… İnsan adətən yaşadığı quruluşun təbii olduğunu hesab etməyə meyillidir. İşə gedərkən gördüyü evləri insan əməyi və ağlının bəhrəsindən daha çox torpağın özünün yaratdığı qayalar kimi təsəvvür edir. Ofisdə, ya da idarədəki məşğuliyyətinin dünyanın harmonik həyatı üçün mühüm və həlledici olduğunu düşünür. Onun fikrincə, geydiyi paltarlar və ətrafdakı insanlar elə bu cür olmalıdır. Tanışlarının qədim Roma köynəkləri və orta əsr zirehləri geyə biləcəyi fikri onu güldürür. Nazirin, yaxud bank direktorunun ictimai mövqeyi ona mühüm və həsəd doğuran bir şey kimi görünür. Çoxlu pulu isə əmin-amanlıq və təhlükəsizliyin zəmanəti hesab edir. O inanmır ki, uşaqların oynadığı, pişiklərin mürgülədiyi, yaxşı tanıdığı bir küçədə əlində kəmənd tutmuş bir atlı peyda ola bilər və yoldan ötənləri tutub, dərhal qətlə yetiriləcəkləri və qarmaqlardan asılacaqları sallaqxanaya sürükləyər. Eyni şəkildə o, intim sayılan fizioloji tələbatlarını mümkün qədər ədəblə, yad gözlərdən uzaq, çox da düşünmədən ödəməyə vərdiş edib. Bir sözlə, o, özünü bir az “Qızıl hərisliyi” filmində evdə ora-bura vurnuxan, amma uçurumun kənarında olduğunu bilməyən Çaplin kimi aparır. Lakin səkiləri bombalardan sınmış vitrin şüşələri ilə örtülən, küləyin təşviş içində köçmüş idarələrin kağız-kuğuzunu qovduğu küçə ilə ilk gəzinti – insanın köhnə vərdişlərin təbiiliyinə olan inamını qırır. Üstünə çoxlu sayda möhür vurulmuş, “xidməti istifadə üçün”, “tam məxfi” kimi sözlər yazılmış bu kağızlar necə uçuşurdular! Nə qədər seyf, açar, direktorların ətli buxaqları, konfranslar, kuryerlər, yazı makinalarının əsəbi halda tıqqıldadan xanımlar vardı! Amma indi külək bu kağızları küçədə ora-bura qovur, onları hamı götürüb oxuya bilər, ancaq heç kəsin buna həvəsi yoxdur – daha təcili işləri var, məsələn, bir kilo çörək tapmaq. Eybi yoxdur, həyat davam edir. Qəribədir. Adam küçə ilə gedir və bombanın yarıya böldüyü evin qarşısında yubanır. Evlərin intimliyi, ailə qoxusu, arı pətəyi kimi istiliyi, sevgi və nifrətin xatirəsini daşıyan mebel! Indi isə hər şey göz önündədir, ev öz quruluşunu açıb göstərir və bu öz yerində əbədi dayanan qaya deyil, bu maladır, əhəngdir, kərpicdir, taxtadır. İkinci mərtəbədə isə indi bəlkə də mələklərə xidmət edən tənha və böyük, ağ bir vanna var, yağış nə zamansa onun içində yuyunanlar barədə xatirələri suya çəkərək axıb süzülür. Yaxın vaxtlara qədər pərəstiş edilən qüdrətli insanlar sahib olduqları hər şeyi itiriblər, indi kəndləri gəzərək bir ovuc kartof üçün yalvarırlar. Pul bircə günün içində dəyərdən düşür – mənasız sözlər yazılmış kağız parçasına çevrilir…
Yeni vərdişlər qazanmağa başlamaq lazımdır. Axşamüstü səkidə bir meyitə rast gələn şəhərli əvvəllər dərhal telefon köşkünə tərəf qaçardı, ölünün yanına çoxlu avara yığışar və hərə öz fikrini deyərdi. İndi şəhərli bilir ki, qaramtıl gölməçənin içində uzanmış bu müqəvvanın yanından sürətlə ötüb keçmək lazımdır…
Budur, əlində kəmənd tutmuş atlı peyda olur. Küçənin tinində brezentlə örtülmüş yük maşını dayanıb. Yoldan ötən adam təhlükə hiss etmədən tini burulur və birdən ona tuşlanmış avtomat lüləsi ilə qarşılaşır. Əllərini yuxarı qaldırır. Onu yük maşınına itələyirlər. Bu andan etibarən o, öz yaxınları üçün həlak olub. O, həbs düşərgəsində əsir olacaq, ya da onu divara dayayıb hökumət əleyhinə şüarlar qışqırmasın deyə ağzına gips tökəcəklər və güllələyəcəklər… Bu qismətdən qaçmaq üçün ən yaxşısı evdən çıxmamaqdır. Lakin ailənin atası evdən çıxmağa məcburdur. Çünki arvadı və uşağı üçün çörək və şorbaya bəs edəcək qədər pulu nə yollasa qazanmalıdır. Hər axşam ailə təşviş keçirir. Qayıdacaq, yoxsa qayıtmayacaq…
Çeslav Miloş
“Kölə edilmiş ağıl” əsərindən
Neçə il bundan əvvəl Bakıda fəaliyyət göstərən mədəniyyət mərkəzlərindən biri rəsm sərgisi təşkil etmişdi. Sərgiyə yeyib-içmək məclisindən getmişdim. Bədənimi kifayət qədər qidalandırmışdım. İndi isə bir az ruhumu qidalandırmaq lazım idi. Sərgidə xeyli adam iştirak edirdi. Zalın yuxarı başına stollar qoyulmuşdu. Stolların üstünə isə soyuq qəlyanaltılar, ağ və qırmızı çaxırlarla yarıya qədər doldurulmuş bakallar düzülmüşdü. Bəziləri yeyir, bəziləri içir, bəziləri isə həm yeyir, həm də içirdi. Sərgiyə yaxından və uzaqdan gələn, əyani surətdə tanıdığım adamlarla salamlaşıb, lazım olan dərəcədə hal-əhval tutub, rəsmlərə baxmağa başladım.
Əlində bakal tutmuşdu. Qəşəng də geyinmişdi. O, rəsmə baxaraq və sifətinə mənalı ifadə verərək dedi:
Məncə, bu rəsmdə rəssamın həyata abstrakt bir baxışı var.
Bir rəsm əsərinin qarşısında dayandığım vaxt bəndeyi-həqirinizə tanış bir xanım yaxınlaşdı. Əlində bakal tutmuşdu. Qəşəng də geyinmişdi. O, rəsmə baxaraq və sifətinə mənalı ifadə verərək dedi:
- Məncə, bu rəsmdə rəssamın həyata abstrakt bir baxışı var.
Nəsə deməli idim. Dedim ki, bilmirəm, cərəyanlardan, izmlərdən o qədər də məlumatlı deyiləm. Ümumiyyətlə, rəssamlıq haqqında biliklərim çox səthidir.
- Doğrudan deyirsən?
- Hə, doğrudan deyirəm.
Qısa dialoq yadımda belə qalıb. O, abstakt sözünün əvəzinə absurd sözünü də işlədə bilərdi. Ola bilsin, bəlkə də elə absurd sözünü işlətmişdi. Bu, çox da vacib məsələ deyil. Məsələ bu qısa dialoqun mahiyyətindədir. O dilxor oldu. Elə bildi onunla danışmaq istəmirəm, ya da onu dolayıram.
Əslində, bu söhbət başqa cür olmalı, başqa məcrada davam etməli, uzandıqca uzanmalı idi. Məsələn, o, “məncə bu rəsmdə rəssamın həyata abstrakt baxışı var” deyəndə bir az susmalıydım, fikrə getməliydim, sonra da ağıllı-ağıllı belə bir cavab verməli idim: “Bəyəm həyat özü abstrakt deyilmi?”. Belə də demək olardı: “Həyatdakı abstrakt sənətdəki abstraktdan daha abstraktdır”. Yəqin ki o, bu cavabdan sonra susmayacaqdı. Yenə nəsə deyəcəkdi. Söhbət daha da mürəkkəbləşəcəkdi. Böyük ehtimalla kənardan da kimsə gəlib söhbətə qoşulacaqdı. Beləcə biz “intellektual klip”ə çəkiləcəkdik. Lakin kobudluq edərək oyun qaydasını pozdum və bu da haqlı olaraq qarşı tərəfin narazılığına səbəb oldu.
Sadə görünməkdən qorxaraq bəzən gülünc vəziyyətə düşən belə adamlar o qədər də təhlükəli deyillər. Hətta bir az yaxşı ovqatın, bir az hövsələn və bir az da vaxtın olsa, onlarla “əyləncəli anlar” keçirə biləsən.
Sadə görünməkdən qorxaraq bəzən gülünc vəziyyətə düşən belə adamlar o qədər də təhlükəli deyillər. Hətta bir az yaxşı ovqatın, bir az hövsələn və bir az da vaxtın olsa, onlarla “əyləncəli anlar” keçirə biləsən. Bu cürə adamlarla müxtəlif vaxtlarda, müxtəif məkanlarda ünsiyyətim olubdur və onlardan əcaib fikirlər, qəraib məsləhətlər eşitmişəm. Məsələn, onlardan biri ciddi surətdə sübut etməyə çalışırdı ki, sən yazılarını çox sadə yazırsan. Lazımsız mövzulara toxunursan. Ağır mövzularda mürəkkəb yazılar yazmaq lazımdı. Qoy səni beş-altı adam oxusun. Yəqin ki, özünü də nəzərdə tutduğu o beş-altı adamın sırasında görürdü. Onun sözlərindən belə baş düşdüm ki, yazılarımın oxunması bir müəllif kimi ziyanımadı, hətta ola bilsin bir müəllif kimi səviyyəmin aşağı olmasının göstəricisidir. Adam yarım saat danışdı. Yalan olmasın bu yarım saatda otuz dəfə fəlsəfə sözün işlətdi. Fəlsəfə sözündən, müxtəlif terminlərdən bol-bol istifadə edə-edə danışdıqca özü də bilmədən zəkasının nə qədər yoxsul olduğunu parlaq şəkildə nümayiş etdirirdi. Əsl mənasızlıq mücəssəməsi idi.
Bir başqası isə demişdi ki, sən öz tirajından istifadə edə bilmirsən. Sənin yerində olsaydım, tamam başqa cürə hərəkətlər edərdim. Sanki adam haqqında yox, hansısa iaşə obyekti haqqında danışırdı. Sanki demək istəyirdi ki, sən bu obyekti işlədə bilmirsən, mən olsaydım, daha yaxşı işlədərdim.
Hər hansı bədii məhsulun tirajının kütləviliyi, yaxud hər hansı bədii məhsulla müxtəlif təbəqələrə mənsub adamların tanışlığı həmin məhsulun keyfiyyətinin aşağı olmasının göstəricisi sayıla bilməz. Eləcə də hər hansı bədii məhsulun tirajının azlığı, hər hansı bədii məhsulla yalnız bir təbəqədən olan adamların tanışlığı həmin məhsulun keyfiyyətinin yüksək olmasına dəlalət etmir. Bağışlayın, üslubuma uyğun olmayaraq söhbət bir az qəliz alındı. Müəllif demək istəyir ki, məhsulun keyfiyyətinin aşağı və ya yuxarı olması tirajın kütləviliyi ve tirajin az olması ilə ölçülməməlidir. Bu, kökündən yalnış bir yanaşmadı. Keyfiyyətli məhsul keyfiyyətlidir. Onun tirajı çox da ola bilər, az da. Bu təkcə ədəbiyyata aid deyil, bu hər sahədə belədi. Bəli, elə əsərlər var ki, oxucudan hazırlıq tələb edir. Bu heç. Bu aydın məsələdir. Bunu qoyaq kənara. Söhbət başqadı.
Adamlar tanıyıram, istəyirlər ki, onların oxuduqları əsərləri çox az adam oxusun. İstəyirlər ki, onların oxuduğu əsərlərlə çox az adam tanış olsun. Guya onların oxuduğu əsərlər ancaq və ancaq nəsli kəsilməkdə olan, az qala adı „Qırmızı kitab“a düşmüş xüsusi növ adamlar üçün yazılıb.
Adamlar tanıyıram, istəyirlər ki, onların oxuduqları əsərləri çox az adam oxusun. İstəyirlər ki, onların oxuduğu əsərlərlə çox az adam tanış olsun. Guya onların oxuduğu əsərlər ancaq və ancaq nəsli kəsilməkdə olan, az qala adı „Qırmızı kitab“a düşmüş xüsusi növ adamlar üçün yazılıb. Onların oxuduğu əsərləri başqaları oxuduqda, əsərlə tanış olan adamların sayı artdıqca cırnayırlar. Bir növ süni surətdə özlərin təcrid edirlər, belə deyək, süni surətdə özlərin „intellektual offsayd“a salırlar. Bundan həzz alırlar. Mənasız eqo gör insanı necə gülünc vəziyyətə salır. Yuxarıda da qeyd etdiyimiz kimi belə adamlar təhlükəli adamlar deyillər. Sadəcə boş yerə özlərinə əziyyət verirlər. Daha təhlükəli, qorxulu adamlar var. Yaxşısı budur gəlin onlardan danışaq.
Sadə bir mövzuda aydın bir yazı yazırsan. Əyani surətdə tanıdığın adamla hardasa qarşılaşırsan. Hal-əhval tutduqdan sonra bic-bic gülə-gülə deyir ki, yaman yazmışdın. Bir müəllif kimi sırf nəyi yaman yazdığını öyrənmək üçün ona sual verirsən: “Nəyi?“. Elə bir cavab eşidirsən ki, adamın damarında qanı donur. Bir belə, iki belə, üç belə… Axırda bu suallara cavablar axtarmağa məcbur oldum; görəsən, adamlar niyə, hansı səbəbdən adi mövzularda sadə tərzdə yazılmış yazılardan tamam başqa mənalar çıxarırlar? Hər şeyi mənalandırmağın səbəbi nədədir: Niyə onlar düşünürlər ki, bir cümlənin, bir yazının mütləq başqa, daha hiyləgər, mərkli mənası olmalıdır? Bəlkə bu cürə yanaşma heyvanların, ağacların, meyvələrin dilindən çoxlu şeirlər yazmış şərq şairlərinin göstərdiyi təsirdir? Bəlkə də adamlar adi yazılardan tamam başqa mənalar çıxarmaqla özləri özlərinə düşünməyi bacardıqlarını isbat etmək istəyirlər. İnanmaq istəyirlər ki, başqalarından fərqli olaraq yazının alt mənasını tutublar, deməli, ağıllıdırlar və bəlkə də ağıllı olmaqlarının, düşünməyi bacarmaqlarının bu cürə təsdiqi onların xoşuna gəlir?
Yazırsan ki, bu il pomidorlar dadlıdır və buna çox sevinirəm. Nə baş verirsə versin, bu yay yaddaşımda dadlı pomidor mövsümü kimi qalacaq. Bu cümlələr elə beləcə də qəbul olunmalıdır. Pomidorlar dadlı olub. Buna sevinmişəm. Vəssalam! Burda başqa heç bir məna yoxdur və axtarmaq da lazım deyil. Adamlar isə pomidor haqqında yazılmış cümlələrdə tamam başqa mənalar axtarırlar.
Dadlı balıq qızartması yediyimə görə çox sevindiyim haqda indi bir yazı yazsam, neçə-neçə adam düşünəcək ki, ola bilməz burda söhbət təkcə balıq qızartmasından getsin, burda mütləq nəsə başqa məna var. Dadlı balıq qızartması haqda yazıdan tamam dəxilsiz mənalar çıxaracaqlar.
Məsələn, dünən yaxşı balıq qızartması yedim və buna çox sevindim. Böyük sevinclərdən ümid kəsiləndə əlac qalır kiçik sevinclərə. Yaxşı, əgər yediyim balıq qızartması dadlı olmasaydı, onda nə edəcəkdim? Fuzuli demishken derdimin ustune bir derd de əlavə olanacaqdı. Dadlı balıq qızartması yediyimə görə çox sevindiyim haqda indi bir yazı yazsam, neçə-neçə adam düşünəcək ki, ola bilməz burda söhbət təkcə balıq qızartmasından getsin, burda mütləq nəsə başqa məna var. Dadlı balıq qızartması haqda yazıdan tamam dəxilsiz mənalar çıxaracaqlar. Azərbaycanlılar bir şeyi düşünüb, başqa şey danışıb, tamam başqa cür hərəkət edirlər. Bəlkə də elə buna görə adi yazılardan məkrli-məkrli mənalar çıxarırlar. Axı bir şeyi düşünüb, başqa şeyi danışıb, tamam başqa cür hərəkət edən adamlar üçün adi mövzularda sadə tərzdə yazılan yazıları olduğu kimi qəbul etmək yəqin ki çox çətindir.
Tam səmimi deyirəm, Gənclər və İdman naziri Azad Rəhimova açıq məktubu ciddi yazmışdım. Dedim, hələ bir az aşağı instansiyadan başlayım, bir az təcrübə yığım, sonra yavaş-yavaş daha yuxarı instansiyalara açıq məktublar yazaram. Yaxşı ki, elə belə də etmişəm. Azad Rəhimova yazdığım açıq məktubdan adamlar məkrli-məkrli nəticələr çıxardılar. Biri dedi satiradı, biri dedi sarkazmdı…Yaxşı, kitab almırsınız, yaltaqlanmağa da imkan vermirsiniz, bəs mən nə edim? Necə yaşayım?
Yazının adını “Kölə edilmiş ağıl” qoymuşam. Çeslav Miloşun müəllifi olduğu “Kölə edilmiş ağıl” əsərindən bir hissəni də tirajlamışam. Bunun yazının mövzusu ilə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. Amma dəqiq bilirəm ki, neçə-neçə adam mütləq burda bir əlaqə, bir məna axtarıb tapacaqlar.
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.