Şimali Koreya şirkəti Ryonghung yeni planşetini təqdim edib. Qəribəsi budur ki, onun adı iPad-dir.
Planşetin RAM-ı 1Gb, əsas yaddaşı 8GB, xarici yaddaşı 16 GB-dır. Onun HDMİ kabel bağlantısı var, dəstə klaviatura da daxildir. İstehsalçılar bildirir ki, cihazın geniş funksionallığı var və 40-dan çox proqram quraşdırılıb.
Bu özəlliklər onun Apple planşetləriylə rəqabətinə imkan verməsə də, marka adının götürülməsinə şirkətin nə reaksiya verəcəyi maraqlıdır. Apple-dan hələlik bu barədə bir açıqlama yoxdur.
Bundan öncə də Şimali Koreya şirkətləri Apple cihazlarını kopyalamağa çalışıb. Bir neçə il öncə görünüşcə iMac-la eyni olan Pyongyong masaüstü kompyüter tanıdılıb.
2015-ci ildə Şimali Koreya özünün milli əməliyyat sistemi adlandırdığı Red Star OS 3.0-ı istifadəyə verib. Ancaq, bu əməliyyat sistemi də Apple OS X-ın dizaynını kopyalayıb.
Yeni planşetin hansı platformayla çalışacağı açıqlanmasa da, onun alıcılar arasında artıq populyar olduğu bildirilir. İstehsalçılar onun müxtəlif rəqəmsal mənbələrin oxunmasında, ofis işlərində, sənədləşmədə yaxşı işlədiyini iddia edirlər.