Keçid linkləri

Təcili xəbərlər

«Göbələk kolbasası» - yeməli tikinti materialı


Londonda yerləşən Brunel Universitetinin tələbəsi Aleksi Vesaluoma "Astudio" memarlıq şirkəti ilə birlikdə "Grown Structures" ("bitən strukturlar") layihəsi çərçivəsində gələcəyin tikinti materialını hazırlayıb. Bu materiala "göbələk kolbasası" adı verilib. Material yüngül, bioloji yolla parçalana bilən struktura malikdir. Üstəlik, ondan qida üçün də istifadə oluna bilər.

Göbələk əsaslı materialdan binalar tikmək fikri oxuculara utopik görünə bilər. Ancaq bu yalnız ilk baxışdan belədir. Əslində bu materialın çoxlu üstünlükləri var: o çox yüngüldür, sobada bişirilmə tələb etmir və onun unukal özüyığılma xüsusiyyəti var.

Sözügedən strukturlar göbələyin miseliumunun yaş kartonla əvəz edilməsi yolu ilə əldə edilib. Miselium göbələyin bir-birinə toxunmuş liflərdən ibarət vegetativ hissəsidir. Bu liflər demək olar ki, göbələyi əhatə edən hər şeyi deşib keçir. Bütün bu sistemdə göbələyin bizim gözümüzə görünən hissəsi sadəcə "aysberqin üst hissəsidir".

Bu halda karton miselium üçün qida rolunu oynayır. Həzm prosesində karton kiçicik hissələrə bölünür. Yaranmış yapışqan plastik kütləni müxtəlif formalara, o cümlədən kolbasa şəklinə salmaq olur. Tədricən sıxlaşan və çəkisi artan struktur havalandırılan istixanada xüsusi qəlibin içərisində yetişdirilir və dörd həftə ərzində tam formalaşır. Qəlibdən materiala istənilən formanı vermək üçün istifadə olunur.

Aleksi Vesaluoma göbələk kolbasasından quraşdırılmış tikililərin möhkəmliyi və etibarlılığı barədə hər hansı bir məlumat vermir. Ancaq analoji "göbələk" texnologiyası ilə hazırlanmış kərpiclərlə aparılmış təcrübə nəticəsində məlum olub ki, bu kərpiclər 50 maşının çəkisinə dözməyə qadirdir.

Vesaluomanın hazırladığı bu qeyri-adi materialın əsas üstünlüyü ondan ibarətdir ki, konstruksiyanın yığılması zamanı göbələklər ölmür. Onların böyüməsi davam edir. Buna görə də tamamilə tullantısız texnologiya üzrə hazırlanmış belə bir tikilinin sahibi müntəzəm olaraq məhsul yığa bilər. İxtiraçı hesab edir ki, bu, restoranların və ya müvəqqəti tikililərin işinə yaraya bilər.

Dünyada dizaynerlər, rəssamlar və şirkətlər göbələk miseliumundan müxtəlif layihələrdə istifadə edirlər. Ancaq Vesaluomanın bu yeni yaradıcı, çevik və hərtərəfli layihəsi memarlıq sahəsində tamamilə yenidir və daha da inkişaf etdirilə bilər.

Dizayner Eric Klarenbeek miseliumdan 3D printerdə çap olunmuş stul hazırlamaq üçün istifadə edib. Nyu Yorkun məşhur Müasir İncəsənət Muzeyinin (MoMA) PS1 Qalereyasında isə miseliumdan hazırlanmış kərpicdən bütöv bir bioloji qala düzəldilib.

Amsterdamlı dizayner Maurizio Montalti miselium materiallarını "biotexnoloji inqilab" adlandırır. Vesaluomanın özü isə bu materialların geniş bazara çıxması üçün hələ çox iş görülməli olduğu qənətindədir.

"Hazırda miselium əsaslı materialların kütləvi istehsalına mane olan insanların gümanları və qazanclı materialların istehsalı və satışı ilə məşğul olan şirkətlərdir. Miselium materiallarının sadəcə mövcudluğu həm bizim həm də ətraf mühit üçün faydalıdır... Bu, əladır. Bu bizim daha çox regenerativ istehsal sistemləri yaradarkən təbiətin zəkasına güvənməli olduğumuzu göstərən daha bir nümunədir", - Aleksi Vesaluoma deyir.

Ən son yazılan

XS
SM
MD
LG