Keçid linkləri

Təcili xəbərlər

Günəş sistemində Mars ölçüdə yeni planet aşkar edilib


Kaliforniya Texniki Universitetinin alimləri araşdırma apararaq ötən ilin yanvar ayında belə qənaətə gəlmişdilər ki, Günəş sisteminin ətrafında daha bir böyük planet dövr edə bilər. Arizona Universitetinin (UA) alimləri isə belə bir mülahizə irəli sürüblər ki, əgər doqquzuncu planet mövcuddursa, o, tək olmaya bilər. Alimlərin sözlərinə görə, Günəş sisteminin Kuiper Qurşağında olan göy cismlərinin qəribə hərəkət trayektoriyası bu zolaqda azı Mars qədər böyük bir obyektin olmasını ehtimal etməyə əsas verir.

Mütəxəssislər bu göy cisminin Yerdən on dəfə ağır olduğunu ehtimal etsələr də, hələlik onun mövcudluğunu sübuta yetirmək mümkün olmayıb.

Tədqiqatın nəticələri "The Astronomical Journal" jurnalında dərc edilib. Bu barədə məlumatı dərc edən "New Scientist" jurnalı yazır ki, alimlər planetin keçmişdə Günəşə daha yaxın məsafədə yerləşdiyini ehtimal edirlər.

Hal-hazırda Günəş sistemində rəsmən səkkiz planet var: Merkuri, Venera, Yer, Mars, Yupiter, Saturn, Uran və Neptun. Yupiter və Saturn qaz nəhəngləri, Uran və Neptunsa buz nəhəngləri hesab olunur. Haqqında danışılan «onuncu planetin» çəkisinin Marsdan böyük, Yerdənsə kiçik olduğu bildirilir.

İlk dəfə Kaliforniya Texniki Universitetinn tədqiqat komandası Kuiper Qurşağındakı altı göy cisminin qəribə hərəkət sürətinə istinadən doqquzuncu planetin mövcudluğu hipotezini irəli sürüblər. Sözügedən qəribə hərəkətli obyektlərin orbiti orta göstəricidən 30 dərəcə fərqlidir. Bu isə onların uzaq məsafədə yerləşən Yerdən təqribən 10 dəfə böyük planetin cazibə qüvvəsinin təsirinə məruz qaldığını deməyə əsas verir. O zamandan bəri bu hipotetik planetin mövcudluğu ehtimalı güclənsə də, bunu sübuta yetirmək mümkün olmayıb. Belə bir planetin Neptundan da uzaqda yerləşən göy cismlərinə və hətta Günəşin özünə belə təsiri müşahidə olunmaqdadır.

Arizona Universitetindən olan tədqiqatçılarsa Oxşar üsuldan istifadə edərək Kuiper Qurşağındakı 600-ə qədər obyektin orbitindəki maililiyə diqqət yetirərək belə nəticəyə gəliblər ki, onların əksəriyyətinin orbiti orta orbital müstəvidən 8 dərəcə fərqlidir. Alimlər deyirlər ki, bu, Kuiper qurşağında ölçüsü təqribən Mars qədər olan, Günəşdən Yerlə Günəş arasındakı məsafədən təxminən 60 dəfə daha böyük uzaqlıqda yerləşən, hələlik kəşf olunmamış planetin mövcudluğunu göstərir.

Tədqiqat komandasının dəyərləndirməsinə görə, gəlinən nəticənin statistik anomallıq olması ehtimalı 2%-dən azdır.

Alimlər bildirirlər ki, həmin nəhəng planetin orbiti Günəşdən 500-700 astronomik vahid (AV) məsafədə ola bilər. Ancaq onun sözügedən cismlərin orbitinə təsirinin mümkün olması üçün onun 100 AV-dən daha yaxın məsafədə yerləşməsi lazımdır. Bu qurşaqda dövr edən "asi ulduz" da həmin obyektlərin orbitlərindəki qəribəliyə səbəb ola bilərdi. Ancaq zaman göstəriciləri üst-üstə düşmədiyinə alimlər bu ehtimalı o qədər də böyük saymırlar.

Alimlər hələlik bu sirli planeti birbaşa müşahidə edə bilmədiklərinə görə, onu "planet kütləli obyekt" adlandırırlar. Beynəlxalq Astronomiya İttifaqının 2006-cı ildə qəbul etdiyi təsnifata görə, planet (1) Günəş ətrafında dövr edən, (2) böyük cismlərin təsirinə üstün gəlməsi və hidrostatik ekvilibriuma (kürəyə yaxın formaya) malik olması üçün kifayət qədər cazibə gücü olan və (3) öz orbitindəki ətrafını təmizləmiş olan göy cismlərinə deyilir.

Bu təsnifatdan sonra zavallı Pluton planetlər siyahısından çıxarılmışdı. Alimlər hesab edirlər ki, 2020-ci ildə Böyük Simoptik Sorğu Teleskopuun (LSST) onlayn fəaliyytə başlamasından sonra bu məsələyə aydınlıq gələcək.

Ən son yazılan

XS
SM
MD
LG