Fizikada entropiya kəmiyyəti o qədər möhtəşəm bir reallıqdır ki, birbaşa və ya dolayı yolla fiziki proseslər, zamanın istiqaməti, enerji, ətalət, məişət, sosium, toplum, iqtisadiyyat, siyasət və s. ilə əlaqəlidir. Toplumlarda- fərdlərdən təşkil olunan statistik çoxluq kimi- təbiətin qanunlarının açıq olmayan təsirlərini görmək olur, o cümlədən entropiyanın. Bəs entropiya nədir?
Ən sadə halda demək olar ki, entropiya səliqəsizlik halıdır. Entropiya fizikada termodinamikanın ikinci qanunuyla ifadə olunur. Termodinamikanın ikinci qanununa əsasən, fiziki proseslər, ümumilikdə kainat elə inkişaf edir ki, ondakı səliqə və düzən həmişə pozulmaqda, səliqədən səliqəsizliyə doğru dəyişməkdədir. Səliqəsizlik, yəni entropiya daim artır. Bu elə fundamental prosesdi ki, heç bir vəchlə geri döndürmək mümkün deyil.
Entropiya ən az kainat yarananda, Böyük Partlamada ("Big Bang") olub və elə o vaxtdan bu tərəfə dayanmadan artır. O vaxta qədər artacaq ki, kainatda mövcud olan qalaktikalar, planetlər, əşyalar, canlı-cansız bütün hər şey atomlarına, onlar da daha kiçik zərrəciklərə qədər tədricən parçalanacaqlar, bir-birindən sonsuzluqda və sonsuzluğa qədər aralanacaqlar.
Elm fəlsəfəçisi A.Eddinqton deyir ki, bu o qədər təməl və dəqiq prinsipdir ki, əgər yeni eksperiment Maksvell tənliklərini (elektromaqnit nəzəriyyəsini) alt-üst etsə, hardasa, doğru olma ehtimalı var. Ancaq nə isə termodinamikanın ikinci qanununa uyuşmayan nəticə versə, doğruluq şansı qətiyyən yoxdur! [1] Xatırlatmaq yaxşıdır ki, Maksvell tənlikləri adi lampanın, bütün işıq və elektrik sistemlərinin işləməsinin əsas prinsipidir.
Görünən odur ki, kainatın yaranmasının əvvəlində entropiya minimal, düzənlilik maksimal olub və kainatın ömrünün sonunda isə entropiya, səliqəsizlik maksimal olacaq. Deməli, biz hal-hazırda entropiyanın təxminən orta qiymətlərinə uyğun gələn kainatın içindəyik. Bunun özü elə maraqlı nüansdı: təbiətin, canlı varlıqların, insanların, ətrafda gördüyümüz əşyaların ortaya çıxması üçün nə kainatın əvvəli, nə də sonu əlverişli şəraitdə deyil, olmayacaqdı. Yalnız entropiya orta vəziyyətdə olduqda zərrəciklər elə formada kombinasiya olurlar ki, varlıqlar, özü də sərfəli formada meydana gəlirlər. Günəşdə entropiya həddən artıq azdı, enerji o qədər düzənlidi ki, Günəşə azca yaxınlıq dağıdıcı təsir göstərir. Yer kürəsinə gəlib çatana qədər enerji yararlı formaya düşür. Entropiyanın orta halına uyğunlaşır. Qısası, entropiyanın minimal olması dağıdıcı effekt göstərir, maksimal olması isə enerjinin səmərəsiz, istifadəyə yararsız olmasına gətirib çıxarır. Bu hissəni nəzərdə saxlayaraq aşağıda bir neçə misalda entropiyanın adi məişətdən tutmuş toplum səviyyəsinə qədər necə işlədiyinə nəzər salaq.
Entropiya məsələsinə görə evi, otağı tez-tez səliqəyə salmağa məcbur oluruq. Səliqəyə salınmış otaq sahman qalmır, bir müddət sonra əşyaları qoyduğumuz yerdə tapmırıq, əl gəzdirilməsə, daha da dağınıq formaya gəlib çıxır. Əlavə zəhmət çəkib, otağı səliqə-sahmana salmaq lazım gəlir. Hər zaman belə olur, əksiylə qarşılaşmırıq. Səliqəsiz otaq durduğu yerdə səliqəli formaya gəlib çıxmır. Səliqə həmişə əlavə əziyyət tələb edir. Dağınıq otaqda niyə entropiya çoxdu? Çünki əşyalar qoyulduğu yerdə olmayanda onlardan istifadə də çətinləşir. Əşyalar otaqdadı, ancaq onların istifadəsi çətinlik törədir. Dağınıqlıq artdıqca, daha da səmərəsiz hala gəlir, belə otaqda yaşamaq adama əsəb, stressdən başqa fayda gətirmir.
Digər tərəfdən isə səliqə məsələsində ifrat diqqətli adamlar var. Bəzilərində bu psixoloji sindroma çevrilir. Nadirən də olsa, bu tip insanlar səliqədə, təmizlikdə o qədər xırdaçılığa, vasvasılığa gedirlər ki, ətrafdakılar onların davranışlarından əziyyət çəkirlər. Səbəb nədir? Həmin adamlar özləri də bilmədən entropiyanı azaltmağa çalışırlar. Azaltmaqla da qalmırlar, onu minimum səviyyədə tutmağa çalışırlar. Entropiyanı daima minimal səviyyədə qoruyub saxlamaq isə təbiətin qanunlarına ziddi. Təbii olaraq entropiya artmağa çalışır, amma həmin adam onun artışının qarşısını kəsir. Deyə bilərik ki, təbiətin ziddinə səy göstərir. Burdan yenə görünür ki, entropiyanın hər iki, minimal və maksimal durumları əlverişsizdi. Hər iki halda - səliqədə xırdaçılığa gedən adam misalında (entropiya minimum) və tamam dağınıq otaqda (entropiya maksimum) ortaya problem çıxır. Normal səliqəyə salınmış otaq, yəni entropiyanın aralıq qiymətində isə ən əlverişli hal yaranır.
Təzə hazırlanmış kofe həmişə soyuyur. Amma soyuq kofe özbaşına qalanda qayıdıb isti olmur ki, içiləsi olsun. Stolun üzərində soyuq kofenin isti kofeyə çevrilməsini min illər də oturub gözləsək, müşahidə edə bilmərik. (Nəzəri şəkildə bu mümkündür. Amma bu, otaqda qeyri-adi, möcüzəvi temperatur disbalansı yaranarsa-hava molekulları normaldan daha sürəkli formada kofenin və kofenin olduğu fincanın molekullarına toxunarsa, baş verər. Bu olayın isə ehtimalı o qədər azdı ki, milyon illərlə gözləmək qaçılmazdı) İsti kofedə entropiya azdı, soyuduqca entropiya çoxalır. İsti kofenin enerjisi yox olmur, enerji daim qorunur. Enerji kofenin molekullarından kənardakı havanın molekullarına daşınıb. Yəni enerji yenə var, ancaq lazımsız, əlçatmaz, səmərəsiz vəziyyətdədi. Yenidən bir yerə toplayıb, istifadə etmək mümkün olmur.
Başqa bir misal: Əşyalar çox zaman düşüb qırılır. Stəkan əldən düşüb qırılır. Tərs proses, çilik-çilik olmuş hissələr birləşərək tam formada stəkan geri qayıtmır. Çiliklərin özbaşına birləşib əşyanı əmələ gətirdiyi müşahidə olunmayıb. (Bunun da ehtimalı var, ancaq o qədər azdı ki, bu cür hadisəyə şahid olmağımız mümkünsüzdü) Niyə bu baş vermir? Yenə entropiya.
Çiliklərin entropiyası onların bütöv əşyada düzülüşündəki entropiyadan çoxdu. Stəkan qırıldıqda entropiya artır. Entropiya yuxarıda da yazılan kimi, hər zaman artmalıdı. Əks proses olmadığına görə çiliklər birləşib bütöv stəkanı formalaşdırmırlar (entropiya azalmır). Qırılmış hissələri şüşə sexində əridib yenidən stəkana çevirmək olar, lakin əlavə enerji xərcləməliyik ki, entropiyanı azalda bilək.
Toplumlar misalında da vəziyyət dəyişmir. Entropiya burda da özünü göstərir. Toplumlarda, fərdlər arasında maddi resurslara sahib olmada fərq yaranmalıdır ki, həyat davam etsin. Bu, fərdlərinin bir-biriylə sıx kommunikasiyada olduğu qloballaşma dövründə xüsusilə vacibdi. Hər kəsin eyni qədər maddi resurslara sahib olması entropiyanın maksimal olduğu vəziyyətdi. Yuxarıda yazıldığı kimi, entropiyanın çox olması əlverişsizlik durumudu. Enerji var, amma ondan istifadə əlçatan olmur. İnsanlar arasında çox da böyük fərqin olmadığı ibtidai icma quruluşlarında inkişaf bu səbəbdən ləng gedirdi.
Entropiyanın minimal olması da işə yaramır. Maddi resursların toplumun çox az hissəsini təşkil edən bir neçə nəfərin əlində cəmləşməsi də, heç deməyə ehtiyac da yoxdu ki, indiki dövrün bəlasıdı. Bu vəziyyətdə diktaturalar ortaya çıxır. Toplumun böyük əksəriyyəti isə çox zaman adi yaşam ehtiyaclarını da qarşılaya bilmirlər. Bəs necə etməli? Problemdən sıyrılmaq üçün təbiətdəki kimi entropiyanın orta qiymətlərinə-ən əlverişli halına gətirib çıxarmaq gərəkdir.
Onun orta qiyməti maddi resurslara sahib-varlılarla, sahib olmayanların-kasıbların arasındakı az fərqin olduğu vəziyyətə uyğundu. Diktaturalar entropiyanın minimal, hər kəsin eyni qədər resursa sahib olması isə entropiyanın maksimal halına uyğun gəlir. Bu səbəbdən yaxın tarixin böyük hissəsində kommunist rejimlər toplum üçün qalıcı fayda yarada bilmədilər. Kommunizmin, leninist-marksist sosializminin ən gur periodlarında ətalət, ləngimə, səmərəsizlik ortaya çıxırdı. Çünki entropiyanın maksimal halına uyğun gəlirdi. Onun maksimal halı isə yuxarıda da vurğulandığı kimi əlçatan olmayan enerjisizlik halıdır. Enerji var, amma ondan yararlanmaq olmur. Lazımsız formada paketlənib.
Bu mənada humanitar yardımların, dinlərin təlqin etdiyi kasıblara əl tutmaq, maddi resurslara sahib olanların resurslarını paylaşmağa təşviq etməsi yaxşı haldır. Bu, orta qiymətli entropiya yaratmaq cəhdidi. Varlı-kasıb fərqi azalır. Entropiya şkalasında ox minimal və maksimal istiqamətdən ortalama qiymətlərə tərəf dəyişir. Yenə qeyd etmək lazımdır ki, burda da sui-istifadə halları artdıqca yenidən ox kənarlara meyllənir. Misal kimi müsəlmanların həcc ziyarətindən gələn gəlirin Səudiyyənin monarxik idarəsində olduğunu göstərmək olar. Resurslar yenə azsaylı kəsimin əlində cəmlənir. Entropiya minimallaşır, arzuolunmaz fəsadlar ortaya çıxır.
İqtisadiyyatda da entropiyanın keçərli olduğunu görmək mümkündü. İqtisadçı Ş.Flinnin də dediyi kimi müasir uğurlu mikroiqtisadiyyat azad bizneslə dövlət müdaxiləsinin müəyyən nisbətdə qarışığından ibarətdir. Bu o deməkdir ki, entropiya ortaq qiymətlərdə olduqda məhsuldar iqtisadi quruluş meydana gəlir. Ekstrim hallara baxaq. İqtsadiyyata dövlət müdaxiləsi (entropiyanın maksimal halı) çox olan ölkələrdə azad biznes fəaliyyətdən qalır, məhsuldarlıq zəifləyir.
Yuxarıda kommunizm və diktaturalar misalında bu tendensiyanın işləmədiyi göstərildi. İdaəretmənin müdaxilə etmədiyi durumlar da ortaya çətinliklər çıxarır. Tamamilə azad mühitdə bir müddət sonra monoploiya halları baş qaldırır. Məsələn, Avropanın hal-hazırda nəhəng şirkət birləşmələriylə mübarizədə çətinlik çəkdiyinə şahid oluruq. Bazarda bir və ya bir neçə şirkətin hökmran olması elə entropiyanın azalması, minimala istiqamətlənməsidir. Resurslar, fürsətlər azsaylı oyunçunun əlində cəmlənir. Yəni entropiya azalır, yuxarıda Günəş misalındakı kimi dağıdıcı effekt yaranır. Başqa sözlə, inkişaf etmiş ölkələrin ekonomik uğurunda (dövlət müdaxiləsiylə azad mühitin harmonik nisbətində) entropiyanın orta qiymətlərinə yaxınlaşa bilmələri başlıca rolu oynamaqdadı.
Nəticə olaraq, kainat işləyir, qanunları işləyir. Entropiya dayanmadan artır. O, dağıdıcı, minimal halından səmərəsiz, maksimal halına doğru irəliləyir. Onun orta qiyməti ən münbit halıdı. Bura qədər yazılan misallarda termodinamikanın bu heyrətamiz qanununun adi məişət səviyyəsindən toplumlar səviyyəsinə qədər bilavasitə təsirləriylə necə işlədiyi göstərildi. Nümunələrdə də verildiyi kimi entropiya qanun kimi azdan çoxa dəyişməyini qoruyub saxlayır. Bu, təbiətin ən təbii, qarşısıalınmaz davranışıdır. Bu ümumi axıntını dəyişmək mümkün deyil. Amma müvəqqəti də olsa, dəyişdirmə imkanı var. Entropiyanı müəyyən qədər azaldıb yararlanmaq olur, otağı səliqəyə salaraq, yanacaq istehsal edərək, xam maddədən məhsul alaraq entropiya azalmış olur. Hərçənd cəmdə entropiya artmış olsa da, əslində bunlarla biz, var olan enerjini yaxşı paketlənmiş, əlçatan formaya salırıq ki, istifadə etmək mümkün olsun.
İstifadədən sonra təbii ki, entropiya artır, yenidən əlverişsiz vəziyyətə qayıdır. Avtomobildə yanacaq sərf edilir qutarır, yanacağın enerjisi yerə təkərlərin sürtünməsiylə istilik enerjisinə çevrilərək yayılır, istifadəsiz halda itir-batır. Görünən odur ki, entropiyanın bu fleksivliyindən ağıllı istifadə həyatın bir çox sahəsində işə yarayır. Ciddi ictimai problemlərin həllində bəşər övladı buna müəyyən mənada həm də məcburdu. Şüurlu formada entropiyanı orta qiymətlərə gətirmək şərtdi. Hər kəsin eyni qədər maddi resursa sahib olması ətaləti, yeknəsəqliyi nəticə verir. Sovet dövrünün kommunist mühitindən təsirlənmiş o dövrün insanındakı tez-tez rastlanan monotonluq, yeknəsəqlik entropiyanın maksimal olmasının nəticəsidi. Enerji var kimi görsənir, amma qeyri-məhsuldar formadadı. İstifadəyə yararsızdı. Təkrar olaraq, bəşər entropiyanı orta qiymətə çəkib salmağa məcburdu. Amma bunu ağıllı etməyəndə, kortəbii və acgözlüklə edəndə entropiya orta qiymətə qədər yox, minimala qədər azalır. Hərisliklə azaldılmış entropiya iqtisadiyyatda monopoliyanı, mergerləri; siyasətədə oğru hakimiyyətləri, korrupsiya girdablarını, oliqarxiyanı, gücə dayalı idarəetmə tərzini rəvac verir. Bununla belə entropiyanın ağıllı azaldılması başqa bir konsepsiyanı da ortaya çıxarır.
Entropiyanın ağıllı azaldılması toplumun böyük əksəriyyətinin məsələlərdən xəbərdar olması anlamına gəlir. Başqa sözlə, hər kəsin kifayət qədər təhsil aldığı toplum, aydınların sayının çox, vicdanlı insanlarının layiq olduğu yerində olduğu utopik toplum. Burda növbəti sual meydana gəlir: hamının informasiyaya çatması elə özlüyündə azalmış entropiya deyilmi? Superintellektli bəşər entropiyanın təbii artımıyla ziddiyyət təşkil edir. Təbiətlə tərs prosesə girişmək hansı nəticələri verə bilər? Müasir debatların ən qızğını olan Süni Zəka (SZ) qorxusu dərin qatlarda bununla bağlıdı
Sonda demək olar ki, bəşər övladı təbiətlə və təbiətilə çək-çevirdə qalmağa məhkumdur. Təbiətin istinasız, dəqiq işləyən qanunları şüurlu insanın şüurundan istifadəsini sınağa çəkməkdədir.
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.