Ötən cümə günü bənzərsiz, qlobal kiberhücumlarla yadda qaldı. Hücumlar 150 ölkədən 200 000-dən çox kompüterə zərər verib.
Bazar ertəsi işə başlayan bir çox qurumların əməkdaşları kompüterlərindəki faylları şifrələnmiş, oxunmaz halda tapıblar. Hakerlər deşifrələmək üçün 300 dollar tələb ediblər.
“WannaCry” adlandırılan zərərli proqram ABŞ Milli Təhlükəsizlik Agentliyindən oğurlanan sənədlərlə üzə çıxıb.
Hücumlar Britaniyanın Milli Sağlamlıq Xidmətinə də zərər verib. Xəstələrin planlaşdırılmış əməliyyatları təxirə salınıb.
“Kaspersky lab” şirkətinin hesablamalarına görə, kiberhücumdan zərər çəkən kompüterlərin 5 faizi Microsoft-un köhnə əməliyyat sistemləriylə çalışan Hindistanda olub.
Çinin dövlət mediası yüz minlərlə kompüterin virusa yoluxduğunu yazır.
Associated Press-in yazdığına görə. Yaponiyada 2000 kompüter hücuma məruz qalıb.
Beş Cənubi Koreya şirkəti bu hücumdan zərər çəkdiyini bildirib.
Europol isə həftə sonu təhlükəsizlik ekspertlərinin gördüyü tədbirlər nəticəsində Avropada vəziyyətin stabilləşdiyini bildirir.
Zərərli proqram Windows əməliyyat sistemlərinin köhnə versiyaları, xüsusilə Microsoft-un 2014-cü ildə dəstəyi kəsdiyi Windows XP ilə çalışan cihazları hədəf alıb.
Ekspertlər bu cür hücumlardan qorunmaq üçün kompüterdəki proqramları son versiyaları ilə yeniləməyi məsləhət görürlər. Önəmli sənədlərin ehtiyatlarını bulud saxlama xidmətlərinə yükləmək lazımdır. Hər xidmətdə çətin parollardan faydalanmaq gərəkdir. Şübhəli e-mail-ləri açmaq məsləhət deyil.