ABŞ mütəxəssisləri xərçəngin insanların adətən onkoloji xəstəliklərlə əlaqələndirmədikləri əlamətlərindən danışıblar. Həkimlər geniş yayılmış, ancaq insanların adətən fikir vermədiyi 15 simptomu diqqətə çatdırıblar.
Belə simptomlardan biri davamlı öskürəkdir. Siqaret çəkən insanların bu simptoma xüsusilə diqqət yetirməsi tövsiyyə edilir.
Öskürək həftələrlə davam edirsə, yaxud da bəlğəmdə qan görünürsə dərhal həkimə müraciət etmək, bəlğəmdən analiz vermək, döş qəfəsini rentgen etdirmək lazımdır. Belə ki, uzun sürən öskürək ağ ciyər xərçənginin əlaməti ola bilər. Bu xəstəliyin digər əlamətləri sinədə ağrılar, çəkinin azalması, xroniki yorğunluq, təngnəfəslik və səsin batmasıdır.
Digər ciddi simptom köpmədir. Əgər köpmə həzm pozğunluğunun yox, onkoloji xəstəliyin əlamətidirsə, bu zaman o həm də iştahın itirilməsi, yorğunluq və bel ağrıları kimi hallarla müşayiət olunur. Qadınlarda davamlı köpmə yumurtalıqların xərçənginin əlaməti ola bilər.
Menstrual xarakterli olmayan qeyri-adi vaginal qanama da qorxulu əlamətlərdəndir. Aybaşılar arasında, yaxud cinsi əlaqədən sonra qanaxmalarınız olursa və ya qanlı ifrazat gözə dəyirsə, ginekoloqa müraciət etməlisiniz.
Döşlərdə baş verən dəyişikliklər də onkoloji xəstəliyin əlaməti ola bilər. Bu xəstəliklərin əksriyyəti onkoloji olsa da, xərçənglə əlaqəli deyil. Ancaq istənilən bərkimələr, nəzərə çarpan dəyişikliklər, döş gilələrindən mayenin axması, döşdə qızartı və ağrılar həkimə müraciət etmək üçün ciddi səbəblərdir.
Kişilərsə sidik ifrazı və eyakulyasiyada problem yaşadıqları zaman diqqətli olmalıdırlar. Həm tez-tez, həm də çətinliklə sidik ifraz etmə prostat vəzin ademonasından xəbər verə bilər. Eyni əlamətlər xərçəng xəstəliyinin də simptomları ola bilər. Bu, xüsusən də yaşlı kişilərə aiddir.
Ayaqyoluna getdiyiniz zaman sidikdə, yaxud nəcisdə qan görürsünüzsə, dərhal həkimə müraciət etməlisiniz. Əksər hallarda bu, babasilin əlamətləri olur. Ancaq bəzən düz bağırsağın xərçənginin simptomu ola bilər. Sidikdə qan isə böyrəklərin və ya sidik kisəsinin xərçənginin əlaməti ola bilər.
Qızdırma da ciddi əlamətlərdən sayılır. Əksər hallarda qızdırma orqanizmin hansısa infeksiya ilə mübarizə aparmasından xəbər verir. Ancaq nəzərə çarpacaq səbəblər olmadan temperaturun tez-tez və ya uzun müddət davam edən yüksəlməsi qan xərçənginin, limfoma, leykemiya, böyrək və qaraciyər xərçənginin əlaməti ola bilər.
İştahın azalması depressiyadan tutmuş, qripə qədər bir çox patoloji halın əlaməti ola bilər. Ancaq xərçəng xəstəliyi orqanizmin maddələr mübadiləsini dəyişməklə bu effekti verə bilər.
Bundan başqa, mədə, mədəaltı vəz, bağırsaq və yumurtalıqların xərçəngi mədəyə təzyiq edərək insanın özünü daim tox hiss etməsinə səbəb ola bilər.
Güclü yorğunluq xərçəngin ən çox yayılmış əlamətlərindən biridir. Söhbət hər birimizə tanış olan normal yorğunluqdan yox, heç vaxt bitməyən xroniki yorğunluqdan gedir. Dincəlmək və daha çox yatmaq yorğunluğunuzu azaltmırsa, mütləq həkimə müraciət etməlisiniz.
Boyunda şişkinlik infeksiya əlaməti ola bilər. Ancaq o, həm də ağız, qalxanabənzər vəz və ya qırtlaqda xərçəngin əlaməti ola bilər.
Xərçəng şişləri adətən ağrımır. Ancaq əgər yoxa çıxmayan, yaxud böyüyən şişlər varsa, mütləq həkimlə görüşməlisiniz.
Gecə tərləmələri orta yaşlı qadınlarda menopauzanın əlaməti ola bilər. Ancaq bu simptom həm də xərçəng, yaxud da infeksiyadan xəbər verə bilər.
Dəridə baş verən dəyişikliklər, məsələn, böyüyən və qalınlaşan, rəngini dəyişən, qəribə kənarları olan, karandaşın üzərindəki pozandan böyük, üzəri qabıq qoyan xal və ya ləkə dermatoloqa müraciət etmək üçün ciddi səbəbdir.
Limfa düyünlərinin şişməsi bəzən limfoma və ya leykemiyanın əlaməti ola bilər. Süd vəzilərinin xərçəngi nəticəsində isə qoltuqaltı limfa düyünləri şişə bilər. Şişkinlik bir həftə ərzində keçib getmirsə, mütləq həkimə müraciət etmək lazımdır.
Xərçəng xəstələrinin 40%-ində səbəbsiz çəki itirmə müşahidə olunur.