Keçid linkləri

Təcili xəbərlər

Ərəb dünyasının on üç tələbi...


HEÇ OLMASA, BİRİ DEMOKRATİK ÖLKƏ OLSAYDI...

Adam nə qədər çalışır ki, diqqətini Qətər ətrafındakı böhrandan ayırsın, gəl, bacarmır ki, bacarmır...

...Qətər məsələsi növbəti “demokratiya savaşı” və yaxud da daha bir “ərəb baharı” silsiləsi deyildir – hətta böhranın başlanması yazın son ayının isti günlərinə təsadüf etsə də...

Bəlkə də səbəbi ondadır ki, despotik müsəlman rejimlərilə bağlı işə düşən daha bir ssenari maraqlı gəlir adama. Amma bəri başdan deyək ki, Qətər məsələsi növbəti “demokratiya savaşı” və yaxud da daha bir “ərəb baharı” silsiləsi deyildir – hətta böhranın başlanması yazın son ayının isti günlərinə təsadüf etsə də...

Birincisi, Qətərə qarşı diplomatik tələblər irəli sürən ərəb ölkələri arasında bir dənə belə olsun, demokratrik ölkə yoxdur. İkincisi, Qətərə qarşı irəli sürülən 13 tələb arasında da demokratiya ilə bağlı bircə maddə belə yoxdur. Əksinə tələblərdə “Əl-Cəzirə” kanalının bağlanmasıyla bağlı tələb də var.

“ŞƏRQ İNCƏ MƏSƏLƏDİR” - DEYİBLƏR

Bəs onda görən, problemin kökü nədədir? Kimi bunu müsəlman dünyasında məzhəb savaşı, kimi İrana qarşı növbəti geosiyasi həlqə yaratmaq cəhdi kimi (böyük ehtimlla əsas məqsəd elə budur!), kimi də növbəti müsəlman ölkəsinə qarşı hazırlanmış ssenari təki qiymətləndirir.

Getdikcə qoca Şərqin də nə vaxtsa demokratikləşəcəyilə bağlı ümidlərim azalsa da, hələ ki, tam “təslim” olmaq fikrim yoxdur...

Məsələnin ən qəliz tərəfi də budur ki, sadalanan səbəblər sırasından birmənalı seçim etmək mümkün deyildir. Ona görə də problemin gedişi ilə bağlı konkret təxminlər etmək də olmur.

Qərb adamlarının özlərinin sözüdür ki, Şərq incə məsələdir. Yox, bunu Şərqin əlahiddəliyi kimi yozmaq fikrim yoxdur. Getdikcə qoca Şərqin də nə vaxtsa demokratikləşəcəyilə bağlı ümidlərim azalsa da, hələ ki, tam “təslim” olmaq fikrim yoxdur – hələ də azadlıq küləyinin Şərqin də qapılarını döyəcəyinə ümidliyəm.

Amma bəzi nüanslar var və onları elə Qərbin özündə də bilənlər az deyil. Yadıma gəlir, İraq kampaniyası ərəfəsində amerikalı politoloq Farid Zaxaria buna – müsəlman Şərqinin özəlliklərinə diqqət yönəltməyə ciddi cəhd etmişdi...

EVDƏ OLMAYIB, QONŞUDAN GƏTİRİLMƏYİB...

Nədir despotik müsəlman rejimlərinin özəllikləri? Əslində bunlar bir deyil, iki deyil. Amma başlıca özəllik ondan ibarətdir ki, müsəlman Şərqində insanların demokatik vərdişləri yox dərəcəsindədir.

Dərinə varanda görürsən ki, Şərqdə heç vaxt şəxsiyyət azadlığı uğrunda mübarizə olmayıb. Hətta Hegel kimi bir az da dərinlərə vararaq demək olardı ki, Şərqdə heç vaxt azadlıq da olmayıb.

Dərinə varanda görürsən ki, Şərqdə heç vaxt şəxsiyyət azadlığı uğrunda mübarizə olmayıb. Hətta Hegel kimi bir az da dərinlərə vararaq demək olardı ki, Şərqdə heç vaxt azadlıq da olmayıb.

Bugünün müsəlman dövlətləri də despotik rejimlərdir. Bu rejimlər insanlarına söz və ifadə azadlığı verməyib, demokratik seçkilər keçirməyib, insanlara demokartik vərdişlər aşılamayıblar. Ona görə də Qərb dəyərlərini və ya demokartiyanı ərəb səhralarına köçürmək elə də asan məsələ deyil.

Elə bu səbəbdən də “ərəb baharları”nın heç biri arzuolunan nəticəni verməyib. Nə Liviyada azad bir rejim bərqərar oldu, nə də Suriyada müxalifət hakimiyyətə gələrək yeni qaydalar tətbiq edə bildi.

Hətta Misir kimi siyasi cəhətdən az-çox inkişaf etmiş ölkədə belə “ərəb baharları” ssenarisi heç nə vermədi – çox tez bir zamanda “restavrasiya” dövrü başladı və inqilab edənlər məhbəsə, diktator Hüsni Mübarəksə fəxri istirahətə yollandı.

SƏHRADA HƏTTA KÜLƏKLƏR BELƏ...

Bir daha Qətərə gəldikdə isə yenə də bütün tələblərin arxasında İrana qarşı koalisiya yaratmaq çağırışı dayanır. Bir daha deyirəm ki, 13 tələbin arasında demokratiya ilə bağlı bircə müddəa belə yoxdur.

Düzdür, Qətər böyük iqtisadi resurslara malik ölkədir və təzyiqlərə tab gətirə bilər. Hətta onu da yaddan çıxarmaq lazım deyil ki, Türkiyə və Pakistan kimi ölkələr də onu müdafiə edirlər.

Bəs bütün bunların sonu necə olacaq? Güman etmək olardı ki, ən son nəticədə Qətər ərəb dünyasını seçəcək və tələbləri qəbul edəcək. Əgər bu ölkənin terrorçu təşkilatlarla elə bir əlaqəsi yoxdursa və yalnız İranla bağlılığı varsa, o halda onun İrandan qopması elə də çətin məsələ olmamalı idi. Düzdür, Qətər böyük iqtisadi resurslara malik ölkədir və təzyiqlərə tab gətirə bilər. Hətta onu da yaddan çıxarmaq lazım deyil ki, Türkiyə və Pakistan kimi ölkələr də onu müdafiə edirlər.

Amma Qətər də sünni dövlətidir və əhalisinin 40 faizini ərəblər təşkil edir. Düşünürdük ki, ölkə əhalisinin təxminən 20 faizini təşkil edən iranlılar Qətərin siyasətini öz ölkələrinə sərf edəcək hüdudlarda saxlaya bilməyəcəklər. Həm də israr etməyin, bir növ tərslik nümayiş etdirməyin elə bir mənası da yoxdur. Məsəl var, deyirlər ki, su axar, çuxurunu tapar və bu baxımdan yanaşanda Qətərin ərəb ölkələrinin tələblərinə axıra qədər məhəl qoymacağını düşünmürdük.

Bizə, kənar müşahidəçilərə gəldikdə isə bütün bunlar növbəti bir geosiyasi maskarad təsiri bağışlayır və yaxın–uzaq ölkələrdə cərəyan edən proseslərdə azacıq da olsa üçüncü “demokratiya dalğası”nın izlərini axtaranları sevindirmək üçün qətrə belə əsas yoxdur. Bir daha barışmalı olursan ki, azsaylı müsəlman demokratları hələ uzun müddət öz despotik rejimlərilə baş-başa qalmalı olacaqlar, çünki səhrada hətta küləklər belə elə-belə əsmir, qum sovurur...

O ki qaldı bir daha ərəb dövlətlərinin tələblərinə, onlar irəli sürüləndən cəmi bir-iki gün sonra məlum oldu ki, Qətər hökuməti rədd cavabı verib. Düzdür, ultimatumun bitməsinə hələ bir neçə gün qalıb və Qətər rəhbərliyi onları bir daha nəzərdən keçirə bilər. Amma heç buna oxşamır və belə təəssürat yaranır ki, Qətər son sözünü artıq deyib. Bəs necə olacaq? Türkiyənin və Pakistanın dəstəyindən danışdıq. İndi proseslərin inkişafı böyük ehtimlla ABŞ-dan və onun körfəz ətrafında yürütdüyü siyasətdən asılı olacaqdır. Görək, nə olur...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG