Keçid linkləri

Təcili xəbərlər

Dərman bitkiləri qərblilərin beyni, şərqlilərin isə qarnı üçün xeyirlidir?


Son bir il ərzində Britaniyada yaddaşı yaxşılaşdırdığına çox inanılan bir bitkinin yağı populyarlaşıb. Dərman bitkilərini və ya bitki əsaslı preparatları satan əczaçılıq mağazaları, xüsusilə də məktəb və universitetlərdə imtahan mövsümünün başlanması ilə əlaqədar xeyli gəlir götürüb.

Belə mağazalardan ən məşhuru Holland & Barrett apteklər şəbəkəsi bildirib ki, ötən illə müqayisədə bu il rozmarin bitkisinin satışı 187 faiz artıb.

Azərbaycanca Vikipediada rozmarinin ətotu və çəmənotu kimi milli adları verilsə də, Azərbaycanda ən mötəbər mənbə - 1981-ci ildə buraxılmış “Botanika Terminləri və bitki adları” dörddilli lüğəti ingiliscə “rosemary” olan bu bitkinin adını elə “rozmarin” kimi verir.

Bugünlərdə Holland & Barrett tələbələri narahat olmamağa çağırıb. Şəbəkə elan edib ki, imtahan mövsümü başa çatanadək kifayət qədər rozmarin tədarükü görülüb.

Məsələ burasındadır ki, rozmarinin “sehirli yaddaş bitkisi” olması barədə inancı alimlər də bölüşürlər.

Nortumbriya Universitetində aparlılmış təcrübə zamanı məlum olub ki, rozmarin yağı ilə rayihələndirilmiş otaqda imtahana hazırlaşan tələbələr 5-7 faiz arası daha çox yaxşı və əla qiymətlər alıblar.

Universitetinin tədqiqatçılarından Mark Moss deyir ki, çox güman rozmarin ətri beynin elektrik fəaliyyətini gücləndirir.

Rozmarində iddia olunan bu hikmətə hələ qədimlərdən inam olub. Məsələn, qədim Yunanıstanda tələbələr imtahan vaxtı rozmarindən hörülmüş çələng taxardılar.

Amma əczaçılar xəbərdarlıq edirlər ki, hər rozmarindən yaxşı imtahan qiyməti gözləməyə dəyməz və onu yalnız “ixtisaslı” aptek və dükanlardan almaq lazımdır. Bu isə belə bir fikir oyadır ki, rozmarin ətrafındakı bu hay-küyü bir az da onu satanlar da qızışdırıblar.

Bunları “The Independent” qəzeti yazır.

“The Guardian” isə mövzunu inkişaf etdirərək təhsil sisteminə daha hansı bitkilərin “töhfə verə biləcəyindən” söz açıb.

Nanə (Peppermint)

Ötən il alim Mark Moss könüllü tələbələrdən istifadə edərək təcrübə keçirib və ona məlum olub ki, imtahandan əvvəl nanə çayı içənlər çobanyastığı çayı içənlərdən daha yaxşı nəticə göstəriblər.

ABŞ-dakı Wheeling Jesuit Universitetinin alimi Bryan Raudenbush aşkar edib ki, nanə ətri narahatlıq və yorğunluğu aradan qaldırmaqda kömək edir.

Darçın (Cinnamon)

Professor Raudenbush həm də darçının insan psixikasına təsirini öyrənib və bu nəticəyə gəlib ki, bu ədva məyusluq və nigarançılıq hisslərini azaltmaq qabiliyyətinə malikdir.

Lakin Azərbaycan mənbələri darçının beyindən daha çox qarına faydalı olduğunu yazır. Vikipedianın azərbaycanca məqaləsində deyilir: “Darçın fərahlıq verir və iştahı açır. Əl və ayaqlardakı titrəmələrə yaxşı təsir edir. Mədə narahatlıqlarında və qarın ağrılarında faydalıdır. Bağırsaq qurdlarının tökülməsinə və bağırsaq iltihablarının yaxşılaşmasına kömək olur. Qaz sökdürücüdür. Pis qoxuları, öskürəyi və ishalı kəsir. Bədən müqavimətini artırır. Soyuqdəyməyə qarşı faydalıdır. Qan şəkərini tənzimləyən darçın şəkər xəstələri üçün çox faydalıdır”.

Bir sözlə darçın endokrinologiyanın bütün problemlərini həll edir!

Sürvə/Adaçayı (ingilicə Sage, rusca şalfey)

Professor Moss sürvəni də tədqiq edib. Yenə də belə nəticəyə gəlib ki, bu bitki “yaddaş və diqqətin gücləndirilməsində rol oynayır, hərçənd təsiri elə də böyük deyil”.

Azərbaycanın internet resurslarında isə söhbət daha çox adaçayından kosmetik məqsədlərlə istifadə olunduğundan gedir. Dərini zərifləşdirir, baş kəpəyini və qaşınmanı kəsir, hətta sızanaq və selüllitin də axırına çıxır və sair.

Bütün bunlardan belə bir nəticəyə də gəlmək olar ki, dərman bitkiləri qərblilərin beyninə, şərqlilərin qarın və vücuduna faydalıdır.

Ola da bilər ki, məsələnin məğzi, kimi nəyin daha çox maraqlandırmasıdır.

XS
SM
MD
LG