Keçid linkləri

Təcili xəbərlər

Alimlər: Uzaq ulduz partlayışı Yerdə hyata son qoya bilər


Homunkulus (lat. Homunculus) dumanlığında yerləşən, bizim Günəşdən 5 milyon dəfə güclü Eta Karinae (lat. Eta Carinae, bəzən η Carinae kimi göstərilir) ulduzunun Yer və onun sakinləri üçün böyük təhlükə mənbəyi ola biləcəyi uzun zamandan bəri məlumdur.

Bu supernəhəng ulduzun yarada biləcəyi təhlükə onun Günəşdən 5 milyon dəfə güclü olmasından çox qeyri-sabit olması ilə bağlıdır.

Mavi supernəhənglər ailəsinə aid edilən bu obyekt Günəş sistemindən təqribən 7,5 min işıq ili aralıda yerləşir. Ancaq o partlayacağı təqdirdə partlayış dalğası o qədər güclü olacaq ki, onun bir hissəsi gəlib Yerə də çatacaq. Yer sakinləri isə teleskopsuz, adi gözlə yeni ulduzun yaranışını müşahidə edə biləcəklər. Alimlər tədqiqat gedişində müəyyən ediblər ki, bu göy cisminin partlaması Yer kürəsində ozon qatının məhvinə və nəticədə bütün canlı aləmin yox olmasına səbəb ola bilər. Ancaq bu partlayış baş versə, Yer sakinləri onu görəcəklər.

Hətta indiki halda belə Yer sakinləri mavi supernəhəngi planetin Cənub yarımkürəsindən gecə səmasında görə bilirlər. Partlayışın baş verəcəyi təqdirdə isə ayrılan güclü enerji Yerin ozon qatını deşməyə qadirdir. Bu zaman canlıların kosmik şüalanmaya məruz qalması təbii olaraq onların məhvinə yol aça bilər.

Ancaq Eta Karinae-nin nə zaman partlayacağını bilmək mümkün deyil. O bu gün də partlaya bilər, 10 min ol sonra da. Hətta bəlkə o artıq bir neçə min il bundan öncə partlayıb, sadəcə olaraq bizim aramızdakı bu nəhəng məsafə sayəsində biz hələ də fotonların gəlib Yerə çatmasını gözləyirik.

Bu yaxınlarda alimlər Çilidə yerləşən Çox Böyük Teleskop (Very Large Telescope -VLT) vasitəsilə Eta Carinae ulduz sistemini təşkil edən ulduzların ən həyəcanlı və fırtınalı hissələrini diqqətlə izləyiblər.

Eta Carinae Kainatın müşahidə oluna bilən hissəsində ən parlaq və nəhəng göy cismidir. Bu ulduz sisteminin tərkibində olan əsas, ən böyük ulduz Günəşdən 90 dəfə böyük, 5 milyon dəfə parlaqdır. Bu nəhəngin ətrafında dövr edən digər bir ulduzsa Günəşdən 30 dəfə böyükdür. Ancaq əsas ulduzun parlaqlığı sayəsində alimlər bu ulduzu 1996-cı ilə qədər görə bilməyiblər.

Hər beş il yarımdan bir daha kiçik olan ulduz böyük ulduzun ətrafında sapandvari hərəkətini başa vurur. Bu, alimlərin müşahidə etdiyi ən xaotic astrofiziki fenomenlərdən biridir.

Sözügedən ulduz sistemini təşkil edən ulduzlardan hər hansı biri partlayacağı təqdirdə kosmosa yayılacaq materiyanın sürəti saatda 9,6 milyon kilometr olacaq.

Ulduz sistemini əhatə edən Homunkulus Dumanlığının özü də ulduz xəritəsinə nisbətən yeni düşüb.

XIX əsrdə Eta Carinae-də baş verən silsilə güclü partlayışlar onun Yerin Cənub yarımkürəsindən baxarkən fəzada ən parlaq göy cismi kimi görünməsinə yol açmışdı. Bu partlayışlar nəticəsində kosmosa nəhəng həcmdə qaz və toz buraxılmışdı. Partlayışların üstündən bir əsrdən artıq vaxt keçməsinə baxmayaraq, alimlər hələ də onun nəticəsində yaranan yüngül əks-sədanı öyrənməklə məşğuldurlar.

Eta Carinae ulduz sistemində növbəti partlayışların nə zaman baş verəcəyini demək çox çətindir. Hələlik bildiyimiz odur ki, bu sistem son dərəcə qeyri-sabitdir. Buna görə də Max Planck adına Radio Astronomiyası İnstitutunda Gerd Weigeltin rəhbərliyi ilə astronomlar qrupu yuxarıda sözügedən Çox Böyük Teleskopu (VLT) Eta Carinae-yə tərəf tuşlayaraq iki ulduz arasındakı məsafəni çox diqqətlə izləyiblər.

Həmin ulduzlararası məkan nisbətən kiçik olduğundan onu detallı görmək üçün dörd teleskopdan istifadə olunub. Alimlər müəyyən ediblər ki, Eta Carinae sisteminin ulduzlarının yaratdığı küləklər bir-biri ilə çox böyük sürətlə toqquşaraq ulduzlararası məkanı milyonlarla dərəcəyə qədər qızdırır. Toqquşan hissəciklər həmçinin intensiv rentgen radiasiyası yaradır. Bu zaman ayrılan mürəkkəb emissiyanı isə alimlər hələlik izah edə bilməyiblər.

Alimlər bu son dərəcə qeyri-adi ulduz sistemini onun tamamilə partlamsından öncə araşdırıb anlamağa ümid edirlər.

Ən son yazılan

XS
SM
MD
LG