edirəm, komandan yenə qələbə qazandı.
Bu zaman, yanımızdan siqnal verərək ötən bahalı “Range Rover”in sahibini nəzərdə tutaraq istehza ilə:
- Yeni hacılardandı, ətəyində namaz da qılmaq olar - deyir, başını təəsüflə bulayır.
Onun maraq dairəsi də genişdir, əhatəlidir - siyasət, idman, teatr, kino. Bəyəndiyi yazıçılar Gi de Mopassan, Lev Tolstoy, xoşladığı filmlər “İnsanın taleyi” və “Durnalar uçur”dur.
Onunla istənilən formada söhbət etmək mümkündür. Belə ünsiyyətdən qətiyyyən yorulmursan, usanmırsan. Mehmanın müasir həyatda baş verən bütün yeniliklərdən məlumatı var. Elə bir mövzu yoxdur ki, bu insanın beyin süzgəcindən, aydın təfəkküründən keçməsin. Öz-özünə sual verirsən, bütün bu məsələləri axı o, haradan bilir?!
Onun halına acıyan qonşular, sakinlər bəzən ona kömək kimi pul, pal-paltar, yemək verməyə cəhd edirlər. Mehman belə şeylərə biganədir. Ya, onları çox zaman qəbul etmir, ya da aparıb bir başqa ehtiyacı olana təklif edir.
Artıq yaz gəlib, təbiət oyanır. Mehmanın da davranışlarında, danışığında nikbin bir canlanma, ümidverici yenilənmə hiss olunur.
Budur, talenin üz çevirdiyi bu bəxtsiz insan yenə “arka”nın yanındakı həmin o yerdə dayanıb. Yaxınlaşdıqda, çevrilib mənə baxır, tanıyınca gülümsəyir. Hər il mənə verdiyi vədi təkrarlayır:
- Havalar düzəlir brat, söz verirəm, bu yay mütləq paltarımı yeniləyəcəm, üzümü də qırxacam. Artıq hiss edirəm ki, sağalıram.
- Əlbəttə, üstəlik cavan oğlansan, evlənə də bilərsən.
Gülür. Əl edib, sağollaşıram.
Həyatsa beləcə davam edir.