Bəlkə də bu gün onun bu bircə dəqiqəlik videoçarxdakı sözdən savayı nəyəsə ehtiyacı yoxdur mənəvi olaraq. Çoxdan, lap çoxdan onu bu qədər dəqiqliklə ifadə etməmişdilər. Ona uzun zamandır deyən olmamışdı ki, “El bilir ki, sən müəllimsən”...
Həm də bu o eldir ki, son illər onu bir az siyasiləşdirib. Ona xeyli vaxtdır ancaq irad, tənqid, bəzən nə qədər acı olsa da, təhqir yağdırılır. Bilmirəm, bəlkə də insanlıq və mənəvi dəyər standartları dəyişib cəmiyyətin.
Həm də bu o eldir ki, son illər onu bir az siyasiləşdirib. Ona xeyli vaxtdır ancaq irad, tənqid, bəzən nə qədər acı olsa da, təhqir yağdırılır. Qəbulolunmazdır, amma çox acı və kövrəldən reallıqdır. Bilmirəm, bəlkə də insanlıq və mənəvi dəyər standartları dəyişib cəmiyyətin. O üzdən biz də ona dəyər verməkdən uzaq düşmüşük, yadırğamışıq bu hissi. Bəlkə elə bu yadırğama dərin bir boşluq yaradıb ruhumuzda, canımızda. Və bəlkə də bizim bütün kaprizlərimizin başında onu yenidən o boşluğa qaytarmaq durur. Hələ o qədər qarışığıq ki, özümüzdə nə baş verdiyini özümüz də anlaya bilmirik deyəsən. Bu həm də nədir bilirsinizmi? Bu, məni, sizi, bizi, cəmiyyəti, insanları formalaşdıran adamı unutmaqdır. Bir az nankor olmuşuq bu yaradıcı adama qarşı. Hə, məhz yaradıcı. Adam yaratmaq bacarığı hər adama verilmir axı. O üzdən mənə görə yaxşı müəllim həm də seçilmişdir.
Təhsil Nazirliyinin sifarişi ilə “El bilir ki, sən müəllimsən” adlı videoçarxa baxa-baxa bütün bunlar ağlımdan keçdi. Əslində, bu yazı o çarx efirə çıxanda yazılası idi. Bu qədər gec olmasının, daha dəqiqi, belə yubanmasının səbəbi bu ki, adam MÜƏLLİM haqda nə desin, nə yazsın, onu necə ifadə etsin ki, söylədiklərin peşəsinə, şəxsiyyətinə, işinə layiq olsun. Ha yazırsan, ha pozursan, görürsən ki, yox ee, o deyil... Axı nə də olsa adam adam yaratmaqla məşğuldur. Səni yaradan haqda yazmağa sən bir az da utanırsan. Düşünürsən ki, layiq olmaq məsələsi var. Bacaracaqsan ya yox, onu da Allahdan başqa kimsə bilmir. O üzdən sən bu yazıdakı qüsurları mənim hələ də yaxşı şagird olmamağıma bağışla, əziz müəllimim. Çünki “el bilir ki, sən müəllimsən”...
***
İllər öncə çox fərqli idi durum. Məsələn, müəllimlər vardı bir sözü insanın başqası ilə düşmənçiliyinə son gətirirdi. Müəllim içəri girdimi, vəzifəsindən asılı olmayaraq hər kəs ayağa qalxardı.
İllər öncə çox fərqli idi durum. Məsələn, müəllimlər vardı bir sözü insanın başqası ilə düşmənçiliyinə son gətirirdi. Müəllim içəri girdimi, vəzifəsindən asılı olmayaraq hər kəs ayağa qalxardı. Onda balaca yaşımızla anlamazdıq bu jesti. Məsələn, yetmişi haqlamış babamın ondan iyirmi yaş kiçik adama, müəllimə görə ayağa qalxmasına mən aydınlıq gətirə bilmirdim özlüyümdə. Qoca adam niyə ayağa durur ki, Seyfi müəllimi hər görəndə?!.. Təəccübümə baxan babam bircə söz deyirdi: Müəllimdir!.. Yenə də anlamazdım, amma əmin olduğum bir məsələ vardı. Babam elə-belə adama görə təmkinini pozacaq, ayağa durub qamətini əyib, əlini sinəsinə qoyub salamlaşacaq biri deyildi. Həm də o adam deyildi ki, xüsusi qarşıladığı bu insanın əlini iki əli ilə bərk-bərk sıxıb çox ürəklə görüşsün. Yox, salamlaşıbsa, deməli, o adam, həmin peşənin sahibi bu jestə yüz faiz layiqdir. İndi əziz müəllimim, dinlə və əmin ol, gerçəkdən də “el bilir ki, sən müəllimsən!”...
***
Bəs gerisi nə olacaq?!.. Gerisi mütləq zamanla düzələcək. Sadəcə, bu gün, zəmanənin və insanların yaratdığı problemin bir ucu da sənə toxunub.
Bəs gerisi nə olacaq?!.. Gerisi mütləq zamanla düzələcək. Sadəcə, bu gün, zəmanənin və insanların yaratdığı problemin bir ucu da sənə toxunub. İncimə bizdən, bağışla. Bizi cahilliyimizə bağışla. Əslində, bağışlayırsan da. Biz nə qədər cahillik edib səni görməzdən gəlsək də, sən sənliyindən keçmirsən. Bizim sənə vurduğumuz mənəvi zərbələr sənin insan yaradıb formalaşdırmaq sevgini zərrəcə azaltmır. Deməli, sən hamıdan daha böyük, daha ali, daha yüksəkdəsən. Sən heç biz olma, lütfən. Eləcə səbirli ol! Çünki cəmiyyətin, dövlətin, hətta bu gün umub küsdüyün, incidiyin insanların da sənin yetişdirdiyin adamlara ehtiyacı var...
Dəqiq əmin ol, hətta bir az nankor olsaq belə, lap dünyanın sonuna qədər, lap bundan belə kimsə dilində etiraf etməsə də, “el bilir ki, sən müəllimsən!”...
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridi