Keçid linkləri

Təcili xəbərlər

Milli Matəm Günü


Milli Mətbuat günü ilə bağlı nə isə yazmaq fikrim yox idi. Ancaq bu günün əhəmiyyətini bildiyimdən biganə də qalmaq istəmirdim. Dünən Facebookda gecə saat 2-yə qədər gördüklərim rəzalətdən sonra yazı yazmaq yox, bu sahədə çalışan şəxsən tanıdığım bir neçə vicdanlı insanı telefonla təbrik etmək qərarına gəlmişdim. İlk zəng etdiyim uzun illər bu sahədə vicdanla çalışan, bu sahədə həmişə prinsipial mövqe tutan, şəxsiyyətinə hörmət etdiyim Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev oldu. Zəngimə cavab vermədi. Bir müddət sonra özü zəng etdi. Salamlaşdıq və ilk danışan Mehman müəllim oldu. «Bilirəm, Milli Matəm günü münasibətilə zəng etmisən. Elə bu zənglərə başım qarışdığından sənin zəngini görməmişəm dedi». Söhbəti dərhal dəyişdim və mənim üçün az əhəmiyyətli olan bir suala yönəltdim. Söhbətimizin sonunda Mehman müəllimə bildirdim ki, bu mövzuda yazmaq fikrim yox idi, ancaq indi yazıb içimi boşaldacam.

Bəli, bu gün Azərbaycanda milli mətbuatın yaranmasının 142-ci ili tamam olur. 1875-ci ilin bu günündə dövrün dahi fikir ziyalısı Həsən bəy Zərdabi böyük çətinliklər hesabına “Əkinçi” qəzetini çap etdirdi. Azərbaycanın maarifçilik tarixinin ən parlaq çağları bu dövrdən başlanır. Bu gün hamımızın fəxrlə xatırladığımız 1918-ci ilin dahi qurucuları da Azərbaycan mətbuat tarixinin bu parlaq dövrünün yetirmələridir.

Dünən Facebookdakı rəzaləti və onun ardınca bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi Əli Həsənovun çıxışını oxuyan, bir balaca təhlil etmək imkanı olan hər kəs bu günü Mehman Əliyev kimi Mili Matəm günü adlandırar. Niyəsini bir az ətraflı yazım.

Uzun illərdir ki, jurnalistikanın problemindən hamı yazır. Bəli, azad mətbuatı boğmaq üçün hakimiyyət hər addımı atdı və son nöqtədə mətbuatı o günə saldı ki, indi mətbuat senzura olduğu dövrdən də pis günlərə qaldı. Jurnalistlərə paylanan mənzillər isə jurnalistika tabutuna vurulmuş son mismar oldu. Bir çox «jurnalist» isə mənzil məsələsini ya bilərəkdən, ya da qanmazlıqdan az qala mətbuatın xilası kimi cəmiyyətə sırımaq istəyirlər. Baş verənlər isə sadəcə ən ucuz formada bazarlıq, jurnalistlərin satınalma prosesidir.

Ən dəhşətlisi də odur ki, bu alverdə uzun illər həqiqi jurnalist kimi fəaliyyət göstərmiş bir çox hörmətli şəxslər də iştirak etdi. Onlar isə baş verənləri anlamamış deyillər. Onlar məndən də yaxşı bilirlər ki, azad mətbuat istəyən hakimiyyət sadəcə onun formalaşmasına mane olmamalı, rəqabət mühitinin, reklam bazarının formalaşmasını stimullaşdırmalı idi. Bu təqdirdə qan pulu almayan şəhid ailələrinin pulları hesabına «rüşvət mənzili» verilməsinə ehtiyac da qalmazdı.

Dünən Facebookda «rüşvət mənzili» formasında vicdanını satanların və sata bilməyənlərin yazılarını oxumaq mənim üçün həqiqətən faciə idi. Cəmiyyətdə sağlam əxlaq, mənəviyyat formalaşdırmalı olan peşə sahibləri əsl əxlaqsızlıq nümunələri göstərdilər və pis günlər hələ irəlidədir...

Bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi Əli Həsənovun «Çox təəssüf edirəm ki, adını jurnalist qoyan bir qrup sosial şəbəkələrdə müvafiq Komissiyanın fəaliyyətinə, nəcib aksiyaya kölgə salmağa çalışırlar. 255 jurnalist arasında aktiv olanlar öz haqlarını müdafiə edir. İnanıram ki, onların arasında passiv olanlar da fəallıq göstərəcəklər» sözləri mənzil alanlardan hələlik yumşaq formada rüşvətin əvəzini ödəmək göstərişi idi.

Rəzalətli günlər hələ qabaqdadır, çünki hələ də «rüşvət mənzili»nə növbəyə duranların sayı 2 min nəfərdir və onlar rəqiblərinin ifşa etmək, boğazını çeynəmək, irəli düşmək üçün çox çalışacaqlar, hakimiyyətə yarınmağın ən analoqu olmayan üsullarını axtaracaqlar. Axı qarşıda təməli qoyulan 255 «rüşvət mənzili» onları gözləyir.

Doğrudanmı, cəmiyyəti saflaşdırmalı, ədalətə kökləməli, mənəvi dəyərləri aşılamalı olan şəxslər anlamırlar ki, baş verənlər çox böyük rəzalətdir. Bu gün hələ də qan pulu almayan minlərlə şəhid ailələri, Qarabağ qaziləri, anadangəlmə əlil olanlar kirayələrdə süründükləri dövrdə reketlə məşğul olan jurnalistlərin də təmsil olunduqları qələm əhlinin mənzil almağa nə haqqı var?! Mən hələ yüz minlərlə digər peşə sahiblərini demirəm.

Bu günkü Bayramın təməlini qoyan kişilər cəmiyyətdə ona görə hörmət sahibi oldular ki, onlar gördükləri işi təmənnasız, vicdanla və heç bir maddi mənfəət güdmədən etdilər. Əksinə təmənnasız maarifçiliklərinə görə təqiblərə məruz qaldılar. İndi isə nə baş verir? Məhkəmə qaydasında böhtançı elan edilən əlihəziquliyevlər, reketlə məşğul olan kəslər bizim hesabımıza mənzillə təmin olunurlar. Şəxsən mənim heç vaxt oxuduğumu demirəm, rast gəlmədiyim, tanımadığım «Kaspi» adlı bir nəşrin nümayəndələri 5-6 mənzil alırlar. Niyəsi yəqin ki, hamıya aydındır.

Sonda baş verənlər tək cəmiyyət üçün deyil, hakimiyyətin özü üçün də təhlükədir. Bu gün mənzil almaq üçün tərifləyənlər, sabah ehtiyac olmayanda ən kəskin söyənlərdən olacaqlar.

P.S. Yenə də peşələrinə sadiq olanları təbrik edirəm və əminəm ki, Sizin əməyiniz hökmən dəyərləndiriləcək.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG