Keçid linkləri

Təcili xəbərlər

Eşşəyin etirazı...


Gözü yaşlı yorğun eşşək,
Kirimişcə yükünü çək.
Bu yol da gec-tez bitəcək,
Yorulmaq sənə qalacaq.

(Ramiz Rövşən)

Az bir müddət bundan əvvəl, bir neçə min eşşəyin bir göz qırpımında yoxa çıxması, “fast food” obyektlərində, dönərxana və kafelərdə onların ətindən istifadə edilməsi informasiya saytlarının əsas xəbərlərindən hesab olunurdu. Bu məsələ sosial şəbəkələrdə də xeyli müzakirə və mübahisələrə meydan açdı.

Ölməz Cəlil Məmmədquluzadənin “Eşşəyin itməkliyi” hekayəsində Məhəmmədhəsən əminin də eşşəyi yoxa çıxır. Amma bu ibrətamiz hekayə yalnız, bir eşşəyin və onun biçarə sahibinin acı taleyindən bəhs edir.

Doğurdan da, sirr və sirillahı məsələdir. Axı bu eşşəklər haraya qeyb oldu!? İndi, ilin günün bu vaxtı biz onları hardan tapaq?!

Bu arada saytlarda eşşəklər haqqında statistik məlumatlar öz əksini tapıb. Buradan əyan olur ki, son bir il ərzində ölkəmizdə bu heyvanların sayı 1 748, son 2 il ərizdə 5 924, son 10 il ərzində isə 13 141 baş azalıb. Ən kəskin azalma İmişli rayonunda qeydə alınıb. Bakıda isə 2 il əvvəl 22 eşşək olduğu halda, bu ilin əvvəlində bu inadcıl heyvanın sayı nəhsə, 13-ə düşüb. Rəsmi məlumata görə, o boyda Mingəçevir və Gəncədə 1 dənə də olsun eşşək yoxdur. Doğurdan da, sirr və sirillahı məsələdir. Axı bu eşşəklər haraya qeyb oldu!? İndi, ilin günün bu vaxtı biz onları hardan tapaq?!

Qazağın Şıxlı kəndində bir pir var. Deyilənə görə, guya kimin mal-qarası, yaxud gözünün ağı-qarası, atı, qoyunu yaxud camışı xəstələnərsə orada şəfa tapır. Bəlkə elə kütləvi şəkildə qeyb olmuş həmin eşşəklərin sorağını o ocaqdan öyrənmək lazımdır!?

Burada, bu gözəl heyvan haqqında bir-iki kəlmə yazmaq zərurəti meydana çıxır və biz bu fürsəti əldən vermirik.

Burada, bu gözəl heyvan haqqında bir-iki kəlmə yazmaq zərurəti meydana çıxır və biz bu fürsəti əldən vermirik.

Bineyi qədimdən, lap eee, eramızdan da çox-çox əvvəllki dövrlərdən etibarən, insanlar ulaqlardan yük daşınmasında geniş istifadə etmişlər. Yəni, eşşəklər ilk əhliləşdirilmiş, Adəm oğlu adama ilk güvənmiş, etibar etmiş heyvanlardan hesab olunur.

Ümumiyyətlə, uzunqulaqların iki, latınca “Equus asinus” adlanan vəhşi və “Equus asinus asinus” adlanan əhliləşdirilmiş növü var. İndi məlum deyil, bu biçarə heyvanların hansı növünün ətini cəmi-cəmaətimiz həzmi-rabedən keçirirmiş!?

Əslində, ulaqlar atlara nisbətən azca astagəl olsalar da, onlardan daha dözümlü, qidaya və suya qarşı daha az tələbkardırlar. Düzdür, eşşək əti hər yerdə yeyilməsə də, Asiya, Afrika və Amerikanın bəzi ektravaqant restoranlarında geniş istifadə edilir, hətta delikates hesab olunur. Necə deyərlər, yeməmisən ulaq ətini, nə biləsən ləzzətini ?!

Eşşəklər həm də ağıllı heyvanlardır. Onlarda özünüqoruma hissi də yaxşı inkişaf edib. Əgər görəcəyi hər hansı bir işin onun təhlükəsizliyi və maraqları əleyhinə olduğunu hiss etsə, bu zaman onu bu işə məcbur etmək qeyri-mümkündür. Ona görə də, bəziləri yanlış olaraq onun bu qəribə xarakterini inadkarlıq və tərslik kimi başa düşür.

Deyirlər, uzunqulağın Argentinada yayılmış bir vəhşi növü qorxmadan, mərdi-mərdanə yırtıcı bəbirlə belə açıq döyüşə girir. Bu zaman onun üzərinə gələrək təpikləyir, dişləyir, sonra da elə bir qorxunc səslə anqırır ki, yazıq yırtıcının dabanına tüpürməkdən başqa çarəsi qalmır.

Eşşək saxlayanların nəzərinə, onların ən yaxın dostu atlar hesab olunur. Yola getmədiyi, tez-tez dalaşdığı heyvan isə itdir.

Bu heyvan uşaqlar üçün də çox maraqlıdır. İngilis yazıçısı Alan Milin “Vinni Pux” hekayələr kitabındakı obraz İA-İA və məşhur “Şrek” çizgi filminin personajı Eşşək onların ən sevdikləri qəhrəmanlardır.

Artıq dövr dəyişib. Bu gözəl gözlü heyvanlar, qloballaşma və informasiya əsrinin imkanlarından istifadə edərək, insanlar tərəfindən özlərinə qarşı olan amansız münasibətə etiraz etməyə də başlayıblar. Necə deyərlər, təsir əks təsirə bərabərdir. Artıq bunun ilk əlamətləri özünü biruzə verir. Verilən xəbərə görə, Daşkəsənin Qazaxyolçular kəndində uzunqulaq 7 yaşlı uşağı dişləyib. Başından xəsarət alan oğlana ilkin tibbi yardım göstərildikdən sonra o, Gəncədə yerləşən Birləşmiş Uşaq xəstəxanasına yerləşdirilib.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG