Keçid linkləri

Təcili xəbərlər

Alimlər sübut ediblər ki, bitkilər düşünə bilir


Britaniyanın Birmingem Universitetinin alimləri araşdırma apararaq sübut ediblər ki, bitkilər düşünmək və qərar qəbul etmək iqtidarındadır.

Tədqiqatçılar vurğulayıblar ki, bu gün dünyada çox sayda insan ət yeməkdən imtina edir və bunu heyvanların intellektə malik olması ilə izah edirlər. Nədənsə onlar bitkilərin də zəkaya malik olması ehtimalı haqda düşünmürlər.

Ancaq alimlərin son tədqiqatı belə düşünməyə əsas verir ki, bitkilərin də özünəməxsus "beyni" var. Bitkilərin toxumları hava şəraitini əvvəlcədən hiss edir, bu isə cücərtinin davranışını müəyyən etməyə kömək edir. Bu isə bitkilərin də düşünə bildiyini və bunun əsasında özlərinə daha sərfəli olan davranışı seçdiyini deməyə əsas verir.

Alimlərin sözlərinə görə, bitkilər hətta bitəcəkləri yer barədə belə qərar qəbul etməyə qadirdir.

Alimlər bitkinin "beyninin" orqanizmin hansı hissəsində olduğunu müəyyən etdiklərini deyirlər. Məlum olub ki, toxumlarda olan "beyin" bir növ zəka məntəqəsi rolunu oynayır və qərar qəbul etmək iqtidarındadır.

Alimlər deyirlər ki, "beyin" cücərmək üçün əlverişli şəraitin olub-olmadığını müəyyən etməyə və cücərmək komandasını verməyə qadirdir.

Alimlər iddia edirlər ki, "beyin" rolunu bitki toxumlarında mövcud olan bir qrup hüceyrə həyata keçirir. Alimlər yeni sözügedən mərkəzi xaççiçəklilər fəsiləsinə aid arabidopsis bitkisində aşkar ediblər.

Arabitopsisin toxumlarında olan bəzi hüceyrələr onların nə zaman cücərməli olduğunu müəyyən edir, daha sonra isə onların oyanışına təkan verir. Alimlərin fikrincə, bu hüceyrələr bir-biri ilə hormonlar vasitəsilə bağlıdırlar. Buna bənzər proseslərə insan beynində də təsadüf edilir. Mütəxəssislər gələcəkdə bitkilərin "beyninə" təsir edərək onların yetişmə sürətinə və məhsulun yığılma vaxtına nəzarət etməyə ümid edirlər.

Alimlərin "Proceedings of the National Academy of Sciences" (PNAS) jurnalında dərc etdirdikləri məqalədə göstərirlər ki, bitkinin "qərar qəbuletmə mərkəzində" iki cür heceyrə var. Onlardan biri toxumun yuxu rejiminə, digəri isə cücərmə prosesinə cavabdehdir.

Bu iki hüceyrə qrupu öz aralarında hormonların köməyilə ünsiyyətdə olur. Bu isə insan bir şeyi edib-etməməsi barədə qərar verməyə çalışan zaman onun beynində baş verən proseslərə bənzərdir.

Alimlər iki ayrı element arasında baş verən ünsiyyətin bitkinin onu əhatə edən mühitə qarşı həssaslığını təyin etdiyini riyazi modelləşmənin köməyilə müəyyən edə biliblər. Bu nəzəriyyəni sübuta yetirmək üçün onlar mutasiyaya məruz qalmış bitkidən yararlanıblar. Bu bitkinin hüceyrələri öz aralarında daha çox kimyəvi bağlara malik olub. Alimlər cücərmə vaxtının birbaşa regionlararası siqnallardan asılı olduğunu daha aydın göstərmək üçün bu üsula əl atıblar.

Bitkinin "beyin" fəaliyyətini proqnozlaşdırmağa imkan verən riyazi nəzəriyyəyə görə, dəyişən mühitdə, məsələn, temperaturların tez-tez dəyişməsi şəraitində daha çox sayda toxum cücərir, nəinki sabit mühitdə. Alimlər bu nəzəriyyəni laboratoriya şəraitində sınaqdan çıxararaq bitkilərin praktikada eynilə belə davrandığını müəyyən ediblər.

Bitkilər insanların bu vaxta qədər təsəvvür edə bildiklərindən daha ağıllıdırlar. Bu yaxınlarda aparılmış tədqiqatlar nəticəsində onların quraqlıq şəraitinə hazırlığı, su axtarışı və hətta bəzi şeyləri heyvanlardan öyrənməsinə dair ciddi dəlillər aşkar edilib.

Ən son yazılan

XS
SM
MD
LG