Keçid linkləri

Təcili xəbərlər

Güzgünün qarşısında yemək yeyin…


Məlumdur ki, insanlar sosial varlıqlardır və başqaları ilə birlikdə yemək yeyəndə bu işdən daha çox həzz alırlar. Alimlər daha öncə bununla bağlı təcrübə apararaq bu hipotezi təsdiq ediblər.

Bəzi tədqiqatların nəticələrinə görə isə, insanlar yaxın adamları ilə yemək yeməkdən daha çox həzz alırlar, nəinki yad adamlarla.

Ancaq bu yaxınlarda aparılmış başqa bir araşdırmanın nəticələri göstərib ki, yad adamlar hətta ünsiyyətdə olmasalar belə birlikdə şokolad yeyəndə onun dadından daha çox həzz alırlar. Əhval dəyişiklikləri bu effektə təsir etməyib.

Nagoya Universitetinin alimləri isə həmin effektin alınması üçün ödənilməsi tələb olunan minimal şərtləri aşkar etməyə, eyni effekti başqa şəxslər olmadan almağın mümkün olub-olmadığını anlamağa çalışıblar. Alimlər apardıqları təcrübələrin köməyilə müəyyən ediblər ki, insanlar güzgü qarşısında yeyəndə də yeməklərin dadını daha yaxşı hiss edir və daha çox yeməyə başlayırlar.

Təcrübədə müxtəli yaş kateqoriyalarını təmsil edən könüllülər iştirak edib. Onların hər birinə güzgü qarşısında, yaxud da qara divarın qarşısında duzlu və şirin popkorn yemək təklif olunub. Təcrübənin bütün iştirakçıları güzgünün qarşısında yedikləri zaman qidadan daha çox həzz alıblar. Alimlər müşahidə ediblər ki, güzgünün qarşısında oturan zaman təcrübə iştirakçıları daha çox popkorn yeyiblər.

Alimlər belə nəticəyə gəliblər ki, güzgü qarşısında yemək insanlara iştah problərini həll etməyə kömək edə bilər. Bu informasiya ilk baxışdan əhəmiyyətsiz görünə bilər. Ancaq Naqoya Universitetindən doktor Nobuyuki Kawai qeyd edir ki, bu informasiya tənha və yaşlı insanlar üçün faydalıdır. Çox zaman onlar yaxınlarını itirdikdən sonra normal qidalanmağa motivasiyalarını və iştahlarını itirirlər. Bu gün bu, iştah azlığı ilə mübarizə aparmağın ən effektiv üsuludur. Hərçənd, təcrübə gənc insanlar üçün də eyni nəticəni verib.

Alimlər sonradan güzgünü təcrübə itirakçılarının fotoşəkilləri ilə əvəz ediblər. Nəticələr yenə də əvvəlki kimi olub: iştirakçılar daha çox yemək yeyiblər və yeməkdən daha çox həzz alıblar. Beləliklə yeməyin "sosial" fasilitasiyasının düzgün təsnifat olmadığı məlum olub.

Tədqiqatın nəticələri "Physiology & Behavior" jurnalında dərc edilib. Müəlliflər bu təcrübələri davam etdirmək niyyətindədirlər. Məsələn, onlar bilmək istəyirlər ki, başqa adamların şəkillərinin qarşısında yemək eyni effekti verəcəkmi.

XS
SM
MD
LG