Keçid linkləri

Təcili xəbərlər

Məqsədlərə çatmaq nə üçün çətindir?


Nə üçün Məqsədə çatmaq bu qədər çətindir?

Nə üçün biz məqsədimizə doğru gedən yolda belə tez ruhdan düşürük?

Nə üçün işlərimizi sonraya saxlamağı bu qədər sevirik?

Nə üçün uzun müddətli məqsədllər bizdə qorxu hissi yaradır?

İllər boyu idarəçilik və konsaltinq işlərimdə mənim diqqətimi çəkən bu məqam olmuşdur : insanların eyni vəziyyətləri və eyni başlanğıc imkanları olduğu halda belə, 5-10 il sonra tam fərqli nəticələr əldə edirlər : kimiss karyerasında uğurlu olur, digərlərində isə bu alınmır, və ya nəticə ya səthidir və ya daimi, stabil və möhkəm deyil. Bu nədən asılıdır?

Bunun bir neçə səbəbi var, və mən hər biri haqqında fikirlərii ardıcıllıqla təqdim edəcəm.

İlk öncə onu qeyd edim ki, insanlar təbiətlərinə əsasən bu kimi məqamlara meyillidirlər:

  • Onlar üçün isti, rahat, sabit, tanış və təhlükəsiz olan komfort zonlarını tərk etməməyə;
  • Hər nailiyyəti tez əldə etmək istəyinə;
  • Az və ya heç bir güc sərf etmədən əldə etməyə;
  • Əgər mümkündürsə satın almağa.

Cəmiyyətimizdə orta statistik bir insanın müxtəlif mövzularda öz istəklərini ifadə etmə tərzinə baxsaq, bu mənzərə ilə qarşılaşarıq :

Xarici dil öyrənmək. Yaxşı bir müəllim olsaydı, mənə öyrədərdi. Müəllimin “yaxşı olması” ondan ibarətdir ki, mən sadəcə oturacam, o isə məni öyrədəcək. Bütün Bakı illər boyu bir ingilis dili müəllimi haqda danışır və onu axtarır. O güya “3 ayda ingiliscə öyrədir və aylıq 200 manat ödəniş edirsən”. Hələ ki, heç kim bu müəllimi görməyib – o gah Elmlərdədir, gah da Neftçilərdə. Lakin hər kəs onu tapmaq istəyir – ayda 200 manat ödəsin və möcüzəvi şəkildə bir anda ingilis dilini öyrənsin. Müəllimə öyrədəcək, insan özü öyrənmir;

Arıqlamaq, çəkinin azalması. Əminəm, Sizdə diqqət yetirmisiniz ki, payız və qış aylarında idman zalları boş olur. Bütün hamı sosial şəbəkələrdə əsasən xaş, xəngəl şəkilləri paylaşır, və yalnız fevral ayının əvvəllərində fitnes mərkəzlərinə böyük axın başlayır. Fevral ayından zallarda qalın idman formaları geyinmiş və bu ağır geyimdə şiddətli məşq etməklə orqanizmlərinə güclü ziyan vurduqlarını anlamayan insanlar əlindən tərpənmək olmur. Mart ayından cəhdlərinin nəticəsiz olduğunu gördükdən və qısa müddətdə nəticə əldə etmədikdən sonra onlar müxtəlif arıqladma otları və çaylarının reseptini paylaşmağa başlayırlar : anlamırlar ki, bunların əksəriyyəti sadəcə müxtəlif formada bağırsaq təmizləyiciləridir. Və bütün bunlar yay aylarında çimərlikdə arıq görünmək üçün edilir. Bununla birgə hər biridə çox gözəl bilir ki, çimərlik sezonu bitdikdən sonra fevral ayına qədər yenə də “xaş-xingəl” dövrü başlayacaq;

Karyera və peşəkar artım. Karyerasından narazı olan insanların çox az hissəsinin uzunmüddətli karyera məqsədləri və bu məqsədlərə uyğun olan planları var. Bu sahədə insaların inanması rahat olan, onları sakitləşdirən və müvəffəqiyyətin sadəcə şans və uğur nəticəsi olduğuna inam yaradan bir çox mif və əfsanələr var. Insanların peşəkar inkişafları ilə əlaqəli əsas şikayət isə budur : şirkət mənim inkişafıma vəsait ayırmır və mən də buna görə karyera qura bilmirəm.

Liderlik və ya kommunikasiya kimi mövzularda biliklərin və bacarıqların mənimsənməsi.

Bu mövzu ilə bağlı mənə verilən əsas sualların tərzi belədir :

  • Mənə elə bir kitab adı deyin ki, mən onu oxuyum və liderliyi tam öyrənim
  • Bəs elə bir kitab var ki, iradəni inkişaf etdirməyə kömək etsin?
  • Zamanı idarə etməyi tamamilə mənimsəmək üçün hansı təlimə getmək lazımdır?

Yuxarıda qeyd edilənlərin biri biri ilə ilk baxışda əlaqələrinin olmamasına baxmayaraq, bunları birləşdirən bir neçə xüsusiyyət var

Bütün istəklər:

  • Passivdir. İnsan prosesin sadəcə passiv iştirakçısıdır: ona ingilis dili öyrədirlər, o isə sadəcə oturur və dinləyir; o arıqlayır, lakin uzanaraq – digərləri onun üzərində çalışır, “arıqlama massajı edirlər”; o güya ki, işləyir, lakin onun peşəkar inkişafı – şirkətin işidir və onun özünün bu məsələdə heç məqsəd və planları da yoxdur;
  • Qısa müddətlidirlər. İnsanlar nəticələri çox tez əldə etmək istəyir və heç enerji sərf etmədən;
  • Yeganə, “möcüzəvi” üsul və ya vasitənin axtarışı. Bu ya kitabdır, amma bir kitab; bu arığlamaq üçün çaydır; bu bir müəllimdir, hansı ki özü öyrədəcək və tam və hərtərəfli xarici dil öyrənmək üçün heç bir lüğət, audiokitablara ehtiyac olmayacaq.

Peşəkar və şəxsi həyatımızda uğur əldə etmək üçün bir neçə vacib həqiqətləri anlamaq və qəbul etmək lazımdır :

  • Həyatda hər nailiyyət üçün biz ödəniş etməliyik: ya öncədən, ya da sonra. Biz hər birimiz gələcək uğurlarımız üçün bu gün kəməyimiz, səylərimiz, vaxtımız və enerjimizlə ödəniş edirik, uğur qazanırıq, və ya bu gün “heç nə etmirik”, və sonra uğur qazanmadıqda ömrümüzün sonuna qədər passivliyimizə passivliyimizin hesabını ödəyirik;
  • Bizim həyatımız tamamilə seçimlərdən ibarətdir. Bizim uğurlarımız, hər gün, hər saat etdiyimiz seçimlərin nəticəsidir. Gündə 10 siqaret çəkən və buna bir saat zaman ayıran insan və siqaret çəkməməyi qərara alan və o bir saatı idmanla məşqul olmağa ayıran insan da seçimlərini edirlər. Və hər biri seçimləri nəticəsində cəza və ya mükafatlarını alacaqlar: birincisi zəifləmiş sağlamlıq, ağ ciyər və urək-damar sistemi ilə problemlərlə, digəri isə gümrah görünüş, gözəl duruş, özünə əminlik və möhkəm sağlamlıqla;
  • Müvəffəqiyyət – uzun yoldur. Əgər ingilis dilini öyrənmək 5000 söz bilmək deməkdirsə, heç bir müəllim o sözləri fleşkaya yazıb sizin beyninizə daxil edə bilməyəcək. Hər bir sözü insan ÖZÜ öyrənməlidir. Və dik və atletik görünüş əldə etmək üçün daima idmanla məşqul olmaq və bu məşqləri öz həyatının ayrılmaz hissəsi etmək lazımdır;
  • Müvəffəqiyyət – böyük zəhmət və əməkdir. Böyük müvəffəqiyyət – bu uğursuzluqlarla və qeyri-müəyyənliklərlə dolu böyük, fasiləsiz, gündəlik və həftəlik əməkdir. Əgər müvəffəqiyyət 3-4 cəhdin nəticəsi olsaydı, onun nəticəsi o dərəcədə şirinliyi olmazdır.;
  • Hər şeyin bir ödənişi var. Və ödəniş tam olmalıdır.Vaxt, enerji və bizi bu gün çox cəlb edən kiçik xoş, ancaq gələcəyimiz üçün faydasız olan işlərlə. Bu heç də yaşamamaq və həzz almamaq demək deyil – bu, effektiv yaşamaq, öz məqsədlərini unutmamaq və vaxtını və enerjini bu məqsədlər üçün planlaşdırmaq, dənizdə yelkənsiz və motorsuz bir gəmi kimi həyat dalğalarında üzməmək deməkdir;
  • Müvəffəqiyyət – böyük məqsədlərdir. Sadəcə istəklər yox, KONKRET məqsədlər. Bizi səhər tezdən, qaranlıqda yuxudan oyadacaq, yorğun vaxtlarımızda bizə enerji verəcək, hamının bizə qarşı olduğunu düşünüb ümidimizi itirdikdə bizə güclü bir daxili güc verəcək, bir yerdə addımladığımızı, işlədiyimizin nəticəsi olmayacağını düşünən o qeyri-müəyyənlik dövründə bizə başladığımız işi davam etməyə ruhumuza səbr verəcək qədər GÜCLÜ məqsədlər.

Müvəffəqiyyətli insanların xüsusiyyətləri nədir bəs?

Qarşılarına böyük məqsədlər qoyur, öz seçimini edir; böyük, üzünmüddətli məqsədləri naminə anlıq keflərdən imtina edir; onlar aktiv həyat mövqelərini tutublar və təbii ki, müvəffəqqiyətlər uğrunda yetərincə ödəniş ediblər – vaxt və enerjiləri ilə.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG