Dünən İraq Kürdüstanında referendum keçirildi. Başından bəri bu prosesə ölkəmizdə şərhlər verilərkən əvvəlla məsələyə konspiroloji və həddindən artıq emosional yanaşılır, daha sonra anlayışlar qarışdırılır və daha sonra maksimalist bəzən də futurist-fatalist nəticələr proqnozlaşdırılır.
Konspiroloji məsələyə sonda toxunacam, səbr edin.
Bəsit nəticə çıxarılır ki, "Kürd dövləti yaranacaq" və ya yarandı vəssalam. Bəylər, bir az dəqiqləşdirmə aparın. Siz hansı Kürd dövlətindən danışırsız? De fakto ya de jure? Xəbəriniz olsun ki, faktiki Kürd dövləti, yəni, de fakto özünün bütün atributları ilə artıq çoxdan var. Bu gün referendum keçirilməsinin əleyhinə çıxan ölkələr DƏ başda Türkiyə, eləcə də İran olmaqla bu de fakto dövlətin ayağa durmasında və möhkəmlənməsində nə lazımdısa gördülər.
İndi söhbət onun de jure olaraq beynəlxalq hüquqda dövlət kimi tanınmasından gedir. Elə bilin ki, bir ərazini tutub orda tikib yaradıbsız, indi kupça (tapu) almaq istəyirsiz. Belə görünür ki, bu məsələ de fakto kimi olmaq kimi, elə də asan deyil, icra başçıları və müvafiq yuxarı instansiyalar faktiki istifadə etdiyiniz əraziyə kupça vermirlər.
İndi bu icra başçıları və müvafiq yuxarı instansiyalar yəni böyük dövlətlər və beynəlxalq təşkilatlardan hansı biri Kürdüstanın müstəqillik referendumunun açıq şəkildə dəstəklədi və Kürdüstanın müstəqilliyini tanıyacağını açıq şəkildə bildirdi? ABŞ, Fransa, Rusiya, Britaniya, Avropa İttifaqı, BMT? Heç biri! Mənə bu dövlətlərdən birinin açıq şəkildə dəstək verən RƏSMİ bir bəyanatını göstərin.
Bu dövlətlərdən və beynəlxalq təşkilatlardan İraqın müstəqilliyini RƏSMİ şəkildə (de jure) tanıması ilə bağlı xəbəri növbəti 5 il ərzində mənə ilk çatdırana qonaqlıq verəcəm.
Xahiş edirəm hansısa dövlətin rəsmilərinin verdiyi bəyanatlarda məqsədli şəkildə ikili məna axtarmaqla subyektiv və uzağa gedən şərhləri və nəticələri kənara qoyun. Açıq şəkildə heç bir dövlət İraq Kürdüstanında keçirilən referendumu dəstəkləmədi, yəni, onun nəticələrinin onlar üçün hüquqi nəticə doğuracağını bildirmədi. Hələlik bu yoxdu. Sabah olmayacaq demirəm, amma bu gün yoxdu. Bundan əlavə "yox" deyənlər elə formada "yox" deyirlər ki, sabah "hə"yə dəyişmək müəyyən zaman və əlavə əsaslandırma tələb edəcək.
Eyni zamanda xahiş edirəm İraq kürdlərinə ABŞ və Qərbin illər boyu böyük yardım etməsini əsas gətirərək, bu yardımın kürdlərin müstəqilliyinə razılıq verdiyi nəticəsini çıxarmağa tələsməyin. Çünki, yardıma qaldıqda Türkiyənin İraq Kürdüstanına yardımı və illərlə dəstəyi ABŞ, İsrail və Qərbinkindən heç də geri qalmır. İraq Kürdüstanına yardım edənlərin siyahısına hətta İranın da adını əminliklə yaza bilərsiniz.
Türkiyənin kürdlərin peşmərgələrinə keçdiyi hərbi təlimlər, minlərlə türk şirkətlərinin İraq Kürdüstanındakı hava limanları və strateji infrastruktur tikintisində oynadığı rol, daha sonra mərkəzi Bağdad hökumətinin razılığı olmadan Ərbillə neft alış verişi bu dəstəyin səthi sıralamasıdı. Yəni, ABŞ və Qərbin kürdlərə yardımından tələsik "Kürdüstanın müstəqilliyinə dəstək" kimi nəticə çıxarırsınızsa, eyni nəticəni Türkiyə ilə bağlı da çıxarmaq olarmı?
Yəni, demək istədiyim odur ki, qısa müddətli taktiki maraqlar üçün kürdlərlə işləmək, əməkdaşlıq etmək hələ o demək deyil ki, əməkdaşlıq edənlər kürdlərin müstəqilliyində maraqlıdır və istəyir. Kürdlər müstəqil oyunçu kimi müxətlif tərəflərlə oynayırlar, o cümlədən Rusiya ilə, sadəcə ABŞ və ya İsrail ilə deyil. ABŞ, Qərb və ya İsraillə bağlı konspiroloji təxəyyüllər qurarkən linklərdəki məqamları da unutmayın.
Indi gələk referendumun özünə. Bir çox şərhçilər referendumun nəticəsindən çıxış edərək həddindən artıq uzağa gedən nəticələr çıxarırlar. Burda əsla həmin nəticələrin bir mənalı şəkildə gerçəkləşməyəcəyini iddia etmirəm, mən həmin ehtimalları çox aşağı görürəm. Məsələn, total böyük müharibə kimi filan. Hər hansı bir ərazidə referendumun keçirilməsi HƏLƏ həmin ərazinin və xalqın avtomatik olaraq müstəqil olması, beynəlxalq hüquqda (de jure) dövlət kimi tanınması və yeni dövlətin yaranması deyil.
İdeal senaridə/prosedurda müstəqilliyə yol belə gedir - referendum, onun nəticəsini əsas gətirərək müstəqilliyin elan edilməsi, daha sonra həmin nəticələrin tanınması mərhələsi gəlir. Gördüyünüz kimi şərti olaraq 3 mərhələdi. Yəni, referendum hələ müstəqillik deyil və ya kiminsə referendum keçirməsi hələ müstəqilliyini elan etməsi deyil. Daha sonra kiminsə müstəqilliyini elan etməsi onun avtomatik müstəqil dövlət olması və avtomatik beynəlxalq hüququn subyektinə çevrilməsi və de jure dövlət olması deyil.
Başqa sözlə fikir bildirəndə ehtiyatlı olun, referendumun keçirilməsi hələ de jure dövlət olmaq və ya müstəqillyi elan etmək deyil. Və ya müstəqilliyin elan edilməsi hələ (de jure) müstəqil olmaq deyil.
Sonda gələn əsas mərhələ əsasən siyasi qərardır. Burada tanıyan dövlətlər hüquqi prosedurlara riayət olunmasına əhəmiyyət verirlər amma elə də ciddi əhəmiyyət vermirlər. Lazım gələndə hüququ özlərinə sərf edən formada təfsir də edirlər.
Birinci iki mərhələ sırf həmin ölkənin daxili hüququna (konstitusiyasına) əsaslanan (və ya əsaslanmalı) hüquqi prosedurlardır. Bu iki mərhələnin hüquqiliyi və legitimliyi isə 2 cür olur.
Birinci variantda həmin dövlətin konstitusiyasında (burada İraq) açıq şəkildə hansısa ərazinin (muxtariyyət və ya digər subyekt) mərkəzin razılığı olmadan müstəqilliyini elan etməsi bəndi açıq şəkildə göstərilir. Amerikalıların iştirakı ilə qəbul edilmiş sonuncu İraq Konstitusiyasında bu cür maddə yoxdur.
İkinci variantda tərəflərin razılığı ilə (konstitusiyada göstərilməsə belə) yeni dövlət yaranır. Bağdad buna da razı deyil. Yəni, hər iki mərhələ dinc yolu nəzərdə tutur, güc tətbiqini və zorakılıqla iradənin qəbul etdirilməsini nəzərdə tutur. Ən azından formal olaraq belə bəyan edilir.
Birinci nümunəyə Yuqoslaviyanı göstərə bilərik. Həmin ölkənin keçmiş konstitusiyasında subyektlərin müstəqil olma hüququ göstərilirdi. İkinciyə nümunə Çexoslovakiya idi. Deyəcəksiz Kosovo. Kosova tamam başqa mövzu idi, onun de jure müstəqilliyinə yol açan hər halda müəyyən əsaslar var idi, 1244 saylı BMT qətnaməsi və başqa məqamlar var idi. Kosova nümunəsində dünya ölkələri iki fərqli mövqeyə bölünmüşdülər. Kürdüstanın de jure müstəqil dövlət olmasında isə dünya ölkələrinin ən azından hələlik xüsusilə böyük dövlətlərin iki fərqli mövqeyə bölünməsini belə görmürük. İndən belə Qərbin belə mövqe sərgiləyəcəyi isə getdikcə daha az inandırıcı görünür. Xüsusilə, uzun illər ayrı-ayrı ölkələrin separatçılarına qucaq açan Avropa bu problemlə üzləşmək üzrədir. İspaniyada Kataloniya məsələn. Bunun gələcəkdə Fransada hələ Korsikası, Bretonları və digərləri var. Öz başlarına gələndən sonra ərazi bütövlüyü məsələsində istəsələr də istəməsələr də daha prinsipial olmağa məcburdular.
İndi gələk konspirologiya məsələsinə. Yuxarıda bəzi məqamlara toxundum ABŞ, Qərbin və Türkiyənin İraq Kürdüstanına yardım məsələsinə. Bəli!, 1991-ci ildə ABŞ başçılığı altında Səddam Hüseyn rejiminə qarşı koalisiya yaradılandan və ilk müharibədən sonra indiyə qədər İraq kürdləri və Vaşinqton arasında hərtərəfli əməkdaşlığın əsasları qoyulmuş və ABŞ indiki Kürdüstan muxtariyyətinin, onun müxtəlif faktiki dövlət inistitutları və atributlarının formalaşmasında hərtərəfli yardım etmişdir. Ancaq eyni yardımı Türkiyə, elə İran da etmişdi.
Bundan əlavə hüquqi olaraq İraq Kürdüstanı İraq dövlətinin tərkib hissəsi olsa da onun beynəlxalq arenada faktiki oyunçuya çevrilməsində və digər dövlətlərlə birbaşa iqtisadi və siyasi əlaqələr qurulmasında ABŞ-ın birbaşa və dolayı yolla dəstəyinin olması danılmaz faktdır. ABŞ rəsmiləri və ölkənin əsas ekspertləri bunu kürd xalqının öz müqəddəratının təyin etmə hüququna uyğun olduğu kimi təqdim etmişlər. Amma bu öz müqəddəratını təyin etmə hüququnun sərhədlərinin İraq dövlətinin ərazi bütövlüyü ilə çərçivələndiyini bildiriblər. Eyni mövqeyi İraq Kürdüstanına beynəlxalq əlaqələrdə müstəqil subyekt statusunu Türkiyə də Bağdadın etirazlarına baxmayaraq Ərbillə imzaladığı enerji müqavilələri ilə vermişdi.
ABŞ müxtəlif vaxtlarda müxtəlif siyasi və hərbi proseslər fonunda İraq və Suriya kürdləri ilə bir başa əlaqələrə girərək digər yardımlar göstərsə də, bir çox hallarda bu siyasəti humanitar məqsədlərlə əsaslandıraraq rəsmi olaraq bölgə dövlətlərinin ərazi bütövlüyünün tərəfdarı olduğunu daima bütün administrasiyalar zamanı vurğulamışdır. ABŞ rəsmilərinin görüşlərində kürdlərə verilən dəstək heç də kürdlərin gələcək müstəqilliklərinə dəstək vermək mənasına gəlmir.
ABŞ rəsmilərinə görə yaşadıqları dövlətlərin ərazisində bölgə kürdlərinin bütün hüquqları təmin edilməklə, onlar artıq mövcud dövlətlərin idarəçiliyində birbaşa iştirak etməli və müvafiq olaraq həmin dövlətlərdə payı olmalıdır (power sharing). Bu pay bölgüsü muxtariyyət, federasiya və ya konfederasiya formasında həmin dövlətlərin ərazisində yaşayan kürdlərin həmin dövlətlərin yenidən quruculuğunda iştirakı və ya yeni İraq konstitusiyasında olduğu kimi dövlət vəzifələrinin konkret bölgüsü kimi də ola bilər. Yəni, İraq Konstitusiyasında olduğu kimi. İraq kürdləri göstərirlər ki, Bağdad ötən müddət ərzində Konstitusiyanın tələblərinə əməl etmədi. Amma və lakin, məsələ burasındadır ki, həmin konstitusiyada mərkəzi Bağdad hökuməti tərəfindən Kürdüstana qarşı olan öhdəliklər yerinə yetirilmədiyi təqdirdə bunun müstəqilliyə əsas verə bilməsi bəndi və müddəası yoxdu.
Dövlət Departamenti əvvəlki administrasiyalar kimi bildirdi ki, "ABŞ stabil, çiçəklənən, birləşmiş və demokratik İraqın olacağına inanmaqda davam edir" (“The U.S. continues to believe in a stable, prosperous, unified, and democratic Iraq”). Bundan əlavə ABŞ Konqresi İraq Kürdüstanın müstəqilliyini elan edəcəyi və Bağdadla əlaqələrini kəsəcəyi təqdirdə İraq Kürdüstanına edilən hərbi yardımın kəsiləcəyi ilə bağlı Ərbili təhdid etdi.
Kürdlər ABŞ-ın bu mövqeyi ilə razılaşmayaraq, ötən müddət ərzində Qərbin liberal-sol və humanist akademik və intellektual dairələrində ən müxtəlif platformalarda və istiqamətlərdə intensiv təbliğat və lobbiçilik fəaliyyətlərini apardılar və bu fəaliyyət indi də davam etməkdədir. Onların bu istiqamətdə fəaliyyətini izləyərkən görürsən ki, işlərini bəlkə də ermənilərdən də keyfiyyətli qura biliblər.
Bu cür fəaliyyətlə kürdlər, onların tarixlərinə və başlarına gələn müxtəlif faciələrlə (victimization) bağlı liberal-sol və humanist dairələrdə həmrəylik hissini əldə edə biliblər. Xüsusilə, ABŞ-da kürdlər nəinki liberal-sol dairələrin həmçinin sağçı-xristian dairələrin də regionda yeganə dünyəvi və İslama qarşı olan qüvvə olduqlarını təbliğ etməklə dəstəyinə nail ola bilirlər. Ümumiyyətlə, ABŞ-da kürdlər müstəqillik ideyasına dəstək qazanmaq üçün ən müxtəlif qruplara ən müxtəlif mesajlar verirlər, məsələn, Tramp hakimiyyətə gələndən sonra verilən mesajlardan biri Bağdadın İranın təsir dairəsinə düşməsi və İraq Kürdüstanının İranın bölgədəki genişlənən təsiri qarşısında yeganə qüvvə olması ideyasıdı.
Kürdlər öz fəaliyyətlərində lobbi fəalliyyətindən çox geniş istifadə edirlər və bu təbiidi. Lobbiçilərin yazdırdıqları yazıların xüsusi stili var, onları çox asanlıqla tanımaq olur. Vaşinqtonda bu sahədən qəşəng pul qazanan xüsusi bir kütlə var. Ən gülməlisi odur ki, bu lobbiçiləri dünyanın bu hissəsində bəzən yaxşı tanımırlar, adları Conni oldu vəssalam. Xüsusilə hansısa bir dövlət orqanında bir az iş təcrübəsi CV-sinə düşdü, hər cür konspirasiyaya yol açır. Dünyanın bu hissəsində ABŞ-dakı bəzi insanların real çəkisi, təsiri və imkanları barəsində miflər quraşdırılır. Bunlardan ən məşhuru məsələn, Kurtlar Vadisi filmi ilə məhşurlaşdırılan Graham Fullerdi. Adamlar onun yazdıqlarından heç nə oxumayaraq, konspiroloji təxəyyüllər qururlar. Adam Yaxşı Şərqin yaxşı bilicilərindən sadəcə yalnız biridi, və heç də hər kəs onun məsələn nə üçün Rusiyaya simpatiyasını ya bilmir və ya anlamır.
Və ya Türkiyə qəzetlərində son vaxtlarda guya ABŞ-ın Kürdüstanda "səfiri" kimi təqdim edilən Peter Qalbraytın (Peter Galbraith) adından şərhlər verilir və konspirasiyalar qurulur. Bilin ki, bu adam əvvəl Dövlət Departamentində çalışmış lobbisti, kürdlərin müxtəlif yollarla ələ aldığı belə onlarla adamlar var. Elə Türkiyənin də var. Türkiyə prezidentinin sonuncu ABŞ səfəri zamanı Boeing şirkəti ilə 11 milyardlıq müqavilə imzaladı. Bu şirkətin lobbiçiliyinin gücü haqqında məsləhət görərdim İranlıların 20 milyardlıq bu şirkətlə müqaviləsi və həmin müqavilənin İranla imzalanan nüvə sazişində rolu haqqında oxuyasınız.
İsrailə gəldikdə. İsraili və yəhudi lobbisini monolit və böyük qüvvə kimi ABŞ-a təsirini gözünüzdə çox böyüdürsünüz. Obama dövründə olan münasibətlərə baxın, bundan əlavə hazırda ABŞ-da genişlənən sağçılıq və antisemitizm prizmasından da məsələyə baxın.
Sonda qayıdaq yenidən referenduma. Yuxarıda göstərdik ki, müstəqilliyə gedən yol şərti olaraq 3 mərhələdən keçir. Birinci, referendum keçirildi və nəticələrini hansısa dövlət özləri üçün hüquqi nəticələr doğuracağını göstərmədi. İndi gəlir, referenduma əsas götürərək müstəqilliyin rəsmi şəkildə bəyan edilməsi. Bu mərhələ əvvəlkindən daha da çətin olacaq. Ona görə də təzyiqlərlə üzləşən Bərzani özünə ayaq yeri qoyaraq bildirdi ki, "referendumun keçirilməsi sadəcə xalqın öz iradəsini ifadə etməsidi, hələ müstəqilliyin elan edilməsi deyil". Qısaca görək, nə vaxt İraq Kürdüstanı nə vaxt rəsmi şəkildə müstəqillyini elan edəcək, edə biləcəkmi, etsə nəticələri nə olacaq. Və sonda onun elan edilən müstəqilliyini kim tanıyacaq. Ağıllı bir adamın dediyi kimi deyək elan etdi, sonra? Dənizə çıxışı olmayan Kürd dövləti ətrafdakı ənənəvi dövlətlərlə düşmənçiliklə nə qədər yaşaya bilər? Lazım gəlsə Türkiyə yenidən Bəşər Əsədlə razılaşa da bilər bunun qarşısını almaq üçün``. Mümkün Kürd dövləti mövcudiyyəti üçün ən əvvəl Türkiyəyə möhtac olacaq, onu iradəsi əsas olacaq.
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.