Uşaq yoxa çıxıb. Yaxınları tərəfindən axtarışa verilir. Hamı, valideynləri, yaxınları, hüquq-mühafizə orqanları, axtarış-xilasetmə qüvvələri hər-yeri ələk-vələk edir. Amma, nəticə yoxdur.
Ağıla min cür pis, qara-qura fikirlər gəlir. Oğurlanıbmı, orqan mafiyasımı və s.
Lakin, yaxşı ki, hadisələrin gedişi müsbət məcrada inkişaf etdi. Quba rayonunun Əski İqrığ kəndi ərazısındəki meşəlikdə itkin düşən 2011-ci il təvəllüdlü Əliyev Natiq Namiq oğlu sağ-salamat tapıldı və “happy end” sonluqla öz ailəsinə qovuşdu.
Bəs uşaq itibsə, yoxa çıxıbsa nə etməli!?
Uşaqlara şəhərdə oyrədilməsi vacib olan təhlükəsizlik qaydaları hansılardır?
Amerikalı rejissor Ron Hovardın, baş rollarını Mel Gibsonla, Rene Russonun ifa etdiyi “Girov” (Ransom) filmində süjet xətti gərgin və dramatik çalarlarla inkişaf edir. Ailənin kiçik yaşlı övladı girov götürülür və bunun əvəzində 2 milyon dollar pul tələb olunur. Pulu verəcəyi təqdirdə övladının öldürüləcəyini dərk edən ata gözlənilməz qərar qəbul edir və bu qərar uşağın xilasına səbəb olur.
Lakin, belə ağır vəziyyətlərdə həmişə düzgün qərarlar vermək hamıya müyəssər olmur.
Ümumiyyətlə, dünyada uşaq oğurluğu iki yerə bölünür: “Xöşniyyətli” və “Bədniyyətli”.
Əgər uşağı, əvəzində nə isə qopartmaq, pul tələb etmək, yaxud övladlığa götürmək məqsədi ilə oğurlayırlarsa bu “xöşniyyətli”lik əlamətidir. Yəni, məqsəd uşağa zor tətbiq etmək, onu öldürmək deyil.
Yox, əgər uşağa, işgəncə vermək, qətl, daxili orqanlarından istifadə etmək üçün öğurlayırlarsa bu “bədniyyətli”likdir.
Dünya üzrə uşaq oğurluğu statistikası dəhşət saçır. Oğurlananların nə az, nə çox, düz 75 faizi həlak olur.
Valideynlərin əksəriyyəti hind mantrası kimi, bir kəlməni təkrar etməyi xoşlayırlar: Tanımadığın adamla heç yerə getmə, eşitdin?
Amma, uşaqlar yenə də gedirlər.
- Ay qız, gedək, orada bir xala yıxılıb, ona kömək edək?!
- Ay oğlan, stulları yuxarı mərtəbəyə daşımağa kömək edərsən?
Bu tip xahişlərin, çağırışların, müraciətlərin cavabı yalnız “YOX” olmalıdır.
Uşaqlara anlatmaq lazımdır ki, yetkin yaşlı insan öz problemlərini başqa yetkin insanın köməyi ilə çözər, daha uşaqla yox. Buna görə də, uşaqlara “yox” kəlməsinin əzbərlədilməsi olduqca vacibdir.
Qapının zəngi çalınır. Uşaq soruşur: “Kimdir?”. Cavab gəlir. Bir-iki replikadan sonra qapının o tərəfində duran şəxs səsinin tonunu qaldırır: “Biz indi səninlə axşama qədər qapının arxasından söhbət edəcəyik?”
İnamsız, kövrək uşaq psixologiyası dözmür və qapını açır.
Bəzən, uşaqlar çəkingən olur, yetkin, böyük yaşlı insanın avtoriteti, səs tonu ona nüfuzedici təsir göstərə bilir.
Uşaqların belə situasiyalarda müəyyən söz ehtiyatına malik olması yaxşı olardı. Məsələn, “Bağışlayın, tələsirəm”, yaxud “Anam tanımadığım şəxslə söhbət etməyimə icazə vermir”.
Valideynlər övladlara məktəbə, məşğələyə gedərkən ictimai gediş-gəlişin intensiv olduğu, işıqlı küçələrlə hərəkət etmələrini öyrətməlidirlər. Ona yoldakı minimum təhlükələri izah etməli, onunla tez-tez əlaqə yaratmalı, hansı zamanda harada ola biləcəyini təxmin etməliyik.
Uşağa izah etmək lazımdır ki, kimi eşitməli, kimin göstərişlərinə sözsüz əməl etməlidirlər. Bunlar valideynlər, sevimli nənəylə baba və müəllimdir. Yad adamlar, başqa “xala”, “əmi”lər əmr və göstəriş verə bilməzlər.
Yaxşı olardı ki, uşaqların üzərində onların ünvanını, kimliyini, əlaqə nömrələrini bildirən brelok və ya vizitka olsun. Bunu övladınızın cibinə qoya, paltarının astarına tikə bilərsiniz. Əgər uşaq bir az böyük yaşdadırsa ona, ünvanı, əlaqə nömrələrini əzbərtlətmək də mümkündür.
Meşədə necə sağ qalmaq olar?
Uşaq vaxtı müəllifini unutduğum bir povest oxumuşdum. Bir dəstə uşaq meşədə azır və ağır şərtlər daxilində mübarizə apararaq sağ qalmağa çalışırlar. Bir müddət sonra, onlar aclıqdan, susuzluqdan əziyyət çəkməyə başlayırlar. Bu zaman insan xarakterinin naməlum cəhətləri, qorxaq ya cəsur olması üzə çıxır, aşkarlanır. Onlar giləmeyvələrlə qidalanır, ot-ələf yeyir, və günəşin, kölgənin köməyi ilə cəhətləri təyin etməyə çalışırlar. Nəhayət, bir sıra əzab-əziyyət və qəzavü-qaldan sonra onlar xilas yolu tapırlar.
Uşaqların meşədə azmasına bir çox hallarda, valideyn nəzarətsizliyi səbəb olur. Uşaqlar meşəyə gəzməyə, giləmeyvə və göbələk yığmağa getdikdə də azırlar.
Bəs meşədə azan, itgin düşən uşaqlar üçün ən təhlükə törədən amil hansıdır? Canavarlar? Ayı? Qaranlıq və qorxu?
Xeyr. Su. Daha doğrusu, su hövzəsi. Statistika sübut edir ki, təbiətdə, meşədə azan uşaqların dərin suya, gölə düşərək boğulmaq ehtimalı kifayət qədər yüksəkdir.
Başqa təhlükə mənbələri soyuq hava, aclıq, göbələk və giləmeyvələrdən zəhərlənmə, hündür yerdən yıxılma ehtimallarıdır.
Digər tərəfdən, şəhər üçün tələb olunan qayda və qanunlar meşədə işləmir. Burada istənilən yad insana kömək üçün müraciət etmək olar. Meşədə qarşılaşdığımız hər bir şəxs xilas olmaq üçün əlavə şansdır.
Əziz valideynlər, uşaqlara xəritəni, kompası, coğrafi cəhətləri də öyrətməyi unutmayın.
Şablon da olsa, yazımı bu sözlərlə tamamlayıram: “Uşaqları qoruyaq - Onlar bizim və özlərinin gələcəyidirlər”
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.