Keçid linkləri

Təcili xəbərlər

Ölümün mübarək, körpə qızım...


6 günlük körpənin quyuya atılıb öldürülməsi xəbərini neçə gündür hər üzünə çevirib düşünürəm. Neçə gündür susuram, neçə gündür içimdə danışıram, özümə suallar yağdırıram, deyirəm, niyə axı, niyə? Görürəm ki, bu sualların obyekti mən deyiləm, sonra yenə susuram. Amma indi tamamilə hissiz, emosiyasız, necə deyirlər, soyuq başla yazıram. Yaxşı ki, bir qız uşağının doğulduğu, iki qız uşağının abort edildiyi ailədə bu körpə elə 6 gün yaşayıb. 6 günlük körpənin öldürülməsi bəşərin ən qəddar müharibələrinə bərabər olsa da...

Təsəvvür edirsiniz, o qız yaşayır, böyüyür, düşünür, hiss edir. Ancaq ona o ailədə, nəsil-kökdə artıq əşya, arzuolunmaz insan kimi baxırlar.

Təsəvvür edirsiniz, o qız yaşayır, böyüyür, düşünür, hiss edir. Ancaq ona o ailədə, nəsil-kökdə artıq əşya, arzuolunmaz insan kimi baxırlar. Ana qızını xəlvətcə bağrına basıb ağlayır. Mələk adlı bu qız uşaqlığını, gəncliyi, arzularını yaşamaq əvəzinə həmişə bu artıqlığın travmasını, ağrılarını yaşayır. Əmin olun, elə bu ağrılarla, bu baxışla böyüyən qız elə özü-öz həyatına son qoyacaqdı. Çünki insan arzu edilmədiyi ailədə, cəmiyyətdə, ölkədə, dünyada yaşamaq istəmir, yaşaya bilmir. O, özünü qoymağa yer tapmayacaqdı bu gen dünyada, tapmayacaqdı.

Bax Mələk, elə buna görə düşünürəm ki, nə yaxşı sən yaşamadın, böyümədin, ürəyində yaşam eşqi cücərmədi, arzular boy atmadı, birinə aşiq olmadın. Çünki bütün bunlardan qopub dünyadan köçmək sənə elə əzab verəcəkdi ki, canını elə yandıracaqdı ki... İndi isə heç nə itirmədin, heç nə. Bu cəmiyyət sənin kimi mələklərə hələ layiq deyil. Bu cəmiyyət işığa, gözəlliyə hazır deyil.

Biz hələ qovğalardayıq, savaşırıq, sənin atanla, sənin dayınla, əminlə, babanla... Atamızla, dayımızla, əmimizlə, babamızla savaşırıq. Bizim də insan olduğumuzu, yaşamaq, gözəl yaşamaq, arzuladığımız kimi yaşamaq haqqımız olduğunu izah etməyə çalışırıq. Bu, bizə o qədər baha başa gəlir ki, Mələk... İnan ki, bir azca böyüyüb ağlın kəssəydi, elə özün yaşamaq istəməyəcəkdin bu cəmiyyətdə. Bizi yoran qovğalar, savaşlar səni də yoracaqdı.

Sənə də "qız nədir, oxumaq nədir?" deyəcəkdilər, səni də uşaq yaşda ərə verəcəkdilər. Sən də anan kimi bətnində qız uşaqlarını öldürməyə məcbur olacaqdın. Nə bilim, bəlkə, sənin də 6 günlük körpəni boğub öldürəcəkdilər, Mələk...

Nə bilim, bəlkə də böyüyüb gözəl qız olacaqdın, amma özün öz gözəlliyinə doya bilməyəcəkdin. Gözəlliyini gizlədəcəkdilər, çuvala salacaqdılar, qara çarşaba bürüyəcəkdilər, qəfəsə salacaqdılar. Sənə də "qız nədir, oxumaq nədir?" deyəcəkdilər, səni də uşaq yaşda ərə verəcəkdilər. Sən də anan kimi bətnində qız uşaqlarını öldürməyə məcbur olacaqdın. Nə bilim, bəlkə, sənin də 6 günlük körpəni boğub öldürəcəkdilər, Mələk... Nə yaxşı, bunlara şahid olmadan, bətnin, ürəyin körpə məzarına dönmədən, elə körpəykən tərk elədin bu dünyanı.

Biz hələ səni, sənin kimi körpələri qoruya bilmirik. Sənin ananın halına yanıb məsləhət veririk, güclü olmağa, düşünməyə, oxumağa, dünyagörüşlü olmağa, asılı olmamağa, kölə olmamağa, ayaqları üstündə dayanmağa, bu qaranlıqla, bu bədbəxtlik gətirən adət-ənənələrlə mübarizə aparmağa çalışırıq, adımızı "əxlaqsız" qoyurlar, bizə "fahişə" deyirlər. Bu sözdən qorxuruq, meydandan çəkilirik, giririk damımızın altına. Onda başqa damlarda bax sənin kimi körpələr ölür...

Qolu zorba, ağzı söyüşlü, natamam kişilərə qalib gələ bilmirik hələ. Hələ körpələr ölür, qadınlar ölür, ölümlər çoxalır. Analar balalarıyla birgə intihar edir artıq. Onları bu qəddar cəmiyyətin ümidinə buraxmaq istəmir, buraxmır.

Mələk, adamlara izah edə bilmirik ki, əxlaqsızlıq körpə qatili olmaqdır, qadın başı kəsməkdir, izah edə bilmirik. Sevgimiz çatmır, Mələk, cəsarətimiz çatmır, gücümüz çatmır, savadımız çatmır. Azıq, Mələk, çox azıq. Qolu zorba, ağzı söyüşlü, natamam kişilərə qalib gələ bilmirik hələ. Hələ körpələr ölür, qadınlar ölür, ölümlər çoxalır. Analar balalarıyla birgə intihar edir artıq. Onları bu qəddar cəmiyyətin ümidinə buraxmaq istəmir, buraxmır.

Bax Mələk, gör necə xoşbəxtsən ki, bu cəmiyyətin, bu dünyanın üzünü cəmi 6 gün gördün. Ona görə də ölümün mübarək, körpə quzum, körpə qızım...

Əmin ol, körpə Zəhramız qətl ediləndə əsgərlərimiz, zabitlərimiz and içib silaha sarıldıqları kimi, düşməndən qisasını aldığı kimi, biz də sənin, sənin kimi öldürülən körpələrin qisasını alacağıq. Qansız, qadasız. Söyülə-söyülə, dişimizlə, dırnağımızla, beynimizlə, qələmimizlə. Bir gün başa düşəcəklər ki, biz fahişə deyilik, biz yaşamaq, sevmək, güclü olmaq, qızlarımızı oxutmaq istəyirik. Bir gün körpələr öldürülməyəcək, Mələk, öldürülməyəcək!

Milli.Az

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG