Keçid linkləri

Təcili xəbərlər

Haş iki O


(belə bir hekayət...)

50 yaşlarında kişi. Qəzəbli şəkildə şəhər telefonu ilə nömrə yığır.

- Alo, su idarəsidir?

- Bəli, buyurun, nə lazımdı?

- Qardaş, su idarəsinə zəng eləmişəmsə, deməli, su lazımdı də, kartof lazım olmayacaq ki?

- Uzatmayın, de görüm nə olub?

- Daha nə olacaq, düz üç gündür bizim küçəyə su gəlmir, qalmışıq kirin içində, iy verib iylənirik.

- Əşşi, mən də deyirəm nə böyük iş olub. Bilirsiniz, əsas insanın daxili təmizliyidir. Çimməsəniz də olar.

- Necə yəni çimməsəniz də olar? Biz hansı dövrdə yaşayırıq?

- Vətəndaş, axı 3 gün suyun gəlməməyi nə böyük problemdir ki, buna görə səhərdən zəhləmizi tökürsünüz. İndi telefonla danışmaq vaxtıdır? Bu saat siz televizorda ölkəmizdə keçirilən Avropa oyunlarına baxmalı, idmançılarımızın tarixi qələbələrinə sevinməlisiniz.

- Nə oyun a kişi, nə idman, nə qələbə?! 3 gündür su...

- Bura baxın, yoxsa siz Avropa oyunlarına sevinmirsiniz? Onda gedib qanınızı yoxlatdırın. Siz bu xalqın, millətin övladı ola bilməzsiniz. Sizin kimilərə bu vətənin havası, çörəyi haramdır. Elə suyu da!

(Qarşı tərəfdən dəstəyi asırlar.

Kişi də kor-peşman dəstəyi asıb mətbəxə keçir. Qrafini götürüb stəkana su süzmək istəyir. Qəfil də yadına düşür ki, qrafin boşdu. Dili ilə susuzluqdan qurumuş dodaqlarını yalayır).

1 gün sonra

- Alo, salam. Su idarəsidir?

- Bəli.

- Qardaş, dünən də zəng eləmişdim, artıq dördüncü gündür bizim küçəyə su...

- Bacoğlu, gördün də, bu il Portuqaliya "Avroviziyon"u uddu, keçən il də futbolda Avropa çempionu olmuşdular. Bildin də, bu nə deməkdi?

Kişi maraq, hətta heyrətlə:

- Nə deməkdi?

- O deməkdi ki, hazırda dünyada Portuqaliyanın "daydayısı" çox güclüdü. O gün olsun, bizim də güclü daydayımız olsun, “kubok miri” də biz qazanaq.

- Amin! Bəs bizim su...

- Əşşi, eyib deyil, bacoğlu, mən səhərdən burda qızıl xırdalayıram, sən də "su, su" salmısan. Nədi e su, haş iki o-du də... Heç gözləməzdim səndən, heyif, çox heyif.

(Kişi bu sözlərdən utandığını hiss edir, alnını xəcalət təri basır.

Kişi dəstəyi asır, sonra tərini sildiyi barmaqları ilə susuzluqdan qurumuş dodaqlarını isladır).

3 gün sonra

Kişi divanda halsız uzanıb, hərdən susuzluqdan çat-çat olmuş dodalarını dili ilə güclə isladır və “Su! Su!” deyə boğuq səslə inildədiyi eşidilir.

Telefon zəng çalır. Kişi güc-bəla yerindən qalxıb, az qala sürünə-sürünə telefonun qoyulduğu masaya yaxınlaşır, birtəhər onu götürür və güc-bəla deyir:

- Alo...

- Bacoğlu, su idarəsindəki qardaşdır. A balam, bayaqdan götür də bu telefonu, lap ürəyimi çəkdin ki... Neçə gündür zəng eləyib suyu soruşmursan, dedim xeyir ola, başına bir iş-zad gəlməyib ki. Şükür allaha salamatçılıqdı. Bilirsən, bacoğlu...

- Su... su...

- Əşşi, yenə başladın? Mən boyda kişi zəng eləmişəm sənə, görüm bu qardaşdan niyə 3 gündü səs çıxmır, bir bəla üz verməyib ki, bəlkə köməyimiz dəydi, baxma də... gör neçə vaxtdı telefonda salam-kəlam eləyirik. Sən də tutmusan, “su, su...” Olmadı ki! Peşiman oldum zəng eləməyimə.

Dəstək kişinin əlindən düşür, o, son gücünü toplayıb inildəyir: “Suu!.. Suu!

Yerə düşmüş dəstəyin o başından səs eşidilir:

- Belə çərə su, çora su! Cəhənnəmə su, gora su! Günah məndədi, götürüb zəng eləmişəm sənə. Qədirbilməz köpəyoğlu!

Dəstək asılır.

Düüüd... Düüüd...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG