29 sentyabr 2015. Seymur Həzinin Apellyasiya şikayət ilə bağlı sonuncu proses idi, Frans Kafkanın dediyi kimi, heç nə etməsə də, ona hökm oxunacaqdı…
Siyasi fəal Əbülfəz Qurbanlı ilə Yasamalda görüşüb Sumqayıta – Seymur Həzinin prosesi baş tutacaq Sumqayıt Şəhər Apellyasiya məhkəməsinə yola düşdük. Yolüstü iki xanım dostumuzu da götürdük. Onlardan biri artıq illərdir siyasi proseslərdə idi, digəri isə ilk dəfə bizə qoşulurdu.
Sumqayıt Şəhər Apellyasiya məhkəməsinə çatdıq. Yenə insanlar məhkəmənin önünə toplaşıb prosesin başlamasını gözləyirdilər, Seymur da gəldi…
Peşəsi qaranlığı işıqlandırmaq olan bu insanı qara geyimdə görmək, yazan əllərinin qandalla bir-birinə bərkidilməsi düşüncələrimizi zəncirləyirdi. Elə bu da Seymurun üzündəki pozitivliyi gözümüzdən itirirdi. Amma yenə də Sumqayıt Şəhər Apellyasiya Məhkəməsi həyat dolu idi – əllərindəki qandala baxmayaraq, üzü gülən Seymur kimi üzüntüdən uzaq, mətin və gözləri parıldayan xeyli adam vardı burada.
Hakimlər isə Seymur Həziyə son “söz verib dinləməyə” təhamül edə bilməyib, tələsik müşavirəyə getdilər.
Məhkəmə başladı. Boyları piştaxtalarından hündür olmayan hakimlər zala daxil oldular. Dövlət ittihamçısı da yerini tutmuşdu. Belə baxanda, hər şey yerində idi, hər şey normal görünürdü. Ümumiyyətlə, bu məhkəmə zalında yerində olmayan təkcə ədalət idi. Vəkili Adil İsmayılov Seymur Həziyə bəraət verilməsini istəyəndən sonra, dövlət ittihamçısı da bunun əksini istədi. Hakimlər isə Seymur Həziyə son “söz verib dinləməyə” təhamül edə bilməyib, tələsik müşavirəyə getdilər.
Müşavirə zamanı bizimlə gələn xanımlardan ilk dəfə bizə qoşulanı suallar verməyə başladı: – Həzi, Seymur bəy niyə hər şeyi izah edib azadlığa çıxmır ki, həqiqəti bilsələr, buraxarlar axı Seymuru?
Mən ona gülümsəyib, – “Zatən hər şeyi bilirlər də, oyunu hökumət qurub, şərləyiblər” – dedim. Yenidən həyəcanlı səs tonu ilə irəli atılıb “Gedək bunu dövlət ittihamçısına deyək də, bilsə həqiqətləri, bəlkə bizə kömək edər” – dedi. Mən ona elə dövlət ittihamçısının da bu oyunun bir iştirakçısı olduğunu bildirdim. Dedim ki, belə siyasi işlərdə dövlət ittihamçıları olmur, onlar dövlət ittihamçısı donuna girmiş hökumət ittihamçılarıdır. Gördükləri iş də heç bir mənəviyyata sığmayan iyrənclikdir.
Hələ də ümidləri və həvəsi tükənməyən dost dedi ki, hakimlərə deyək, qərarı verən onlardır, onlara hər şeyi izah etsək, kömək edərlər, yaxşı insana oxşayırlar.
Hələ də ümidləri və həvəsi tükənməyən dost dedi ki, hakimlərə deyək, qərarı verən onlardır, onlara hər şeyi izah etsək, kömək edərlər, yaxşı insana oxşayırlar.
Yenə gülümsəyib hakimlərin də belə işlərdə hökumətin sifarişini icra etdiklərini, əslində, qərarları özlərinin vermədiyini söylədim. Dedim ki, onlar hətta bizdən də yaxşı bilirlər ki, Seymur günahsızdır. Sadəcə, onları da nələrsə qorxudur ki, belə vicdansızlığa yol verirlər. Yəni Seymurun həbs olunmağına baxmayaraq, hakimdən də, dövlət ittihamçısından da daha çox azaddır. Vəkillərə gəldiksə isə, onlar nə edə bilər bu şəraitdə? Çox əziyyət çəkirlər, həqiqəti sübut edirlər, amma nə xeyri var… Seymurun ilk vəkili Elton Quliyev (hələ onda yaşayırdı) deyirdi ki, biz vəkillərin işi “poçtalyonluqdur”.
Gözünü bərəldib məni dinləyən dost bütün ümidləri sınmış vəziyyətdə “Allah bunların cəzasını verəcək” – dedi.
Dost sakit səslə “Bəs necə olacaq, nə cür olacaq? Kim düzəldəcək vəziyyəti?” deyərək soruşdu. “Sən” deyə cavab verdim...
Dedim ki, əzizim, Allah da Azərbaycan məhkəmələrində ancaq tamaşaçı qismində iştirak edir. Müdaxilə etmir. Artıq illərdir belədir. Dost sakit səslə “Bəs necə olacaq, nə cür olacaq? Kim düzəldəcək vəziyyəti?” deyərək soruşdu. “Sən” deyə cavab verdim:
– Sən, mən, o, biz, siz, onlar. Nə etsək, bu ölkə üçün özümüz edəcəyik. Sivil, demokratik şəkildə etirazımızı bildirib, xalq olaraq bir nöqtəni vursaq, bu yurda da günəş gələcək. Sən də, mən də, Seymur da, hakim də, prokuror da xoşbəxt olacağıq. Artıq sənin, mənim kimi gənclərin önündə bu ölkənin ağsaqqalı, ağbirçəyi işverənliklə, üzəduranlıqla məşğul olmayacaq. Ata övladlarının ehtiyacını ödəyə bilmədiyi üçün bir dərənin küncündə intihar etməyəcək. Gənclik təhsil alacaq. Bu ölkəyə demokratiya gələcək. Dediyim kimi, bu da, səndən, məndən, ondan asılıdır.
Bu sözlərimdən sonra həmin xanımın bir az üzü güldü!
Gülümsəyin, pozitiv olun! Mübariz olun, dostlar!
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.