Bu siyasi məhbuslarla nə baş verir axı, indi də xəbər aldım ki, “Azel.tv”-nin həbsdə olan redaktoru Əfqan Sadıqova 14 sutkalıq kars cəzası veriblər. Bu haqda xəbər verən yaxınları bildirirlər ki, Əfqan Sadıqov içəridən yazdığı yazılara görə cəzalandırılıb. Ondan hazırladığı növbəti yazını müəssisə rəhbərliyinə təqdim etmək tələb olunub və bundan imtina edən məhbus redaktora kars cəzası kəsilib.
Amma bu günlərdə istər “Qobustan” qapalı həbsxanasından işgəncələrlə bağlı gələn həyacanlı xəbərlər, istərsə də, son bir neçə günün xəbərləri sırasında siyasi məhbusların içəridə müxtəlif səbəblərlə təqib edilməsi, administrativ cəzalara məruz qalmaları barəsindəki məlumatlar narahatedicidir. Üsyankar müstəntiq Rüfət Səfərovun, digər baş redaktor Anar Şirəliyevin də məhz bu günlərdə karsa salınmaları, hətta, yerlərinin daha ağır rejimli müəssisələrə dəyişdiriləcəyi barəsində deyilənlər, əslində siyasi məhbuslara qarşı düşünülmüş proseslərin getdiyinə dəlalət edir.
Bütün hallarda, ictimai rəy hansısa müəmmalı proseslərin olacağına hazırlanır və cəmiyyətdə bütün bunlarla bağlı bir narahatlıq var. “Qobustan”dan gələn dəhşətli işgəncə xəbərlərinin ardınca Mehman Əliyevin tutulub-buraxılması və Nardaran məhbuslarının bir qisminin azad edilməsi, gözlənilmədən Faiq Əmirlinin azadlığa çıxması ilə başladılan bu prosesə, Avropadan və beynəlxalq təşkilatlardan İlqar Məmmədovla bağlı gələn təpkilərin də əlavə olunması, ardınca da dalbadal, az qala hər gün siyasi məhbusların ətrafında baş verənlər haqda üzücü xəbərlərin gəlməsi heç təsadüfə oxşamır. Məndən söyləməsi. Gerisini hüquq-mühafizə və ədliyyə orqanları bilər.
Məncə, oralarda sakitliyə, cəmiyyətin o tərəfdən arxayın ola bilməsinə indi hər zamankından çox ehtiyac var. Çünki regional və beynəlxalq müstəvidə cərəyan edən və ağır nəticələrə vara biləcək proseslərin ortasında Azərbaycan buna möhtacdı. Həm də dediyim kimi, indi hər zamankından daha çox. Bu baxımdan, dövlətin də, cəmiyyətin də, hüquq mühafizə sisteminin və ədliyyə orqanlarının da fərqli davranış sərgiləməsi, nəticə etibarilə hamının xeyrinədi məncə.
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.