Hərçənd ki, mənim başıma az gəlir, amma Yol Polisi əməkdaşları kimisə saxlayanda eyni mübahisəli qayda pozuntusunu mübahisə-protokol dialoqunu dalbadal neçəsi edir. Etiraz edirsən ki, bax bu da etdi, o da etdi və cavab o olur ki, hərə özünə cavabdehdir. Bir neçə həftə öncə Yol Polisi əməkdaşı aeroport yolunda mülki maşında qəza törətmişdi. Məlum oldu ki, bir neçə gün öncə olan qalmaqallı qəzada da ötüşənlərdən biri polis əməkdaşıdır, atası da keçmiş vəzifəli Yol Polisi. Bizdə yollarda çox böyük aqressiya var. İçi mən qarışıq çoxumuz etikanı tələb olunandan az qoruyuruq. Dünən gecə biri üstümə çıxır, düzgün manevr etmir hələ nifrətlə mənə baxıb niyə siqnal verdiyimə etiraz edir. Hər tində bir polis olsa belə yanaşma bir çox problemi həll etmir. Bizdə indi hətta maşınların ətraf mühitə ziyan vuran qazlarını ölçüb cərimə yazırlar. O da vacibdir, amma məncə daha vacibləri:
– Elmi yanaşmanı gətirin işinizə – DYP daha çox statistik hesabatlar əsasında təhlükəli yerlərdə post qurub cərimə yazmalıdır. Bizdə hələ də 10-larla yerdə qeyri-effektiv yol hərəkəti tənzimləməsi var - vaxtında 200 balla QAYİ ixtisasına girənlərin nəticəsi.
– Zero-tolerance – Cəmiyyət üçün ən təhlükəli adamlar qayda pozub kiməsə zəng etdirənlərdir. Bu hər sahədə var, amma neyləyək ki, bu insanlar cəmiyyətdə daha hörmətlidirlər.
– Səmimiyyət – Mən may ayında rayona gedəndə Mərəzə postunda məni saxlayıb yolda ehtiyatı olmağa tövsiyyə edən polisin səmiyyətinə inandım. Müsbət emosiyalar, enerji və diqqətlilik artır. Bəzən qayda pozan sürücüyə polisin 4-5 dəqiqəlik tərbiyəvi təlimatı dövlət büdcəsinə gələn 40 manatda daha vacib və faydalıdır. Postda mən qayda pozmamışdım. Reyd idi sadəcə.
– Qadın Yol Polisləri – İndi xeyli qadın sürücü var. Qadın qadın psixologiyasını daha yaxşı bilir. Həm də kişiyə də cəriməni qadın yazanda “priyatnı” olacaq. Kişi polislə höcətləşib heç cürə qayda pozuntusunu etiraf etməyənlər qadından bu tənbehi alıb bəlkə ağıllanarlar.
– Polisin marketinq və PR-ı – Hansısa polis yola düz səpəndə və ya İlk Tibbi yardım göstərəndə sosial-mediada buna bir xeyli mız qoyan olur. Halbuki bunu çox gözəl şəkildə təşkil etməklə Sürücü – Yol Polisi arasındakı uçurumu aradan qaldırmaq olar.
– Sürücülükdən məhrumiyyət – Bizdə cərimələrin məbləği artmasın, ballar artsın. Qırmızı işığı lap 5 bal etsinlər. Sürücülükdən məhrum olmaq daha çox təsir edər nəinki 250 manat cərimə.
– Kameralar artsın. Yenə də artsın – Sürücülərimiz sadə manevr qaydalarını ya bilmir, ya da bilərəkdən qorumurlar. Polis olmayan yerdə çox aqressiv və saymazyanadırlar. Qoy belə tez-tez ballar yığılsın, bəzilərinin ağlı gəlsin başına.
– Nümunəvi olmaq – Yol Polisi sürücüləri xidməti maşında mobil telefonla danışmağını dəfələrlə görmüşəm. Evakuatorlar isə çox kobud sürürlər. Səmimi olub nümunə olmadan milyon eqonu düz yola gətirə bilməyəcək.
Bu siyahını artırmaq olar. Amma yenə də lazım olanlar bu barədə düşünsə özləri də kreativ çıxış yolları taparlar. Büdcə onsuzda dolacaq. Çünki sürücülərlə bu cür sistemlə işlənilsə elə adamlar olacaq ki, qaydaları bilmir deyə gündə azı 1 dəfə kameraya düşəcək. Mən nədən bunu yazıram? Hər gün bizdə azı 3-4 ağır yol qəzası olur, azı 5 nəfər ölür. Yəni kiminsə nəvəsini lap tutub basdılar, bu problemi həll etmir və qısamüddətli effekt verəcək.
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.